Diş həkimi

 

Bu dünyada hər şeyi görmüşdüm, təkcə bu yaxınlarda başıma gələn bir hadisədən başqa. Görmüşük  ki, pullu bir adam müəyyən bir ərazini götürüb özəlləşdirir, taxıl, pambıq əkir, ev tikir, bağ salır, hər nə görürsə, öz işidir, müəyyən qanun çərçivəsində öz işlərini qurur. Bu ayrı bir məsələ...

 

Bir də görmüşük ki, şairin oğlu şair, həkimin oğlu həkim, professorun oğlu professor olur. Bu da yenə ayrı  bir məsələ.

 

Bir də var ki, diş həkimi sənin ağzındakı dişləri özəlləşdirə. Əlqərəz, keçək əsas məsələyə. Kəndçimiz, həm bir az uzaq qohum, həm də tay-tuşum, məktəbdaşım  bir diş həkimi var rayonumuzda. İnsafən, pis həkim deyil.  Bizim kənddə arvadların hamısının dişi qızıldır. Hamısını da o düzəldib. Haqqında yaxşı sözlər danışırlar. Deyirlər ki, bir pis cəhəti var. Hirslidir. Əgər uşağın dişini çəkirsə, uşaq ağladısa, lap bərkdən hirslənir. Yeri gələndə, uşağı vurur. Böyüklərə də təpinir. Bizim tərəflərdə deyirlər ki, belə hirsli həkimlər savadlı olur, çox oxumaqdan, çox bilməkdən başlarında gərginlik yaranır. Məsələn, biz sadəcə, diş  haqqında düşünürüksə, o gözün alt istiqamətində yerləşən dişin  gözlə  sinir əlaqələrini fikirləşir. Bu cür əlaqələri düşünmək həkimin sinirlərinə toxunur. Bir sözlə, seyid cəddinə inanan  kimi, bizim tərəflərdə  hamı həkimin  hirsinə  inanır. Sakit, təmkinli  həkimi savadlı hesab eləmirlər. Bir sözlə, gərək  həkim hirsli ola ki, savadlı ola.

 

Günlərin bir günü,  ağıl dişimdən elə  bir ağrı tutdu ki, az qala, ağlım başımdan çıxa. Dişim ağzımda qurd  kimi ulayır. Həyətdə  o yana-bu yana qaçıram. Bir yerdə dayana bilmirəm. Oturub qalxıram. Axırda yoldaşım dedi ki, daha niyə özünü öldürürsən, həkim qulağımızın dibindədi, get dişini çəkdir. Dedim, bu vaxt xəstəxana bağlanmış olar. Dedi, nə olsun, Məmməd həkim həyətində  özünə  elə bir diş kabineti düzəldib ki, özəl  klinikalar onun yanında yalandır, dur gedək. Açığı ürəkləndim, Məmməd həkim özgə deyil, kəndçim, məktəbdaşım, uzaq qohum bir sözlə, tərəkəmələr demiş, öz əmioğlum.

 

Qapını döyürük. Məmməd həkim qapını açır. Qucaqlaşıb öpüşürük. Ünsiyyət yaratmaq üçün  bir iki  dost-tanış haqqında soruşuram.  Suriyadan-zaddan söhbət salıram ki, aralıqda şirinlik yaransın. Məmməd həkimin fikri məndə deyil heç. Şkafın içində nəyisə eşələyir. Qəfil mən tərəfə çevrilir.

 

- Aç ağzını.

 

Məmməd həkim   dişlərimə baxan kimi deyir, dur ayağa, mən sənin dişlərini çəkə bilmərəm.

 

- Niyə?

 

- Sən o qabaqdakı  qızıl dişi hansı həkimə  düzəltdirmisən?

 

- Elşən həkimə.

 

- Get Elşən həkim də sənin dişini çəksin.

 

- Sən onda rayonda yox idin.

 

- Gözləyəydin. Bəs o qızıl dişin yanındakı dişi kimə çəkdirmisən?

 

- Zaur həkimə.

 

- Get dişini Zaur həkim çəksin.

 

Nəsə, Məmməd həkim məni çıxartdı çölə. Tez qapını  azca aralayıb  Məmməd həkimə əmoğlu kimi yenə xahiş elədim ki, məni bağışla. Dişimi çək, ölürəm. İndən belə  nə dişim var, sənə çəkdirəcəyəm.

 

Məmməd həkimin ağzı açıldı, nə açıldı.

 

- Sənin atanın, ananın, bacının, qardaşının   dişlərinin hamısını mən çəkmişəm. sonra  dişlərini qızıldan qoymuşam. Dayının, əminin dişlərini, bir sözlə,   Nəcəfovların diş məsələlərini  mən görmüşəm. İndi sən öz kəndçini, əmioğlunu burda qoyub, gedib yad oğlu yada iş gördürürsən.

 

Məmməd həkim qapını nətər çəkib örtdüsə,  dişim ağrıdan hönkürdü. Bir də qapını  azca araladım.

 

- Məmməd həkim, bağışla məni, söz verirəm ki, bütün dişlərim sənə çəkdirəcəm. Balaca iki oğlum bir qızım var, onların da  dişləri  sənlikdi, sən çəkib, sən düzəldərsən. Xahiş edirəm,  çək mənim dişimi.

 

Məmməd  həkim  qapını yenə sərt şəkildə çəkib örtdü. Dişim qeyrətə gəlib susdu. Düşündüm ki, adam torpaq, mülk, obyekt  özəlləşdirər, daha diş yox.  Sən demə  nəslimin dişlərini Məmməd həkim özəlləşdiribmiş. Biz də bunu hardan bilək?

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>