Bakıda 26 yaşlı gənci güllələyən şəxs tutuldu - YENİLƏNİB - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Sabunçu rayon sakininin güllələnməsi faktı ilə bağlı birgə məlumat yayıb.

 

Prokurorluqdan APA-ya daxil olan məlumatda bildirilib ki, mayın 19-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1977-ci il təvəllüdlü qəsəbə sakini Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi “Makarov” tipli tapançadan həmyerlisi - 1990-cı il təvəllüdlü Elnur Dadaşova bir atəş açaraq qol nahiyəsinə xəsarət yetirib. E.Dadaşov xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.  

 

Ə.Babayev könüllü rayon Polis İdarəsinə gələrək təslim olmuş və cinayətin törədilməsində istifadə etdiyi tapançanı və patronları təhvil verib.

 

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və Ə.Babayev şübhəli şəxs qismində tutulub.

 

Hadisə yerinə baxış keçirilərkən oradan güllə gilizi aşkar edilərək maddi sübut kimi götürülüb. 

 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

***

 

10:29

 

Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.

 

Araşdırma aparılır.

 

***

03:05

 

Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb.

 

Mayın 19-da axşam saatlarında 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna “Kalaşnikov” avtomatından atəş açılıb. Güllə 26 yaşlı gəncin bədəninin sol tərəfindən dəyib, 5,45 kalibrli güllə onun daxili orqanlarını zədələyib. Elnur Dadaşov qohumları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.

 

Yaralının qohumları bildiriblər ki, Elnur Dadaşova naməlum avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Lakin onlar qanlı hadisənin motivi barədə məlumatsız olduqlarını bildiriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı səbəbdən və kim tərəfindən güllələndiyi dəqiqləşdirilir.

 

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>