Sizin link burada

Lavrov nə təklif edir?

 

 

Cəbhə bölgəsində gərginlik var. Əslində cəbhə bölgəsində həmişə gərginlik var. Amma indi bu gərginlik üfüqi əks-səda verir.

 

Artıq hamı gərginlikdən danışır. Lakin az adam bilir ki, səngərdə duran hərbçi üçün gərginliyin azalması anlayışı yoxdur...

 

Bəs gərginliyin üfüqi yayılması hansı fonda baş verir?

 

Əvvəlcə onu qeyd edək ki, gərginlik təkcə cəbhə xəttinin bir istiqamətinə sirayət eləmir. Bu gərginlik həm də cəbhə xəttinin qarşı tərəfində və daha qabarıq formada müşahidə olunur.

 

İndi isə yaranan gərginliyin hansı fonda baş verdiyinə nəzər salaq.

 

Dəfələrlə deyildiyi kimi, ötən ilin sonlarında Rusiyadan yeni təkliflərin sorağı gəldi. Qeyri-rəsmi olaraq bu təklifləri “Lavrov təklifləri” də adlandırdılar. Amma Rusiyanın xarici işlər naziri bunu təkzib etdi.

 

İki hal ola bilər:

 

Birinci – Lavrov təkliflərin uğursuzluğunu və mənasızlığını bilir, buna görə də uğursuz cəhdin onun adı ilə bağlanmasını istəmir. İkincisi – Lavrov vasitəçilərin ənənəsinə sadiq qalaraq, danışıqların detallarını gizli saxlamaq istəyir.

 

Amma sonra baş verənlər göstərdi ki, birinci hal daha real səslənir.

 

ABŞ-ın Minsk Qrupunda sabiq təmsilçisi əsas müzakirə mövzusunun Rusiyanın təklifləri olduğunu deməklə informasiyanı sızdırmışdı. Bunun ardınca isə Moskvadan sızdırılan informasiya məsələyə aydınlıq gətirdi. Bu informasiyada Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsinin müzakirə olunduğu bildirilirdi.

 

Və nəhayət, 28 apreldə Moskvada üç ölkənin xarici işlər nazirləri bir araya gəldi. Bəzi ekspertlər bu görüşü nəticəsiz saydı. Görüş tərəflərindən biri olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ ətrafındakı ərazilərdən qoşunların çıxarılmasını gərginliyin olmaması, sülh üçün təminat ola biləcəyini bildirib.

 

Amma bunun ardınca gərginlik artdı...

 

Bu yerdə bir məqamı da diqqətə çatdıraq.

 

Danışıqlarda ermənilərin əraziləri tərk etməsinin tələb olunduğu barədə informasiya sızdırılır. Amma Azərbaycandan bunun əvəzində nə tələb olunduğu barədə heç nə bildirilmir.

 

Bütün bu deyilənlərdən belə bir nəticə çıxır: Kazan prosesi davam edir.

 

Yəni...

 

Danışıqlarda Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılması təklif edilir. Ancaq neçə rayonun boşaldılması və yaxud da bunun əvəzində Azərbaycanın qarşısında qoyulan tələb rəsmi Bakını qane etmir. (Bir daha təkrar edək ki, neçə rayonun boşaldılması və bunun əvəzində nə istənilməsi barədə dəqiq məlumat yoxdur.)

 

Azərbaycan, milli maraqlarına cavab verməyən təkliflərə öz əlavələrini edir. Bu isə Rusiyanı təmin etmir və eyni gündə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı dayandırılır, üstəgəl, ermənilər OSA zenit-raket kompleksi ilə cəbhə xəttində manevrlər edir. Azərbaycan bu təzyiqə lazımı cavab verir. OSA məhv edilir. Azərbaycanda bir az ehtiyatlı da olsa Rusiya əleyhinə bəyanatlar səslənir. Amma təzyiq yenə davam edir. Ermənilər Azərbaycanın yaşayış məntəqələrinə yaxın əraziləri atəşə tutur.

 

Minsk Qrupunun digər vasitəçiləri isə susur...

 

İndi günün ən ciddi sualı budur: Lavrov Azərbaycanın maraqlarını qane etməyən nə təklif edir?

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>