Çapığından tanınan şəhid

 

Şamilin şəhadətə qovuşduğu gün anasının ona yazdığı məktubu oxudum. 23 əvvəl yaşadıqlarımı yenə yaşadım.

 

Şamil uşaqlıq dostum idi. Qonşu olmamışdıq. Heç bir məktəbdə də oxumamışdıq. Amma ünsiyyətimiz, dostluğumuz vardı. Yayı Şuşada, qışı Ağdamın “Çay evin”ndə...

Və müharibə başladı...

 

Şamil İqtisad Universitetində oxuyurdu. Sonuncu görüşümüz Bakıda olmuşdu. Universitetin qarşısında. Formada idi. Təhsilini atıb, könüllü döyüşə getmişdi. Bir az zarafatlaşdıq. Dedim “onsuz da sən bir dəfə ağır yaralanmısan axı”... Güldü. Ayağındakı çapığa işarə etdiyimi başa düşdü...

 

 

Ondan əvvəl isə Ağdamda görüşmüşdük. Elə çapıq söhbəti də onda olmuşdu.

Şəhərdə adam çox az qalmışdı. Təsadüfən rastlaşdıq. Nə üçünsə evə gedirdi. Dedim, gəl bizə gedək. Sizdə də heç kim yoxdu, bizdə də. Razılaşdı.

 

Özümüzə yemək hazırladıq. Bir-iki qonağımız da oldu. Köhnə dostlardan...

 

Sonra hamı dağılışdı. Yaxşı günləri yada salıb, söhbətləşirdik. Ayağını yumaq üçün şalvarının balağını qatladı. Ayağındakı çapıq gözümə sataşdı.
 

“Ay Şamil, bu nədi belə?” soruşdum. Uşaq vaxtı ağacdan yıxıldığını, ayağının necə ağaca ilişməsini, xeyli qan itirməsini... Hər şeyi danışdı. Mən isə “sən nastoyaşşi veteransan ki” dedim. Gecə sakit keçdi. Şəhərə top atılmadı...

 

Bakıda görüşəndə də bu hadisəni yada saldım...

 

Bir neçə ay keçdi...

 

Günlərin bir günü xəbər gəldi ki, Şamili vurublar. Düzü, həmin an heyfsiləndim. Amma Şamili və cəbhədə olan hər kəsi potensial şəhid hesab etdiyimdən belə xəbərlər sanki adiləşmişdi. Şamilin və həmin döyüşdə vurulanların cənazəsini almaq çox uzun çəkdi. 40 gündən artıq vaxt keçdi. Təsəvvür edirsiz...
 

Və bir gün xəbər gəldi ki, Şamilin cənazəsi gətirilib.

 

40 gündən sonra geri alınan cənazə. Sözsüz ki, onun tanınması məsələsi müzakirə olunurdu. Müxtəlif söhbətlər...
 

Bu söhbətlər onun atası Kamil əmiyə də gəlib çatmışdı. Mərasim vaxtı Kamil əminin dediyi söz başımda ildırım kimi çaxdı: “Deyirlər bu Şamil deyil. Ayağındakı çapığından özüm tanımışam”.
 

Artıq heç nə eşitmirdim. Qulağımda bir söz səslənirdi – “Ça-pı-ğın-dan”... “Ça-pı-ğın-dan”... “Ça-pı-ğın-dan”... “Ça-pı-ğın-dan”...

 

Şamilin ayağındakı çapıq barədə danışmağı, mənim “sən nastoyaşşi veteransan” sözümə gülümsəyərək cavab verməyi gözümün qabağında kino lenti kimi firlanırdı. Dünya alt-üst olurdu... Uşaqların üzümə vurduğu su sanki dünyanı öz məhvərinə qaytardı.
 

Şamilin anası bir məktub yazdı. Dünya yenə çıxdı məhvərindən...

 

Əslində bizim dünyamız heç məhvərinə qayıtmayıb. 24 ildir...

 

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>