“Biz bp-yə, bp də Azərbaycana etimad göstərir” – İlham Əliyev

 

 

“BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır. O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri “Şahdəniz”dir. Növbədə “Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir”.

 

APA-nın məlumatına görə, bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

“Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda, onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar “Azəri-Çıraq-Günəşli” müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər. Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə “Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, “Şahdəniz”dən nəzərə tutulandan daha çox qaz istehsal edəcək. “Biz Azəri-Çırağı” “Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram. Mən, həmçinin, Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır”, - deyə dövlət başçısı vurğulayıb.

 

 

“Bu gün tarixdə qalacaq. Çünki biz bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda, bunu təsəvvür etmək belə mümkün deyildi”.

 

Bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

“Onu da qeyd etmək istəyirəm ki, “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcək. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq. İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir - TANAP, TAP, Cənub Qaz Kəməri, “Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıb”, - deyə o vurğulayıb.

 

LENT

25 İyun 2017
24 İyun 2017

Digər xəbərlər >>>