9 yaşında böyrəyini itirən Sərvan və itməyən xeyirxahlıq: “Bu əllərimlə ödəyərəm” – BAKIDA AİLƏ DRAMI

Palataya birlikdə keçirik. Yataqda yatan oğluna yaxınlaşıb, əlindəki banan, salfet olan sellofandan ağ qutuda nəsə çıxarır. “Al, bu da sənin planşetin!” - deyib, qutudakı planşeti Sərvana uzadır. Günlərdi yataqda yatmaqdan və əməliyyat ağrılarından bezikmiş Sərvanın çöhrəsinə işıq gəlir. Sağ qolundakı sistem iynəsi sağ əlini işlətməyə imkan vermir. Sol əliylə planşeti yandırır. Atasının öncədən yazdırdığı oyunlardan birini qurur. Oynadıqca gülür, qaşlarını çatır. Bədənini tərpədəndə yüngülcə inildəyir.

 

Bu ailə haqqında Lent.az-da geniş məqalə getmişdi (http://news.lent.az/news/276863). Yazını oxumayanlara qısa məlumat verək. Ailə həddindən artıq kasıbdır. Balaxanıda dəmir konstruksiyada yaşayırlar. İki övladları var: Salman və Sərvan. Salmanın 11, Sərvanın 9 yaşı var. 3 gün əvvəl ağır əməliyyat keçirib. Sol böyrəyi çıxarılıb.

 

Anası Təhminə Sərvanın ağrılarının hələ körpəlikdən başladığını xatırladır. Mütəmadi qızdırması olurmuş. 2 yaşına qədər 3 saylı Şəhər Klinik Xəstəxanasında “bağırsağında mikrob var” deyərək, müalicə yazıblar. 6 yaşı olanda sidiyində qan görünüb. Bu dəfə də onu güclü soyuqdəyməyə görə müalicə ediblər. Bu müalicədən sonra uşağın böyrəklə bağlı şikayətləri yoxa çıxır. Ta ki, bir həftə əvvələ qədər.  

 

Təhminə deyir, axşam dərsdən gələndə sol tərəfini tutub ağlayırmış. Həmin gün səhərə qədər uşaq yata bilməyib. Ağrıdan yatağında sağa-sola qıvrılıb. Səhər açılan kimi atası Qədir uşağı yaxınlıqdakı xəstəxanaya aparırlar.

 

- Bütün gecəni qaytardı. Səhər gətirdik Sabunçu xəstəxanasına. Aparata saldılar. Əvvəl dedilər, hər iki böyrəyi də işləmir. Dəli olduq. Bizi göndərdilər Cavadzadəyə. Burda təkrar ultrasəs müayinəsi etdilər. Eyni şeyi dedilər. Həkim dedi, uşaq mütləq xəstəxanada yatmalıdır. Qan, sidik analizi götürdülər.

 

Cavab həkimi də təəccübləndirir. Analizin cavabı ilə USM-in cavabı üst-üstə gəlmir. Məlum olur ki, Sərvanın ancaq sol böyrəyi sıradan çıxıb. Sağ böyrəyin daş olsa da, əməliyyat etmədən, düzgün müalicə ilə o daşı parçalamaq olar. Sol böyrək işə şişib. O qədər şişib ki, uşaq qəfil yıxılsa, ya böyrünə bərk zərbə alsa, böyrək içəridə partlayacaq. Bu zaman 9 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayacaq. Sol böyrək təcili əməliyyat olub çıxarılmalıdır.

 

Lent.az-da ailənin durumu və uşağın xilas olunması üçün təcili əməliyyata ehtiyacı olması barədə yazılanlar xeyirxah insanların diqqətini çəkib və onların dəstəyi ilə ailə əməliyyat xərclərindən azad olunub (Bu yerdə yazılarımıza və bu imkansız ailəyə göstərdikləri maddi və mənəvi dəstəyə görə həmin şəxslərə minnətdarlığımızı bildiririk – Lent.az redaksiyası). Bir neçə gün xəstəxanada müalicə alan Sərvan iyunun 14-də Cavadzadə adına Respublika Uroloji Klinikasında əməliyyat olunub. Əməliyyatı xəstəxananın görkəmli professoru Eldar Hüseynov edib. Əməliyyat 1 saat çəkib. Artıq Sərvan yatağında oturur, istədiyi yeməkləri yeyir. Hətta bu gündən gəzə də biləcək. Yaranın yüngül ağrıları da zaman içində keçəcək. 20 gün sonra isə sağ böyrəyin müalicəsinə başlanılacaq. 

 

Əməliyyat dövlət xəstəxanasında pulsuz keçirilib. Xəstəxananın şəraitindən danışanda Qədir heyrətlə “hətta qızıl balıq da verirlər. Elə bil sanatoriyadasan”, deyir. Bundan başqa, xeyirxah insanlar da ailəyə çox köməklik edib. Həyat yoldaşı deyir, həyatımızda ilk dəfədir maddi yox, mənəvi əziyyət çəkdik. Analizlərin cavabı çıxana qədər çox həyəcan keçirdik.

 

Qədir onlara yardım edənlərin siyahısını tutub. Cibindəki əl boyda bloknotu çıxarıb, vərəqləyir. Baxın, 800 manat, 10 manat, 30 manat, 20 manat, 140 manat, 300 manat,...

 

- Bu yaşa qədər dünyanı görə-görə gəlmişəm. APA Holdinqin, Lent.az-ın mənə yaxşılığını əsla unutmaram. Vüsalə xanıma minnətdaram. Bizə göstərdiyi maddi və mənəvi dəstəyə görə millət vəkili Adil Əliyevə minnətdarlığımı bildirirəm. Çox sağ olsun. Eləcə də bu işə köməyi keçmiş digər insanlara. 10 nəfərə yaxındılar. Moskvadan Oktay müəllim zəng eləmişdi. Dedi, 800 manat yollayıram. Lazım gəlsə, Sərvana lap böyrək də alarıq, ürəyini üzmə. Cabbar həkim 300 manat verib. Hamısını yazmışam ki, unutmayım. Sabah şəhərdə qarşılaşa bilərik.

 

Səsi titrəyir, gözləri yaşayır. İlk dəfədi onu ağlayan görürdüm. Ağlayaraq sözünə davam edir. Hər iki əllərini açıb mənə göstərir.

 

- Maddi imkanım olmasa da, əllərim var. Sabah hansınınsa evində iş ola bilər. Bu əllərimin zəhmətilə ödəyərəm borcumu...

 

Həkimlər Sərvanın hazırkı vəziyyətini kafi hesab edir. Bu gedişlə, 10 günə xəstəxanadan evə buraxılacaq. O evə ki, orada 9 yaşlı uşaq şəraitsizlikdən böyrəyinin birini itirdi...

 

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>