Azərbaycanda şagirdlərdən “Son zəng” günü möhtəşəm addım - VİDEO

 

Azərbaycan məktəblərindən birində XI sinif məzunları “Son zəng” tədbirində unikal davranışla yadda qalıblar.

 

 

Lent.az-ın məlumatına görə, iyunun 14-də Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin XI sinif şagirdləri “Son zəng” günündə Azərbaycan əsgərinə məktub yazıblar.

 

Məktubun mətni belədir:

 

“Salam Azərbaycan əsgəri! Bu məktubu sizə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin XI sinif məzunları yazır. Bir neçə gün əvvəl son zəng proqramına hazırlaşarkən belə qərara gəldik ki, Azərbaycan əsgərinə məktub yazıb onları ruhlandırmaqla bərabər, əmin edək ki, sizin ardınızca yeni vətənpərvər nəsil yetişir. Əsgər deyərkən qulluq mövqeyindən, vəzifəsindən asılı olmayaraq, zabit və gizir heyətindən tutmuş, sıravi əsgərədək hərbi forma geyinib vətənin keşiyində mərdi-mərdanə düşmənlə üz-üzə dayanmış Azərbaycan oğullarını nəzərdə tuturuq. Hər birinizə, qəlbində vətən sevgisi, arzusu torpaqlarımızın azadlığı olan bizlərdən, əldə silah soyuq səngərdə döyüş mövqeyində düşmənlə üz-üzə mətin dayanmış sizlərə SALAMLAR OLSUN! Başının üstündə dalğalanan üç rəngli bayrağın, sərhədlərini qoruduğun torpağın keşiyində dayanmaq şərəfli və məsuliyyətli vəzifədir. Bu şərəfi yaşamaq hər kişiyə nəsib olmur. Müstəqillik əldə etdiyimiz vaxtdan bəri yüzlərlə vətən oğlu şərfli xidməti ilə adını tarixə yazmış, torpaqlarımızın müdafiəsində canından belə keçməyə cəsarət tapmışlar. Biz bilirik ki, ordunun əsas gücü onun döyüşən əsgərlərinin vətənpərvərliyindədir. Son Aprel döyüşlərində sizin şücaətiniz və vətənpərvərliyiniz, döyüş ruhunuzun yüksək səviyyəsi bir daha vətənin etibarlı, əmin əllərdə olduğunu göstərdi. Ali Baş Komandanın və xalqımızın böyük etimadını doğrultduğunuz üçün sizlərə GƏNCLİK adından təşəkkür edirik! Sizin uğurlarınız bizləri də itirilmiş torpaqlarımızın azadlığı uğrunda mübariz yetişməyə həvəsləndirdi. Əmin ola bilərsiniz ki, sizin ardınızca xalqını sevən, milli dəyərlərə söykənən, haqqını bilib onu tələb etməyi bacaran, vətənpərvər yeni bir nəsil yetişir ki, sizin uğurları davam etdirsin”.

 

Şagirdlər məktubu Məhəmməd Əmin Rəsulzadənin “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” şeiri ilə bitiriblər.

 

Qeyd edək ki, Azərbaycan əsgərinə məktub yazmaq kampaniyası davam edir. Əgər sən də əsgərimizə ürək sözlərini yazmaq istəyirsənsə, esgeremektub.com saytına daxil ol və qəhrəman Azərbaycan oğullarına dəstəyini ifadə elə.

 

Məktublarınız 26 iyun – Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

 

Esgeremektub.com saytında eyni zamanda feysbukda profil şəklinizi də 26 - iyun Silahlı Qüvvələr Günü üçün xüsusi hazırlanmış “İgid əsgər, möhkəm dayan!” şüarlı çərçivə ilə bəzəyə bilərsiniz.

 

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>