Bakı Fond Birjasına yeni sədr təyin olundu

4 iyunda Bakı Fond Birjası QSC-nin (BFB) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı yığıncağın gündəliyinə müvafiq olaraq, “Bakı Fond Birjası” QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi, BFB-nin Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması və BFB-nin yeni sədrinin təsdiq edilməsi məsələsi müzakirə edilib.

 

Ümumi yığıncaq ərzində səhmdarlar tərəfindən “Bakı Fond Birjası” QSC-nin ötən il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunub və təsdiq edilib.

 

İkinci məsələ ilə əlaqədar olaraq, BFB-nin FEAS-dan çıxması səhmdarların qərarı ilə təsdiq olunub. Qeyd edək ki, BFB 2001-ci ildən etibarən FEAS-ın üzvü olub. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk edib.

 

İclas zamanı BFB-nin səhmdarlarının qərarı ilə idarə heyətinin sədri vəzifəsinin səlahiyyətlərinin icra edən Vüqar Namazov şirkətin idarə heyətinin sədri təyin olunub.

 

Qeyd edək ki, V.Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunub. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilib və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunub. 2013-cü ildən isə BFB-nin İH heyətinin sədr müavini və Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsində çalışır. V. Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə kredit” ixtisası üzrə bitirib, 2007-ci ildə Beynəlxalq İqtisadi əlaqələr üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən verilən PMP sertifikatını alıb. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Evlidir, 2 övladı var.

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>