Şagirdlər şəhid Urfan Vəlizadənin ailə üzvləri ilə görüşüblər

 

 

Bu gün Azərbaycan Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət  Gimnaziyasının 6 c sinif şagirdləri aprel şəhidi Urfan Vəlizadənin atası Üzeyir, qardaşı Vidadi və bacısı Xuraman, həyat yoldaşı Könül xanım və övladları ilə görüşüblər. Görüşdə şəhidlərin ruhu  bir dəqiqəlik sükutla yad edilib, şagirdlər “Cənab leytenat” mahnısını oxuyublar. Sinif rəhbəri Afaq Allahverdiyeva şəhidlərin ruhu qarşısında baş əydiklərini bildirib.

 

Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım şəhidin həyat yolundan danışıb. O,  Urfan Vəlizadənin həmişə ailəsinə, övladlarına qayğı ilə yanaşdığını, qızı Zəhranın dərsləri ilə məşğul olduğunu bildirib: “Urfan deyirdi ki, biz torpaqlarımızı işğaldan azad etmək üçün mübarizə aparmalı, döyüşməliyik ki, uşaqlarımız böyüyənə qədər Qarabağ bizim olsun”.

 

Qeyd edək ki, Urfan Vəlizadə  1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Türkiyə Hərbi Hava Məktəbinə daxil olub. Türkiyə Hərbi Hava Məktəbində 5 illik təhsili başa vurduqdan sonra 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2006-cı il iyunun 26-da Könül xanım ilə ailə həyatı qurub. 2008-ci il martın 23-də Zəhra, 2015-ci il martın 14-də Betül adlı qız övladları dünyaya göz açıb.

 

2016-cı il aprel döyüşlərində mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılov ilə Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstərib. Qəhrəman pilotlarımızın birgə idarə etdiyi “Mi-24” helikopteri  Azərbaycan ordusunun mövqelərinə hücum çəkən düşmən qüvvələrinə böyük zərbə vurub, düşmən qüvvələrini cəbhənin dərinliklərində məhv edib. Onların bu qəhrəmanlığı düşmənin hücumunun dəf olunmasında həlledici rol oynayıb. Ancaq bu qorxmaz Vətən övladlarının olduğu helikopter döyüş tapşırığını uğurla yerinə yetirib qayıdan zaman artıq Azərbaycan ordusunun mövqelərinə güclü hücum həyata keçirmək imkanlarını itirmiş düşmənin əsas hədəfi olub.

 

Helikopter cəbhədə neytral əraziyə düşüb, Urfan Vəlizadə  və silahdaşları şəhid olub. Onların nəşi aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də Bakıda qəhrəman pilotlarla vida mərasimi keçirilib. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.

 

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>