Sizin link burada

VÖEN hesabından niyə pul çıxara bilmirik? - ARAŞDIRMA

 

Azərbaycanda "Nağdsız hesablaşmalar haqqında" qanun aprelin 1-dən qüvvəyə minib. Qanunun əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şərait yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsidir.

 

Bunu APA TV-yə müsahibəsində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Şirinov deyib.

 

"Əlavə dəyər vergisi ödəyiciləri, eləcə də 6-8 faizdə olan ödəyicilər 30 min manatdan çox olmamaqla hesablaşmaları nağd qaydada apara bilərlər. Digər ödəyicilər, yəni sadələşdirilmiş vergi ödəyiciləri isə aprelin 1-dən başlayaraq ay ərzində 15 min manatdan çox olmayaraq hesablaşmaları nağd qaydada apara bilərlər" deyən Natiq Şirinov qeyd edib ki, qanunda nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1% dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq.

 

Nazirlik rəsmisi deyir ki, bu dəyişikliklər bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, onların likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsinə, əmək haqlarının və digər ödənişlərin  leqallaşmasına və nəticədə ölkənin beynəlxalq reytinqinin daha da artırılmasına şərait yaradacaq.

 

İqtisadçı ekspert Cəfər İbrahimov hesab edir ki, yeni tələblər sahibkarlarda narahatıq yaradır, onlar iri layihələrin icrasını təxirə salırlar: "Sahibkar əgər VÖEN hesabından pulu nağd çıxarırsa, yeni qanunun tətbiqindən sonra  çıxardığı məbləğə görə 1 faiz sadələşmiş vergi ödəyəcək. Dolayısı ilə 1 faiz vergi ödəməsi sahibkara əlavə bir yük gətirir. Sahibkar burda pulu nəğd çıxarmağa yox, daha çox nağdsız şəkildə hesablaşmalara keçməyə köklənir".

 

Cəfər İbrahimovun sözlərinə görə, qanunun tətbiqindən irəli gələn məhdudiyyətlərdən sahibkarlar, xüsusilə də dövlət və büdcə əsaslı iri məbləğli sifarişlərlə işləyənlər narahatlıq keçirirlər: "Əsas narahatedici məqam isə budur ki, sahibkarlar çıxardığı vəsaitlə bağlı qısa müddətdə vergi orqanına məlumat verməlidirlər. Məsələn, hər hansı sahibkar qanun çərçivəsində 30 min manat vəsait çıxarırsa, bunun hara, necə, hansı müqavilələr əsasında ödənildiyi haqda tələb gətirməlidir ki, bu məlumatın da biznes üçün qısa müddətdə hazırlanması sahibkara əlavə yük gətirir".

 

Məsələnin digər mahiyyətinə diqqət çəkən ekspert qeyd edib ki, sahibkarlara müəyyən vergi güzəştinin tətbiq olunması biznes sahəsini daha çox stimullaşdıra bilərdi. Onun fikrincə, nağdlaşdırma banklara daha çox sərf edir: "Çünki banklar nağdlaşdırma zamanı əsasən 0,5-0,8 faiz komissiya haqqı tuturdular. Nağdılaşdırmaya məhdudiyyət gətirildiyi zaman daha çox köçürmə məsələləri gündəmə gəlir. Bu əməliyyatlar zamanı isə banklar 0,2 faiz komissiya tuta bilir ki, bu da bankların maliyyə sektorunun gəlirliliyinə mənfi təsir edir".

 

Əgər qanunun tələbləri pozularsa, təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib.

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>