Sizin link burada

Emin Sabitoğlunun xatirə gecəsi keçirilib – FOTOLENT

Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə ilk əvvəl “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov çıxış edib və o, Azərbaycan musiqi mədəniyyətində Emin Sabitoğlu yaradıcılığının möhtəşəmliyindən danışıb. Kanalın direktoru Azərbaycan dövlətinin bu cür sənətkarlara verdiyi yüksək qiymətdən söz açıb: “Bu cür sənətkarlar əbədiyaşardır və bu musiqilər nəsildən-nəslə ötürülüb yeni ifalarda musiqisevərlərə təqdim olunur. Bu gün sizlərin qarşısında Azərbaycan televiziyasının 90 ildə əldə etdiyi lent yazıları təqdim olunacaq. Bu da həqiqətdir ki, bəstəkarın ilk musiqiləri milyonlarla tamaşaçıya təqdim edən və onu sevdirən məhz dövlət televiziya və radiomuz olub. Bu gün Emin Sabitoğlu yaradıcılığı gənc musiqiçilər üçün bir örnək və məktəbdir. Gələcəkdə də bu kimi tədbirləri keçirmək, əbədiyaşarları yad etmək bizim borcumuzdur”.

 

Konsert boyu səhnədə quraşdırılmış Led ekranda Emin Sabitoğlunun musiqi bəstələdiyi filmlərdən, musiqili komediyalardan fraqmentlər nümayiş etdirilib. Konsertin keçirildiyi səhnə dekorasiyası, Emin Sabitoğlu yaradıcılığı hər bir tamaşaçıya nostalji hisslər yaşadıb.  

 

Xatirə gecəsində xalq artisti Flora Kərimovanın səhnəyə çıxması gurultulu alqışlarla müşayiət olunub. Xalq artisti Emin Sabitoğlu ilə bağlı xatirələrini bölüşüb. Flora Kərimova səhnədəcə nakam, vəfasız dünyaya üsyan edib. Flora Kərimova həmin gün ifa etməyib, sadəcə bunu deyib: “Qocalıq pis şey imiş...”  

 

İki hissəli konsertdə xalq artisti Brilliant Dadaşova, Akif İslamzadənin ifasında illərlə beynimizə həkk olunan “Bu gecə” mahnısını ifa edib. Bu ifa həm də səhnədəki ekranda Akif İslamzadənin ifasında tamaşaçılara təqdim olunub.  Brilliant Dadaşova Emin Sabitoğlunun zalda əyləşmiş yeganə övladı Ceyran xanımı təqdim edərək “ o bizə Emin Sabitoğlu yadigarıdır, onu gurultulu alqışlamalıyıq” deyib. Sonra sevilən “Payız gəldi” mahnısını tamaşaçılara təqdim edib.

 

Gecə boyu xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, İlham Namiq Kamal, əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, “Sevil” qrupu və başqaları çıxış edib.

 

Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” instrumental ansamblı müşayiət edib.

 

Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Bağışla”, “Neyləyim”, “Aman ayrılıq”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndirilib. Konsertin sonunda bəstəkarın “Azərbaycan” mahnısı təqdim olunub. Bu ifa tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb.

 

Konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosu, eləcə də Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə baş tutub. Konsertin informasiya dəstəyi APA, APA.TV, Lent.az, Vesti.az, Trend.az, Milli.az, Day.az-dır.  

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>