Sizin link burada

Prezident Ramiz Zöhrabovla bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev xalq artisti Ramiz Zöhrabovun ölümü ilə bağlı nekroloq imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov 2017-ci il aprelin 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur.

1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir.

Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilmişdir.

Ramiz Zöhrabov ölkəmizdə və onun hüdudlarından kənarda beynəlxalq simpoziumlarda, konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Milli mədəni nailiyyətləri müxtəlif səviyyələrdə daim tanıtmağa çalışan alim uzun illər ərzində apardığı silsilə radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini qazanmışdır.

Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş Ramiz Zöhrabov respublikada musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə sənətşünaslıq sahəsində bir çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır.

Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri vardır.

Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə “Əməkdar incəsənət xadimi” və 2008-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış musiqişünas-alim, mahir pedaqoq və səmimi insan Ramiz Fərzulla oğlu Zöhrabovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>