XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı

 

Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir olan Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların nümayişi baxımından mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz, energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. İlk dəfə olaraq 1994-cü ildə təşkil olunan sərgi keçirilərkən Azərbaycan, Azərbaycanın zəngin, əvəzsiz təbii sərvətləri dünyada o qədər də tanınmamış, bu barədə mövcud rəy heç də birmənalı olmamışdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməli qoyuldu. İllər keçdikcə ənənəvi olaraq təşkil olunan sərgi və konfrans böyük diqqətlə izlənməyə başlanılmış, geniş maraq dairəsi toplamışdır. Sərgi və konfransın baş sponsoru qismində ənənəvi olaraq “SOCAR”, qızıl sponsorları qismində “BP” və “Petronas” şirkətləri, gümüş sponsorlar qismində isə “Bos Shelf” şirkəti çıxış edir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var. Forum neft-qaz  sənayesinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün unikal imkan yaradır. 

31 may-3 iyun tarixlərində baş tutan XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı yenə də dünya mətbuatında, ictimaiyyətdə xüsusi maraq oyatdı. Builki sərgidə 300-ə yaxın şirkət iştirak edir. Konfransda isə dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edib. Sərgi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  hər il olduğu kimi Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında şəxsən iştirak etdilər.

                Azərbaycan sərgi və konfrans vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Sərgi bütövlükdə Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat yaratdı. Birləşmiş Ştatların Prezidenti Donald Trampın Sərgi və Konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda da qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rol dəyərləndirildi. Bu beynəlxalq miqyaslı tədbir bir daha sübut edir ki, Azərbaycan enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur.  Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Şahdəniz-2” layihəsinin icrası 93 faiz səviyyəsindədir.  Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas iştirakçısı, əsas təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri regionun və bütövlükdə dünyanın tərəqqisinə, sülh, əmin-amanlıq, sabitlik kimi təməl prinsiplərə xidmət edir.

Göründüyü kimi enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş şəkildə atılır. Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Bu gün enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla həyata keçiriləcəkdir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

LENT

25 İyun 2017
24 İyun 2017

Digər xəbərlər >>>