İlham Əliyevdən Minsk Qrupuna mesaj - AKTUAL ŞƏRH

 

Dünyanın qaynayan nöqtələrinin sayı artır. Hər bir yeni münaqişə Dağlıq Qarabağ düyününü sanki dünyanın gündəliyində geri atır.

 

Sözsüz ki, indi dünyanın əsas diqqət yetirdiyi qaynar nöqtə Suriya, İŞİD-in at oynatdığı ərazilər (o cümlədən İraq) və Ukraynanın nəzarətindən çıxan bölgələrdir. Əslində bunun çox ciddi səbəbləri var. Həm Suriyada və İraqda, həm də Ukraynada dünyanın güc mərkəzlərinin maraqları toqquşur və bu toqquşma, sözsüz ki, müəyyən hərəkətlilik yaradır. Və bu hərəkətlilik münaqişəni dünyanın gündəmində ön cərgəyə çıxarır.

 

Və dünyanın bütün bu münaqişəli və mübahisəli nöqtələrindən biri də təbii ki, Dağlıq Qarabağ və ətrafındakı rayonlardır. Hüquqi baxımdan Azərbaycanın ərazisi olan, lakin faktiki Ermənistanın nəzarətində olan bu bölgənin taleyi 24 ildir ki, qeyri-müəyyəndir.

 

Yaranmış bu qeyri-müəyyənliyi çözmək üçün 25 ildir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının təşkil etdiyi Minsk konfransında təsis olunan Minsk Qrupu fəaliyyət göstərir. Amma hazırda əsas oyunçular olan həmsədr dövlətlər Rusiya, ABŞ və Fransa münaqişənin həlli üçün faktiki olaraq heç nə etmirlər.

 

Çox maraqlı bir situasiya yaranıb.

 

Rusiya, ABŞ və Avropa İttifaqının təmsilçisi olaraq Fransanın Dağlıq Qarabağ münaqişəsində maraqları toqquşmur. Yaranmış situasiya hər üç güc mərkəzini qane edir. Buna görə də münaqişənin həll olunmamasına baxmayaraq, həmsədr ölkələrdən heç biri status-kvonu dəyişməkdə maraqlı görünmür.

 

Təbii ki, bunun müxtəlif səbəbləri var. Özəl maraqlar, Azərbaycana və Ermənistana yanaşmada ikili standartlar və sairə.

 

Atəşkəsin belə uzunmüddətli olması və bölgədə münaqişədən kənar ərazilərdə sabitliyin mövcudluğu da həmsədr ölkələrin maraqlarının toqquşmamağının təzahürlərindən biridir.  
 

Amma yuxarıda deyildiyi kimi, bu təzahür həm də münaqişənin uzanması və hətta dondurulmasına cəhdlər edilməsi kimi təhlükəli tendensiyalara stimul verir.

 

Sözsüz ki, yaranmış situasiyada Minsk Qrupu ölkələrinin maraqları Ermənistanın maraqları ilə tam üst-üstə düşür. Çünki münaqişənin həllindən sonra nə etmək sualı Domokl qılıncı kimi Ermənistanın başı üzərində asılıb qalıb. Doğurdan da, bir anlıq təsəvvür edək ki, münaqişə həll olub. İki ölkə arasında hər şey aydınlaşıb. Belə situasiyada Ermənistan siyasi elitası düşdüyü bataqlığı öz vətəndaşına əsaslandırmaq üçün “əcinnə obrazından” məhrum olacaq. Vətəndaşının ağır durumunda günahkar hesab ediləcək biri olmayanda Ermənistan siyasi elitası çox gülünc vəziyyətə düşəcək.

 

Sözsüz ki, Azərbaycanın status-kvonu dəyişmək, münaqişəni həll etmək istəyi var, sözsüz ki, Azərbaycanın öz vətəndaşına sahib çıxmaq imkanı var. Münaqişənin həllinin uzanması təbii ki, həm dövlət, həm də vətəndaş üçün arzuolunmazdır. Amma Azərbaycan bu situasiyanı dəyişmək istəyini həmişə açıq şəkildə ortaya qoyur.

 

Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana, daha sonra Dağlıq Qarabağa səfər elədi. Bir neçə gün sonra isə həmsədrlər Bakıya gələcək.

Və bu səfər ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev bərpa olunan Cocuq Mərcanlıya səfər elədi.

 

Doğrudur, ölkə prezidenti istənilən vaxt, istənilən bölgəyə səfər edə bilər. Amma ətrafımıza bir az daha açıq gözlə baxsaq, görərik ki, Cocuq Mərcanlıya səfərlə Minsk Qrupu həmsədrlərinin səfərlərinin vaxtı təsadüfən ardıcıl düşməyib.
 

Yenidən qurulan Cocuq Mərcanlıya səfərində Azərbaycan Prezidenti mövqeyini ortaya qoydu və həm Minsk Qrupunun üzvü olan dövlətlərə, həm də Ermənistana bir mesaj verdi:

 

Azərbaycan heç bir şərtlə ərazilərini alver obyektinə çevrilməsinə imkan verməyəcək.

Azərbaycan qarış-qarış da olsa, torpaqlarına sahibliyini bərpa edəcək.

Azərbaycan Qarabağı azad etdikdən sonra həm də bərpa edəcək.

 

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>