Yelbeyin-yelbeyin...

 

Çox əcaib işlərimiz var. “28 May” metrostansiyasından çıxıb sağa, Azadlıq prospekti tərəfə burulursan. Yolun “28 Mall” sahilinə keçmək istəyirsən. Qarşına işıqfor və zolaqlı yol çıxır. Hər iki tərəfdə ayıq-sayıq yol polislərimiz dayanıb. Pusuda duran həmin polislərimiz qırmızı işığı keçənləri cərimələyirlər. Möcüzə! İşıqfor səslidi. Piyadalar üçün qırmızı yananda, işıq dirəyindən boğuq qadın səsi gəlir. Elə bil, həmin qadını kimsə əlcəkli əlləri ilə boğaraq pulların yerini soruşur. Qadın isə cəsurcasına sirrini açmır, lakin son nəfəsində kiməsə hansısa sözü çatdırmaq istəyir.

 

Əvvəlcə elə bilirdim, qırmızı yananda o səs belə deyir: “Yelbeyin-yelbeyin-yelbeyin!” Yəni, ay yelbeyin, qırmızını keçmə, polis baxır! Fikirləşdim, bu sözləri düşünən adam kimdisə, çox kreativdi.

 

Günlərin bir günü dirəyin dibində dayanıb qadının səsinə yenidən qulaq kəsildim. Gördüm, yoox, qadın səsi “yelbeyin” demirmiş, “yol deyil!” deyirmiş. Qırmızı yanan kimi boğuq səs işə düşür: “Yoldeyil-yoldeyil-yoldeyil!”

 

Həmin cəsur qadın boğulsa da, ölüm ayağında vətəndaşlara çatdırır ki, qırmızını keçsən, polislər səni cərimələyəcək. Nə isə, beləcə, günlər keçdi, aylar ötdü. O qadının boğuq səsi mənə yenə də sirli qalırdı: bəlkə elə demir, başqa cür deyir? Düzdü, bayaqkına oxşadırdım, amma çox da əmin deyildim. Bir gün yenə həmin yerdə gözlədiyim vaxt, həm boğulan qadının taleyi haqda səhih məlumat almaq, həm də onun son nəfəsdə bizə çatdırdığı sözü dəqiqləşdirmək üçün qulağımın iti eşidən tayını işıqgələn dirəyə söykədim. Tapdım ee, bu dəfə! Sən demə, boğulan qadın son nəfəsində bizə “Gözləyin-gözləyin-gözləyin!” deyirmiş.

 

Ancaq həmin qadının xırıltılı, həyəcanlı səsinə və bir dəstə polis nəzarətçilərinə baxmayaraq, piyadalar yenə qırmızını keçib gedirlər. Millət düzəlmək istəmir, qanun-qaydaya qarşı müqavimət göstərir. Ancaq qəlbimin dərinliyindən keçən bir şeyi də deyim sizə, vətəndaşları hər an cərimələmək həvəsində olan polislərimiz burda qaydanın pozulmasını daha çox arzulayırlar.

 

Ordan keçib üzü Heydər Əliyev parkına gəlirsən. Parka keçmək üçün Rəşid Behbudov prospektindən keçməlisən. Burada ikitərəfli, dördçıxışlı yeraltı keçid var. Buradakı eskalatorların hamısının eyni zamanda işlədiyini görməzsən. Hər dəfə ya yuxarı qaldıran, ya da aşağı endirən tayı işləməz. Buranın dəmir qanunu budu, eskalatorlar ya taykeş işləməli, ya da heç işləməməlidi, vəssalam! 

 

Biraz irəli, Saraya tərəf gedisən. Səməd Vurğun prospektini keçmək üçün qarşına yenə yeraltı keçid çıxır. Burda da həmin mənzərə: eskalatorlar tam işləmir. Fəaliyyətsiz eskalatorların üstünü toz-torpaq basıb. Hərdən həmin nasaz eskalatorların motorunu söküb-yığan tərli ustalar gözə dəyir.

 

Başqa yerləri demirəm, təkcə həmin keçidlərdəki eskalatorları ayda ən azı bir neçə dəfə təmir eləyirlər. Bu qədər xərc çəkib pul tökürlər yəni. Eskalatorlar fəaliyyətsiz olduğuna görə çox vaxt piyadalar yol hərəkət qaydalarını pozmağı, fəaliyyətsiz dəmir pilləkanlarla quyuya düşüb-çıxmaqdan üstün tuturlar.

 

Gəlin bu keçid, sınıq eskolator və yol hərəkət qaydalarının pozulmasının səbəbini sizlərə açıqlayım. Əzizlərim, əlbəttə, açıq hava şəraitində eskalator uzun müddət işləyə bilməz! Üstü örtülməmiş eskalatorların dişcikləri zir-zibillə dolur, yağan yağış, çirkli qar onun motoruna axır, axı!

 

Həmin piyada keçidlərini inşa edən mühəndislərin qolundan tutub demək lazımdı, a kişi, tikintinin xərci sənin cibindən çıxmır axı, niyə xəsislik eləyib belə yarımçıq iş görmüsən? Layihədə bunların üstünü ən azı şüşə örtüklə örtmək haqda bir qeyd eləsəydin, canın çıxardı? Yarımçıq, qeyri-peşəkar işinlə camaatı qoymusan avara. Təkcə bu eskalator motorlarının təmirinə çəkilən xərclə keçidlərin girişinin üstünü üç dəfə örtmək olardı.

 

Sinəmə gəlmişkən, yollarımız haqda bir neçə xanə də deyim. Qayda belədi, yol çəkilişi zamanı, ilk olaraq, kənarlarda ya yeraltı su kanalları, ya da açıq arxlar quraşdırılmalıdı. Yağan yağışın, qarın suyu axıb həmin kanallara tökülməlidi ki, hər yağmur sezonunda şəhər merini suçlu çıxarmayaq. Yəni əgər mühəndis yolun inşasını düzgün konstruksiya edə bilməyibsə və yağış zamanı yollar göl bağlayırsa, buna Hacıbala neyləsin?      

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>