Bakıda bəzi yüklərin daşınma saatı dəyişir

İqtisadiyyat Nazirliyi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sahibkarlıq subyektlərinə müraciət edib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, məlum olduğu kimi, 2017-ci ilin may ayında ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.


Nazirlər Kabinetinin 12 aprel tarixli sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.


Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.


İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyə edir.

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>