Bələdiyyə üzvləri bundan sonra belə davranmalıdı - SƏRƏNCAM

Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, bu Qanun bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Bu Qanun bələdiyyə üzvü olan bütün şəxslərə şamil edilir.

 

 

Qanuna görə, hər bir bələdiyyə üzvü qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur.

 

Qanunun məqsədləri  aşağıdakılardan ibarətdir:

2.0.1. yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi;

2.0.2. yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.0.3. yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması;

2.0.4. bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

2.0.5. bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

2.0.6. yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi.

 

Qanuna görə, bələdiyyə üzvlərinin əməl etməli olduğu etik davranış qaydalarına aşağıdakılar daxildir:

 

Maddə 3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

3.1. Bələdiyyə üzvü etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir.

3.2. Bələdiyyə üzvü öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkarlıqla həyata keçirməyə və yerli özünüidarə orqanının fəaliyyətində fəal iştirak etməyə borcludur.

3.3. Şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları uğrunda bələdiyyə üzvü öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.

Maddə 4. Loyallıq

4.1. Bələdiyyə üzvü vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin və digər bələdiyyə üzvlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə üzvünün elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.

4.2. Bələdiyyə üzvü vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Maddə 5. İnsan hüquq və azadlıqlarına, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət

5.1. Bələdiyyə üzvünün fəaliyyəti insan hüquq və azadlıqlarının, şəxslərin qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir.

5.2. Bələdiyyə üzvü insan hüquq və azadlıqlarını, şəxslərin qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir.

5.3. Bələdiyyə üzvü vəzifələrinin icrası ilə bağlı insanların, habelə digər bələdiyyə üzvlərinin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

5.4. Bələdiyyə üzvü hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir.

Maddə 6. Mədəni davranış

6.1. Bələdiyyə üzvü bütün şəxslərlə, o cümlədən bələdiyyə qulluqçuları və vətəndaşlarla münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli və qərəzsiz olmalı, haqsız irad tutmamalı, kobudluq etməməlidir.

6.2. Bələdiyyə üzvü bələdiyyə iclaslarının keçirilməsinə və gedişinə mane olan davranış və hərəkətlərdən çəkinməli, iclasın anlaşıqlı və işgüzar şəraitdə keçirilməsinə çalışmalıdır.

Maddə 7. Qərəzsizlik

7.1. Bələdiyyə üzvü vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən, qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

7.2. Bələdiyyə üzvü özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrinin yerinə yetirilməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

Maddə 8. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

8.1. Bələdiyyə üzvünün qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.

8.2. Bələdiyyə üzvü onun hərəkətlərinin (hərəkətsizliyinin) maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Maddə 9. Korrupsiyanın qarşısının alınması

Bələdiyyə üzvünə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, o, belə təkliflərdən imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə üzvündən asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə növbəti bələdiyyə iclasında bələdiyyə üzvlərinə məlumat verməli, maddi nemətlər akt üzrə bələdiyyəyə təhvil verilməlidir.

Maddə 10. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

10.1. Bələdiyyə üzvü vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası qarşılığında mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

10.2. Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini öyrənməlidir.

Maddə 11. Maraqlar toqquşmasının qarşısının alınması

11.1. Bələdiyyə üzvü fəaliyyəti dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

11.2. Bələdiyyə üzvü başqa vəzifəyə keçməklə əlaqədar ona verilən təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə bələdiyyə iclasına məlumat verməlidir.

11.3. Bələdiyyə üzvü etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktları bilməlidir.

Maddə 12. Əmlakdan istifadə

12.1. Bələdiyyə üzvü istifadəsində olan bələdiyyə əmlakından və maliyyə vəsaitlərindən qənaətlə və səmərəli istifadə etməlidir.

12.2. Bələdiyyə üzvünə bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən şəxsi maraqları naminə, habelə vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Maddə 13. Məlumatlardan istifadə

13.1. Bələdiyyə üzvü yerli özünüidarə orqanında xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

13.2. Bələdiyyə üzvü fəaliyyəti zamanı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə etməməlidir.

Maddə 14. İctimai və siyasi fəaliyyət

14.1. Bələdiyyə üzvünün ictimai və siyasi fəaliyyəti, yaxud ictimai birliklərə və ya siyasi partiyalara mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

14.2. Bələdiyyə üzvü səlahiyyətlərindən istifadə edərək, digər bələdiyyə üzvlərini və ya qulluqçularını ictimai birliklərin və ya siyasi partiyaların, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

14.3. Bələdiyyə üzvünə bələdiyyə orqanlarında ictimai birliklərin və siyasi partiyaların (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

14.4. Bələdiyyə üzvünə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etməsi qadağandır.

 

Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir.

15.2. Bələdiyyənin sədri:

15.2.1. öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməlidir;

15.2.2. bələdiyyə üzvlərini hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətə və qərarlar qəbul etməyə sövq etməməlidir;

15.2.3. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;

15.2.4. bələdiyyə üzvlərinə etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl edilməsinə dair onlara tövsiyələr verməlidir;

15.2.5. etik davranış qaydalarını pozan bələdiyyə üzvlərinin intizam məsuliyyətinə cəlb edilməsi məqsədi ilə müvafiq məsələnin bələdiyyə iclasında müzakirəyə çıxarılması üçün tədbirlər görməlidir;

15.2.6. vətəndaşları və hüquqi şəxsləri etik davranış qaydaları, eləcə də bələdiyyə üzvlərinin həmin qaydalara əməl etməsini tələb etmək hüququna malik olduqları barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir;

15.2.7. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, hüquqi şəxsləri və bələdiyyə üzvlərini məlumatlandırmalıdır;

15.2.8. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə bələdiyyəyə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

15.3. Bələdiyyə üzvü tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək üçün bələdiyyə üzvlərinin davranışının etik normalara uyğunluğu ildə bir dəfədən az olmayaraq, bələdiyyə iclasında müzakirə edilməli və nəticəsi üzrə tədbirlər görülməlidir.

Maddə 16. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

16.1. Etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

 

16.2. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

16.2.1. bu Qanunun müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət, yaxud digər məlumatın daxil olması;

16.2.2. kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu Qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi.

16.3. İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir.

 

Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:

17.1.1. xəbərdarlıq;

17.1.2. töhmət.

17.2. İntizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.

17.3. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.

17.4. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir.

LENT

25 İyun 2017
24 İyun 2017

Digər xəbərlər >>>