“Rauf bəy həbsdən çıxandan sonra vəziyyət qəlizləşdi” – AZƏR AYXANLA YUBİLEY SÖHBƏTİ

 

 

45 yaşının yarıdan çoxunu qaynar çap sexlərindən tutmuş senzura qapılarınadək, səhər planlaşdırmasından tutmuş gecə növbətçiliyinədək, korrekturadan tutmuş manşet redaktəsinə kimi – hə, bütün mərhələləri keçib. Və günlərin bir günü tale ona bir məsuliyyəti də öz üzərinə götürməyi nəsib edib. 2005-ci ilin soyuq yanvar günü böyük qardaşının həbsxana hücrəsində ondan bir missiyaya sahib durmaq tapşırığı alıb: “Qəzeti çıxara bilərsənmi? Çox yox, həftədə bir dəfə”. Götür-qoy etmədən “hə” deyib. Və onu da əlavə edib ki, özü də bir dəfə yox, həftədə 5 dəfə. Qəzet diliylə desək, gündəlik. Elə həmin gündən də “Yeni Müsavat”ın son səhifəsində baş redaktor müavini Azər Ayxan imzasıyla çıxır bu qəzet. Bu gün 45 yaşını qeyd edən Azər Ayxanın imzasıyla…

 

***

 

Düzü, sevindi görüşümüzə: “Nə vaxtdır səni görmürəm”. Öz aramızda “mujiçok” bir zarafat edib, rəsmi ton almağa çalışdıq. Amma rəsmiyyətə heç cür uyğunlaşa bilmədik. Onillərin tanışları arasında nə rəsmiyyət? Sadəcə, çay təklif etdi. Hə, bir də onu dedi ki, 3-4 sual olsa bəsdir? Əslində elə 3-4 sualla kifayətləndik. Amma bir qədər uzaqdan başlamaqla.

 

Əvvəl istədik öyrənək görək, hamının mətbuatdan tanıdığı Azər Ayxan mətbuatdan əvvəl kim olub?

 

- Mətbuatdan əvvəlki Azər kənddə orta məktəbi bitirib Bakıya universitetə daxil olmaq üçün gələn bir cocuq. Amma o vaxt, necə deyərlər, samizdat yoluyla çıxan “Yeni Müsavat”da işləmək, yazı yazmaq arzulayan birisi. O vaxtlar Rauf Arifoğlunun bütün maneələrinə rəğmən gəlib düşdüm qəzetçiliyin içinə. Düşünmürdüm ki, qəzetçi olaram, jurnalist olaram. Sadəcə, mənə maraqlı gəlirdi. 18 yaşlı bir gənc sevir axı belə şeyləri…

 

- Ekstrimləri yəni…

 

- Ekstirmləri sevir, fərqli situasiyalara düşməyi sevir. Sonrası da elə gətirdi ki, qalası oldum burada.

 

- Bəs elə gətirməsəydi, necə olacaqdı?

 

- Vallah, bax bunu bilmirəm. Amma sizə bir söz deyim. O yaşda insan həyatını planlaşdırmır ki. Həm də, biz gənclik yaşına başlar-başlamaz Azərbaycanda elə proseslər getdi ki, bizim nəyi isə arzulamağımız arxa plana keçdi. Təsəvvür edin, həmin ərəfədə 15 qardaş respublikanın bir yerdə yaşadığı dövlətin vətəndaşlarıydıq. Və bir gün məlum oldu ki, həmin qardaşlardan biri bizə qarşı torpaq iddiasına düşüb. Və az sonra o boyda ittifaqdan da əsər-əlamət qalmadı. Bütün düşüncə sistemimiz dəyişdi, nəinki arzularımız. Taleyimiz belə dəyişdi, artıq gələcəklə bağlı planlar belə qurmaq mümkün deyildi. Nə olacaq, necə olacaq, bilmirdik. O vaxt ən yaxşısı elə proseslərin içində olmaq idi. O proseslərin içində olmağın bir yolu da mətbuat idi.

 

- Amma Rauf Arifoğlu nədənsə sənə etibar etmədi, “Yeni Müsavat”çı olaraq bu proseslərin içində olasan. Baş alıb getdin “7 gün” qəzetinə.

 

- Yox, etibar məsələsi deyildi. Sadəcə, mənim tez çap olunub uğurdan baş gicəllənməyim məsələsi var idi. O vaxt mən “Yeni Müsavat”da reportajlar hazırlayırdım, amma çap olunmurdu. Davamlı şəkildə çap olunmamaq məni bezdirdi. Həm də o vaxt, yazılara böyük bir tələbkarlıq vardı. Redaktorlar hər cümlənin, hər sözün üstündə əsirdilər. Əslində, çap olunmurdum demək də ədalətsizlik olardı. Az da olsa, yazılarım gedirdi. Amma eşidirdim ki, guya mənim yazılarım Rauf Arifoğlunun iradəsi ilə çap olunur, çünki onun qardaşıyam. Onda belə qərara gəldim ki, gedim başqa bir qəzetdə işləyim. Özümü sübut edim qayıdım, Rauf Arifoğlu faktorundan, necə deyərlər, xilas olum. Tapdığım yer isə “7 gün” qəzeti oldu. Qəzetin baş redaktoru Emin Eminbəyliyə təqdimatımı Akif Aşırlı verdi. 1996-cı ilin iyununda. Amma Emin bəy qəribə qarşıladı məni: “Qardaşının qəzeti ola-ola bu adam burada nə gəzir?”. Mən açıq şəkildə olanları danışdım. Yenə inanmadı. Fikirləşdi ki, yəqin, İsa Qəmbər göndərib məni bura. Bir də 3 aydan sonra ştata götürdü. Ona qədər də mənim çox uğurlu yazılarım olmuşdu. AXC daxilindən əsl fırtına yaradan yazım olmuşdu. Amma ilk yazım rəhmətlik Mirzə Babayevlə bağlı idi.

 

- Mənim yadıma gələn Pənah Hüseynlə müsahibədir. Ağ gilas və qoz söhbəti.

 

- (Gülür) Hə, o müsahibə də rezonanslı bir müsahibəydi. Elə o müsahibədən sonra dedilər ki, yox, bu yaza bilir, jurnalistdir.

 

- Amma bütün hallarda, Rauf Arifoğlu bir şah gedişi edib, illər sonra qəzeti sənə etibar etdi. Situasiya dəyişmişdi, ya sən artıq tanınırdın cəmiyyətdə?

 

- Vallah, Anadolu türklərinin sözü olmasın, bu məcburiyyətlərə məcbur qalmaq idi əslində. Sadəcə, həmin vaxt elə bir çıxılmaz vəziyyət yarandı ki, qəzetin çapını davam etmək lazım idi. 2005-ci ilin yanvarında həbsdə  Rauf bəyin ziyarətinə getmişdim. Dedi, qəzeti davam etdirə bilərsənmi? Dedim, hə. Çünki illərin təcrübəsi vardı. Ağlasığmaz və ağır şərtlər altında işə başladım. Yenə deyirəm, məcburiyyətdən gələn məsələ idi. Özü mənə demişdi ki, mən çıxana kimi davam elə. Amma Rauf bəy həbsdən çıxandan sonra vəziyyət daha da qəlizləşdi. Fikirləşdim ki, azadlığa çıxar, işim yüngülləşər. Əksinə, kollektivi böyütdük. Keçmiş əməkdaşlarımız qayıtdı, təzə simalar gəldi. Həm də 2005 seçki iliydi. Hakimiyyətdaxili proseslər başladı, siyasi proseslər qızışdı. Ölkə gündəmi o qədər zəngin idi ki, kənara çəkiləmmədim.

 

- Maraqlıdır, elə həmin ildən Rauf Arifoğlu qəzeti imzalamır. Onun imzası baş redaktor kimi getmir. Eləcə sənin adındır.

 

- Əslində 2005-ci ilin sentyabrından qəzet mənim imzamla çıxır. Həmin vaxt Rauf bəy seçkiyə qatılmışdı. Qanunvericiliyə görə, onun imzası gedə bilməzdi. Amma qayıdandan sonra da mənim imzam qaldı. Sonradan təsisçilik məsələsi yarandı, onun adı təsisçi kimi yazıldı. Yəni deməyim odur ki, burada prinsipial bir şey yoxdur. Sırf texniki məsələdir.

 

- “Yeni Müsavat” 26 ildir nəşr olunur. 12 ildən çoxdur ki, rəhbərlikdə sən də varsan. Kifayət qədər enişli-yoxuşlu dövrü olub qəzetin. Amma səncə qızıl dövrü hansıdır?

 

- Məncə qəzetin pik dövrü 1998-ci ilin martından başladı. Həm də həmin il müxalifət güclənməyə başlamışdı. Əbülfəz Elçibəy qayıdıb gəlmişdi Kələkidən. Rəsul Quliyev siyasi iddialarla çıxış edirdi. Müəyyən birlik çağırışları səslənirdi. Cəmiyyətdə və siyasi proseslərdə bir aktivlik vardı. Parlamentdə qızğın müzakirələr gedirdi. İqtidar-müxalifət münasibətlər də həmin il özünün ən qızıl dövrünü yaşayırdı.

 

- Eləcə də qəzetçilik.

 

- Hə. Həmin vaxt o nəbzi Rauf Arifoğlu çox gözəl tuta bildi. Bundan başqa, həmin ilin avqust ayında da siyasi senzura qəzetlərin üstündən götürüldü. Oktyabrda prezident seçkiləri olacaqdı və müxalifət özünün həlledici döyüşünə hazırlaşırdı. Qaynar bir siyasi gündəm vardı. Təbii ki, belə olan halda tiraj da qalxacaqdı... Və “Yeni Müsavat”ın qızıl dövrü də oradan başladı. O gün, bu gün də davam edir.

 

- Vaxtıyla 25-30 min tirajla çıxan bir qəzetin indi 5 min civarında nəşr olunması ağrılı deyilmi?

 

- Bu, “Yeni Müsavat” indi əvvəlki kimi çıxmır demək deyil. Sadəcə, zəmanə, texnologiyalar dəyişdi. İnsanlar mobil telefondan girib, qəzeti oxuyurlar. Bu varsa, köşkə gedib qəzet almırlar. Əksinə, o tiraj 3-4 dəfə “Yeni Müsavat”ın saytına keçib, ondan başqa, qəzetin satış nöqtələri yoxdur, azalıb. Oxucu da bilmir, haradan alıb oxusun. Ona görə də elektron varianta keçib. “Yeni Müsavat”ın elektron variantının unikal İP-si yüksək səviyyədədir.

 

- Azər, “Yeni Müsavat”da çox imzalar tanınıb və bu gün ölkənin aparıcı media qurumlarında təmsil olunurlar. Şəxsən bu 45 ildə sənin hansısa tanıtdığın bir imza olubmu? Bax, bu mənim kəşf etdiyi yazardır, deyə.

 

- Olub. Amma ad çəkmək istəməzdim.

 

- Yaxşı, 45 yaş, baş redaktor müavini... Nə vaxta kimi?

 

- (Bir qədər fikirləşir) Hə, maraqlı sualdır.  Bilirsən…

 

- (Sözünü kəsirəm) Yenə SSRİ-nin dağılması kimi nəsə baş verməlidi?

 

- Yox, açığını deyim. Əvvəllər mən evdə qalanda xoşbəxt olurdum. Amma indi əksinə. Məsələn, mən hər gün planlaşdırmaya gələndə özümü çox xoşbəxt hiss edirəm. İnan ki, gümrahlaşıram. İşsizlik insanı təkcə maddi baxımdan pis vəziyyətə salmır, həm də ruhən kasıblaşdırır. Biz qəzetçilərin də qazancı hər gün redaksiyaya gedib-gəlməkdir. Mənim başqa gedib gələcək haram var ki?

 

- Deməli, “Yeni Müsavat” da davam edir, sən də. Uğurlar! Yekunlaşdıraq?

 

- Sən yekunlaşdır. Mən gedim işləyim...

 

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>