Sizin link burada

“Yanğın siqnalı gəldi, gördüm bizim evin ünvanıdır...” - OD İÇİNDƏ YAŞAYAN ADAMIN HEKAYƏTİ

Qəfil çalınan həyəcan siqnalı söhbətimizi yarıda qoyur. Müsahibim yanğın baş verdiyini deyərək sürətlə qapıya tərəf hərəkət edir. Ardınca da biz. Mən və fotoqrafımız Sabir. Qaçaqaç başlamışdı. Yanğınsöndürənlərə mane olmamaq üçün kənara çəkilirik.

 

Aşağı çatanda iki yanğınsöndürən maşın artıq qarajdan çıxırdı. Peşə marağı üstün gəlir, ünvanı öyrənib, onların ardınca yollanırıq.

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən yenicə aralanmışdıq ki, tıxaca düşdük. Qarşıda maşınların arasında yanğınsöndürən maşın qızarır. Nəhəng maşın tıxacı yara-yara irəliləyir və gözdən itirdi.

 

Şərifzadə 1-ə çatanda alov binanı bürümüşdü. Yaxınlaşmaq mümkün deyildi. Göydən başımıza od tökülürdü. Yanğınsöndürənlər işə başlamışdılar. Hərəsinin əlində bir şlanq yanğını söndürməyə çalışırdı. Alov isə getdikcə böyüyürdü.

 

İnsanlar təşviş içində qışqırır, ağlayır, yanğınsöndürənlərdən kömək istəyirdilər. Bina əvvəllər Texniki Universitetinin tələbələrinin yataqxanası olub. Hazırda məcburi köçkünlər məskunlaşıb. 25 il əvvəl yurdlarından köçkün düşmüş bu insanlar ikinci dəfə evsiz qalırdı. Bu illər ərzində min bir zülmlə qurduqları evləri gözlərinin önündə yanıb kül olurdu. Ağlayır, qışqırır, fəryad qoparırdılar. Bəli, söhbət iyunun 7-də Bakının Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın hadisəsindən gedir. Məhz həmin gün, hələ səhər tezdən, o yataqxanada həyat öz axarıyla davam edərkən Lent.az-ın əməkdaşı Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsində yanğınsöndürənlə müsahibəyə hazırlaşırdı. Biz yanğından xəbərsiz, yanğında, necə deyərlər, bizdən xəbərsiz... Mövzunun üstünə gəlmişdi xəbər. O acı xəbər...

 

***

 

Dəqiqələr keçdikcə yanğın daha da güclənirdi. Dəstək üçün daha bir neçə yanğınsöndürən briqadası gəlmişdi. Lakin maşınlar binaya yaxınlaşa bilmirdi. Sakinlər tərəfindən tikilmiş əlavə tikililər maşınların binaya yaxınlaşmasına imkan vermir. Məcbur aralıda saxlayıb, uzaq məsafədən xətt açılmışdı. Sakinlərin məsuliyyətsizliyi yanğınsöndürənlərin işini çətinləşdirmişdi. Çətinliyə rəğmən yanğınsöndürənlər alovla mübarizə aparırdılar. Aşağıdan yuxarı alovun üstünə şırnaqla su vurur, yanan binaya daxil olmağa çalışırdılar.

 

Yanğın haqda eşidib gələnləri qonşuları sakitləşdirir: “Qorxma, sizinkilər içəridə yoxdu”, “Narahat olma, anan içəridə deyil”, “Ağlama, balaların yaxşıdı”. Bu sözlərdən sakitləşməyənlər də var. Özünü qaldırıb yerə çırpır, üzünü cırır, dizini döyüb oğlunu, qızını çağırır. Dərsdən gələn tələbə qız evlərinin yandığını görüb, yerə çökür. Kişilər var – gücüylə qapıdakı polis baryerini yarıb içəri keçməyə çalışır. Yanğından qurtulanlara gələn zənglərin ardı kəsilmir. Eşidən zəng edib hallarını soruşur. Bir qız yanmış eyvanın altında durub, atasını çağırır...

 

Üçüncü mərtəbədə yaşlı bir qadın qalıb. Binanın gəncləri yanğın təzə qızışmağa başlayanda hər kəsi içəridən çıxarmağa çalışıb. Təkcə Xanım xalanı çıxara bilməyiblər. Təzə aldığı televizorsuz çıxmaq istəməyib, qalıb içəridə. Xanım xalanın pəncərədən görünən əli yenicə sakitləşmiş kütlədə səs-küy yaradır. Ağız deyəni qulaq eşitmir. Tüstü öz işini görmüşdü. Qadın başını pəncərənin taxtasına söykəmişdi. Hərdən gücünü toplayıb, başını qaldırır, aşağıdakılara əl edir.

 

İki yanğınsöndürən pəncərəyə nərdivan dayayıb, yuxarı dırmaşır. İkinci mərtəbəyə çatmışdılar ki, Xanım xalanın pəncərəsində ikinci şəxs görünür. Başqa bir yanğınsöndürən yaşlı qadını xilas edir. Aşağıdakılar qəhrəman yanğınsöndürəni alqışlayır.

 

Təxminən yarım saat ərzində yanğın tamam söndürüldü. Evləri yanmış sakinlər yavaş-yavaş binanın həyətinə toplaşırlar. Hamısı yorğun, hamısı tükənmiş. Kül olmuş evləri ilə yanaşı ümidləri də yanmışdı. Beləcə, 16 ailə yenidən evsiz qaldı...

 

***

 

Yanğınsöndürənlər bir-bir binadan çıxır. Məlum olur ki, mülki geyimdə olan xeyli yanğınsöndürən var. Yanğın haqda eşidən birbaşa hadisə yerinə gəlib. Başdan-ayağa his içində olan biri mənə yaxınlaşır. Baş geyimini çıxarıb:

 

- Bu da sizə bizim işimiz. Canlı gördünüz... – deyir.

 

Bu, həyəcan siqnalı çalınana qədər peşəsi haqda söhbət etdiyimiz həmin yanğınsöndürən idi. Yasamal rayonunun Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Ağayev Hüseyn.

 

***

 

Ağayevin 36 yaşı var. 7 ildir ki, Yanğından Mühafizə Xidmətində xidmət edir. Bu peşəni seçməsinin maraqlı tarixçəsi var. 5-6 yaşı olanda qonşularının evi yanıb. Qonşunun oğlu Vasif evdə tək qalıb, pərdəni kibritlə alışdırıb. Alov pərdədən evə keçib. Vasif də içəridə qalıb. 2-3 maşın yanğın söndürənlər gəlib. Yanğınsöndürənlər alovla vuruşa-vuruşa içəri girib Vasifi çıxardıblar. Bu epizod Hüseynin gələcəkdə yanğınsöndürən olması üçün kifayət edib. İllər keçib, o uşaq böyüyüb, onunla bərabər arzusu da böyüyüb. Bir neçə peşə sınayıb, sonda özünü burda tapıb. “İşlədikcə işimi daha çox sevməyə başladım”, deyir.

 

Geriyə - hissəyə qayıdırıq. Söhbətimizə qaldığımız yerdən davam edirik. Hisli-paslı paltarlarımızla.

 

İlk işini soruşuram. Yanğından bəri gərgin olan çöhrəsinə təbəssüm gəlir.

 

- Köməkçi yanğınsöndürən kimi hadisə yerinə getmişdim. Bağçanın həyətindən quru ot yanırdı. Qocaman əməkdaşla getmişdik. Mənə dedilər, sən de get, şlanqı açmağa-dolamağa kömək edərsən. Orda məndən soruşdular, tuta bilərsən şlanqı? Dedim, niyə bilmirəm?! Ondan əvvəldə 1-2 dəfə şlanq tutmuşdum, bilirdim. Zamanla təcrübə yığdım, daha məsuliyyətli əməliyyatlara göndərdilər məni.  

 

- Yaddaşınızda qalan ən güclü yanğın hansı olub?

 

- “Sovetski”də yanğın vardı. Həyətə girə bilmirdik. Məhəllə çox dar, üstəlik də sakinlər maşınları çox səliqəsiz park eləmişdilər. Hadisə yerinə 100 metr qalmış maşın artıq irəliləyə bilmədi. Yanğın böyüyürdü. Qərar qəbul olundu ki, xətt ora çəkilsin. Onda çox əziyyət çəkdik. Üstümüzdə 10-15 kiloluq paltarla qaçmaq çox çətindi. Bir-birinə yapışıq 10-15 mənzil vardı. Ləngimək olmazdı. Artıq alov 2-3 mənzilə keçmişdi. Yanan mənzillərdə iki nəfər qalmışdı. Biri orta yaşlı kişi, digəri yaşlı qadın. Yanğının qarşısı alınsa da, pilləkənlərdən düşmək təhlükəli idi. Çox hissəsi yanmışdı. Evin divarlarının hərarəti də çox yüksək idi. İnsanları təcili təxliyə etməli idik. İnsan o istidə 5 dəqiqə atıq qalsa, ciyərləri partlaya bilərdi. Avtonərdivan aça bilmədik. Elektrik naqillərinin kor-koranə çəkilməsi maşınımızın binaya yaxınlaşmağına imkan verməmişdi. Vaxt itirə bilməzdik. Kişi huşunu itirmişdi. Təcili evdən çıxarılmalıydı. İkinci mərtəbədə idik. Rəhbərlik tərəfindən qərar qəbul edildi, qonşunun damına nərdivan atdıq, körpü yaratdıq. Kişini xərəyə bağladıq. Xərəyi nərdivanın üstündə dizi üstə sürünə-sürünə o biri binaya keçirdik. Sonra yaşlı qadını xilas etdik. O isə üçüncü mərtəbədəydi. 120-130 kilo çəkisi olardı. İsrar edirdi ki, nərdivan gətirək, elə düşsün. Başa sala bilmirdik ki, maşın binaya yaxınlaşa bilmir. Qadın əlil idi. Yeriyə bilmirdi. Mütləq qucaqda düşürməliydik. Onu əlil arabasından götürüb, adi stula bağladıq. Sonra stulu çiynimizə alıb yanmış pilləkənlə aşağı düşürdük. Bir nəfər öndə, biri arxada. Mən arxada gedirdim. Əlavə iki nəfər də bizi müşayiət edirdi. Ayağımız büdrəsə, bizi saxlamaq üçün. Özümüz heç, yıxılsaq, qadın da yıxılacaqdı. Birtəhər qadını içəridən çıxardıq. O dəhşətli hadisə yadımdan heç vaxt çıxmayacaq.

 

- Xilas etdiyiniz insanlarla sonra görüşürsünüz?

 

- Yox. Heç üzləri yadımda da qalmayıb. Həmin anda adam üzünə fikir vermir. Rastlaşsam da tanımaram.

 

Bir qədər fikirləşdikdən sonra əlavə edir.

 

- Amma bir ailə var, hərdən yadıma düşür. 158 saylı məktəbin yanında yanğın vardı. Qadın çıxmışdı, qızı içəridə qalmışdı. Qızın 18-20 yaşı olardı. Mətbəxdən yanğın dəhlizə qədər yayılmışdı. Qızın xırıltılı ağlamağı bu günə qədər yadımdadır. Pişiyi içəridə qalıb ölmüşdü.

 

- İçəridə tək pişik qalsa, xilas etməyə çalışardınız?

 

- Əlbəttə! Bir dəfə xilas etmişəm də. Mətbəxin yandığını görüb ailə çölə çıxmışdı, pişik içəridə qalmışdı. Hadisə yerinə çatanda ailə başladı dil tökməyə ki, xahiş edirik, piyimizi xilas edin. O da canlıdır. Ona qarşı laqeydlik etdiyimi də deməzdim. Döyüş xətti açıldı, eyni çevikliklə içəri daxil olub pişiyi xilas etdik. Pişik yataq otağında yatağın altında gizlənmişdi. Onu ailəyə təhvil verəndə çox sevinmişdilər.

 

- Evdəkilərə yanğın tətbiqatı keçirirsiniz?

 

- Allah göstərməsin! Hə, yanğın olarsa, əlavə çıxışları göstərmişəm. Hər şey ola bilər. Səhər saat 6 idi. Növbədə idim. Həyəcan siqnalı ilə yola çıxdıq. Maşında növbə rəisi ünvanı elan etdi: Vasif Əliyev küçəsi, Tibb Texnikumu ilə üzbəüz. Mən də arxada oturmuşam. Baxdım, bizim ünvandı. Dəli oldum. İraq olsun, ya bizim evdi, ya əmimgil. Onlar da bizimlə qonşudu. Məhəlləyə qaçanda əmimgilin qonşuluğunda kirayənişin qalan oğlan mindi maşına. Soruşuram, hara yanır? Deyir, Kərim kişigil tərəf. Kərim də atamdı. Həyəcanım birə beş artdı. Bizim evdə də körpə uşaqlar vardı, əmimgildə də. Necə stress keçirdim! Çatdıq ora. Qonşumuzun mətbəxi yanırdı. O, bizim ev də ola bilərdi. Odur ki, gecə yatanda elektrik cihazlarını “tok”dan ayırmaq lazımdır.

 

Hüseynlə söhbəti uzatmaq da olardı. Lakin onu ağır əməliyyatdan gəldiyini nəzərə alıb, çox yormadıq. Başdan-ayağa qan-tər içindədi. Hüseynlə sağollaşıb, onun dilindən sizlər üçün vacib məlumatı çatdırırıq. Yanğın zamanı bunları etmək vacibdir.

 

-         “Panika”ya düşmək olmaz. Sağlam başla analiz etmək lazımdır ki, yanğın haradadı?

-         Hündür binada yaşayırıqsa, yanğın aşağıdan başlayıbsa, ən təhlükəsizi evdə gözləməkdir.

-         Mətbəx yanırsa, eyvana çıxmaq lazımdır.

-         Evdə ən təhlükəsiz yer hamamdır. Orda da gözləmək olar.

-         Tüstü adətən yuxarı qalxır deyə təmiz hava aşağıda olur. Əyilmək lazımdır.

-         Seyf qapılar istidən şişə bilir. Ona görə yaxşı olar ki, bayır qapını azca açıq qoyula.

-         Tüstüləmə varsa, pambıq parça isladılıb, ağıza tutulmalıdır. Su zəhərli maddələri tutub saxlayır.

 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>