Boksçularımızın qazancı: 3 qızıl, 3 gümüş, 1 bürünc medal

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 6 təmsilçisi bu gün final görüşünə çıxıb.

 

Onlardan 3-ü - Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov millimizin aktivinə qızıl medal yazdırıblarsa, Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov həlledici döyüşdə məğlub olaraq, “gümüş”lə kifayətləniblər.

 

Tayfur Əliyevin (56 kq) də 3-cü yeri tutduğunu nəzərə alsaq, boks yığmamız İslamiadanı 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

 

60 kq

Bu çəkidə ölkəmizin idman şərəfini qoruyan Cavid Çələbiyev həlledici görüşə çıxıb. Qazaxıstanlı Sultan Zaurbəyə yerini göstərən dünya çempionumuz İslamiada “qızılı”nı boynundan asmaq üçün iraqlı Ammar Karbalai ilə döyüşüb. Bu rəqibindən də aşkar üstün olan Çələbiyev (5:0) qızıl medal qazanan ilk boksçumuz olub.

 

69 kq

Tamerlan Abdullayevin 1/8 finaldan başlanan yolu finala qədər davam edib. Ən son qazaxıstanlı İlya Oçkini məğlub edən boksçumuz özbək Bobo-Usman Baturova da eyni aqibəti yaşatmağa çalışıb. Boksçumuz ilk iki raundda üstün nəzərə çarpsa da, son hissədə noqdauna düşməklə yekunda məğlubiyyətə düçar olub (0:5) və "gümüş"lə kifayətlənib.

 

75 kq

Kamran Şahsuvarlı da 1/8 finaldan start verdiyi yarışda finala qədər irəliləyib. Yarımfinala Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdıran boksçumuz həlledici mərhələdə Tursunbay Kulahmetlə görüşüb. Kamran rəqibi ilə başabaş mübarizə aparmasına baxmayaraq, hakimlər qazaxıstanlı idmançını qalib elan ediblər – 5:0. Beləliklə, Tamerlan Abdullayevdən sonra Kamran Şahsuvarlı da İslamiadanı gümüş medalla tamamlayıb.

 

81 kq

Mübarizəyə 1/8 finaldan start verən daha bir boksçumuz həlledici mərhələyə qədər irəliləyə bilib. 81 kq-da yarışan Rauf Rəhimov yoldaşlarından fərqli, yarımfinalda rinqə çıxmadan bu hüquqa yiyələnib. Belə ki, misirli Abdelrəhman Abdelqəvvədlə qarşılaşmalı olan 23 yaşlı idmançımız rəqibinin oyuna çıxmaması səbəbindən finala mübarizəsiz adlayıb. Sonuncu rəqib isə türkmənistanlı Arslanbek Açilov olub. Gərgin keçən mübarizənin yekununda türkmənistanlı boksçu 4:1 hesablı qələbə qazanıb. Rəhimov isə “gümüş”ə yiyələnən ardıcıl 3-cü boksçumuz olub.

 

91 kq

Dəri əlcək ustamız Teymur Məmmədov Eldin Qoussunu (Suriya) yolundan kənarlaşdıraraq yüksəldiyi finalda türkiyəli Burak Akşinlə üz-üzə gəlib. Başabaş mübarizə şəraitində keçən döyüşün yekununda idmançımız qələbəyə (3:2) sevinib. Məmmədov qızıl medal alaraq, ardıcıl 3 uğursuz finaldan sonra tilsimi qırıb.

 

+91 kq

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov da final həyəcanı yaşayıb. Mübarizəyə komanda yoldaşlarından erkən başlayan və bütün rəqiblərini geridə qoymağı bacaran, son olaraq isə iordaniyalı Hüsseyn İaşaişə gücünü göstərən Məcidov bu gün “qızıl”a gedən yoldakı yeganə maneə Manaf Asaadla (Suriya) münasibətlərinə aydınlıq gətirib. Rəqibindən üstün döyüşən Məhəmmədrəsul (4:1) boks yarışlarının son finalında Azərbaycan yığmasına növbəti qızıl medalı qazandıran idmançı olub.

LENT

28 İyul 2017

Digər xəbərlər >>>