Sizin link burada

"Aqrolizinq"in sədrinə XƏBƏRDARLIQ: rəhbər şəxslər işdən qovuldu

Kənd Təsərrüfatı Nazirliyində pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində "Aqrolizinq" ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

 

Qurumdan "APA-Economics"ə verilən məlumata görə, iclasda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, nazirliyin tabeli qurumlarının rəhbərləri, "Aqrolizinq" ASC-nin, onun regional nümayəndəliklərinin və rayon bölmələrinin, rayon kənd təsərrüfatı idarələrinin və dövlət texniki nəzarət müfəttişliklərinin rəhbərləri iştirak ediblər.

 

Kollegiyada nazir Heydər Əsədov prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi olduğunu qeyd edərək, aqrar sahədə həyata keçirilən institusional islahatlar, aqrar sektorda texniki və gübrə təminatının yaxşılaşdırılması, subsidiyanın verilmə mexanizminin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması, aqrar sektora aid 100-dən artıq hüquqi normativ sənədin qəbul olunması, fermerlərin bazara çıxış imkanlarının, bacarıq və vərdişlərinin daha da artırılması, kadr təminatının yaxşılaşdırılması və qarşıda duran hədəflər barədə geniş məlumat verib, bununla bağlı bütün kənd təsərrüfatı mütəxəssislərinin, o cümlədən "Aqrolizinq" ASC-nin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

 

"Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov cəmiyyətin illik fəaliyyəti, o cümlədən 2016-cı ildə dövlət müəssisəsi tərəfindən Avropanın qabaqcıl texnika istehsalçıları olan ölkələrindən ən müasir müxtəlif kənd təsərrüfatı texnikalarının, eləcə də pambıqçılıqda istifadə olunan yeni texnikaların alınıb respublikaya gətirilməsi və güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə verilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, gübrələrin güzəştli şərtlərlə məhsul istehsalçılarına verilməsi barədə məlumat verib. O, "Aqrolizinq" ASC-nin bir sıra regional nümayəndəliklərinin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan rayon bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlar və çatışmazlıqlar barədə danışıb.

 

Nazirliyin Texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov "Aqrolizinq" ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin anbarlarında mineral gübrələrin təlimat və fitosanitar qaydaların tələblərinə uyğun olaraq yığılıb saxlanması, anbarların mövcud vəziyyəti və aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən olunan nöqsan və çatışmazlıqlar barədə geniş məlumat verib.

 

Kollegiyada "Aqrolizinq" ASC-nin bir sıra rayon bölmələrinin fəaliyyəti dinlənilib.

 

Daha sonra kollegiyada fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə "Aqrolizinq" ASC-nin Sabirabad regional nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi regional nümayəndəliyinin direktoru Atamoğlan Babayev, "Aqrolizinq" ASC-nin Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, ASC-nin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilib, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb.

 

Həmçinin "Aqrolizinq"in sədrinə ciddi xəbərdarlıq, ASC-nin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.

 

Kollegiyaya yekun vuran nazir "Aqrolizinq"in fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusi ilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, satışdan, həmçinin qısa müddətli lizinqə verilən taxılyığan kombaynlar, traktorlar və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunması, ASC-də elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsi, texnikadan səmərəli istifadə olunması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması  barədə ciddi tapşırıq və tövsiyələr verib.

 

Yekunda nazir "Aqrolizinq"in regional nümayəndəliklərinin və rayon bölmələrinin fəaliyyət mexanizminin təkmilləşdirilməsi, qarşıdan gələn taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi məqsədi ilə taxılyığan kombaynların dislokasiya planının hazırlanması, pambığın becərilməsində aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və bu sahədə işlərin səmərəliliyinin artırılmasını məqsədəuyğun hesab edib, rayonlarda aidiyyəti struktur bölmələrinin koordinasiyasının gücləndirilməsi, fəaliyyətlərində operativliyin təmin olunması və qarşıda duran vəzifələr barədə rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>