Sizin link burada

Diaspor dərdlərimiz haqda 18+luq yazı

Yaşı 18-dən aşağı olan dünya azərbaycanlılarının bunu oxuması məsləhət deyil. Ona görə yox ki, yazıda “İP” xətrinə intim və ya dəhşət mövzuları üstünlük təşkil edəcək. Xeyr. Ona görə ki, yeganə ümidimiz onlara, onların indiki sələflərini təkrar etməməsinədir. Çünki Avropada, əsasən də Ukrayna və Rusiyada yaşayan gənclərimiz üçün onların oralardakı bəzi böyüklərinin etdiklərini təkrarlamaq intim mövzulardan daha təhlükəlidir.

 

Həm də tək onlar üçün yox, bütün gələcəyimiz üçün.

 

Ağsaqqallıq, xüsusilə də lobbiçilikdə illərə söykənən təcrübə həqiqətən əvəzolunmaz dəyərdir. Azərbaycanlıların yaşadıqları xarici ölkələrdə, xüsusilə Rusiyada, Ukraynada, Almaniyada, İtaliyada, Fransada, Skandinaviya ölkələrində, cəmləşə bilməsi üçün bu amilin əvəzsiz rolu ola bilər. Amma...

 

Amma bu, o ağsaqqalda və ya müəllimdə dəyər, minnətdarlıq, məsuliyyət əvəzinə ambisiya yaradanda, xüsusilə bunu yaşadığı ölkədə, şəhərdə azərbaycanlıları təmsilən edəndə... bax onda diaspordakı aslanlarımız “pişik”lər qarşısında aciz qalır. Necə ki, biz yazanda və problemin adını “pişik” qoyanda bəziləri nədənsə özünü diaspor yox, “pişik” təəssübkeşi kimi göstərdi.

 

Bu günlərdə dünyadakı ən böyük diaspor təşkilatımız olan Ümumrusiya Azərbaycan Konqresinin qapısına bir “Nikolay” qıfılı vuruldu. Bununla Rusiyada Azərbaycana, azərbaycanlılara qarşı edilən ədalətsizliyin dərəcəsini ölçüb başınızı da ağrıtmayaq, hörmətli zəhmətkeş oxucular. Çünki ədalətsizlik, ədalətsizlikdir...

 

Adamı qıdıqlayan da odur ki, hamı bir ağızdan oradakı azərbaycanlı “ziyalı ordusu”ndan bu qərara qarşı az qala üsyan gözləyir. Bilmirsən güləsən ya ağlayasan. Bir də, üsyan məqsədəuyğun olsaydı, elə bir neçə il əvvəl Rusiyadan azərbaycanlıları kütləvi deportasiya edəndə bu addımı atardılar...

 

Yenə şükür edək ki, ordakı soydaşlarımızın arxasında Azərbaycan kimi dövlət var, hər badalaqdan yıxılmağa qoymur, qolundan tutub qaldırır.

 

Dünyanın istənilən ölkəsində yaşayan həmvətənlərimiz barəsində bu cür misallardan  çəkib, babat mübahisə mövzusu yaratmaq olar. Amma nəyə lazımdır? Biz elə mövzusuz da mübahisə edə bilərik. Həm də xaricdə Azərbaycan üçün həqiqi mənada can qoyan, iş görən həqiqi vətənpərvərləri incitməyək, işindən etməyək, onsuz da işləri çoxdur.

 

Mövzudan uzaqlaşmayaq. Son vaxtlar qəribə dəb düşüb. Kim gedib xaricdə yaşayırsa, illah da ki, bir təşkilat yaradırsa, bir az da qaza gəlib adını lobbiçilik qoyaraq, bütün Azərbaycanı öz qarşısında yumşaq desək borclu bilir: dövlət (Azərbaycan) ona hər mənada qayğı göstərməlidir (dünyada yalnız Azərbaycan dövlət olaraq xaricdəki diaspora yardım göstərir), onun barəsində pis fikirləşmək olmaz – çünki o ən yaxşılardandır... Hətta bir qədər də irəliyə gedərək nə tələb etsə yaxşıdır? “Bu şəhərdə filankəsdən əvvəl neçə ildir yaşayan mənəm, səfirin dostu mənəm (?! – M.A.) deməli, vətənpərvər mənəm, o xaindir, hamı mənimlə hesablaşmalıdır”... və sair və ilaxır. Bu da bizim ağsaqqalımız, “müəllim”imiz, ziyalımız...

 

Və yaxud. Başqa bir “moda”mızdan danışaq. Onsuz da yazmaqdan, danışmaqdan başqa əlimizdən nə gəlir?

 

Dəb düşüb, kim yaşadığı ölkənin hansısa “pan”, “qospodin”, “müsyö”, “mister”i ilə haradasa rastlaşıb çoxlu foto çəkdirirsə və bunu sosial şəbəkədə nə qədər çox paylaşırsa, o qədər çox “işləmiş”, vəzifəsini bununla bitmiş hesab edir. Yaxud, yenə sosial şəbəkələrdə al-əlvan Azərbaycan bayrağı ilə çoxlu şəkillər çəkdirirsə, vətən haqda şeirlər, paylaşırsa, daha çox vətənpərvər, daha “böyük diaspor” olur.

 

Olsun, iş belə qurulubsa və belə qiymətləndirilirsə, bir şey demirik. Amma bununla bitmir axı. Bu psevdopatriotizm azmış kimi, mətbuatı da “bu qədər əziyyət çəkirik, bir dəfə dəstək vermirsiniz” – deyə qınayanlar var. Yaxud kimsə bu “yorulmaz diaspor veteranını” tənqid edirsə, o saat giley toplarını tuşlayırlar biçarə jurnalistlərin üstünə: “Bizi gözü götürməyənlər çoxalır, mətbuat da bunu görmür”... və sair.

 

Belə baxanda, mətbuatı qınamağa nə var e... Topumuz yox, topxanamız yox, neyniyəsiyik? Amma problem güzgüdə deyil, cənablar, ağalar, “pan”lar, “qospodin”lər, “müsyö”lər, “mister”lər! Güzgünü sındırmağa çalışmayın, bu sizi dərddən qurtarmayacaq. Əksinə, əksiniz də sınacaq...

 

mubariz1982@mail.ru

 

 

 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>