40 yaşlı vağzalın yenidən doğuluşu: hər şey yaxşıdır, amma - REPORTAJ

 

- Vağzalın bu binası düz 40 il bundan əvvəl istifadəyə verilib. Təsəvvür elə, 40 il sonra da yenidən açıldı.

 

Bunu Tofiq dayı deyir bizə. Əynində də dəmiryolçu forması. Deyir, elə özü də azı 40 ildir dəmiryolundadır. Fəhlə də işləyib, instruktor da.

 

- Oğlanlarım da elə dəmiryolçudurlar.

 

Zarafata salıb “biz vağzal uşaqlarıyıq” deyir.



 

***

 

Hə, illər idi Bakının dəmiryolu vağzalı yox idi. Ölkənin paytaxtı faktiki vağzalsız qalmışdı. İllər idi ölkə daxili, ya da uzaq mənzilli qatarlar sadəcə perrona daxil olur, oradan da yola düşürdülər. Sərnişinlər üçün nəinki iaşə obyektləri, heç gözləmə zalı belə yox idi. Kiçik bir restoranı isə gözləmə zalı etmişdilər. Bilet kassalarının yerləşdiyi zalda isə yel vurub, yengələr oynayırdı. Kassalar sadəcə alver yuvasına çevrilmişdi. “Bilet yoxdur” kassirlərin ən sevimli sözü idi. Və...

 

Və nəhayət... uzun sürən təmirdən sonra Bakı Dəmir Yolu Vağzalı 40 yaşında yenidən doğuldu.

 

***

 

Əslində Bakının Dəmir Yolu Vağzalının tarixi çox uzaqlara gedib çıxır. 19-cu əsrin 80-ci illərinə,  uzaq 1884-cü ilə. Həmin il Bakının dəmiryolu vağzalı memarların diliylə desək, “mavritanka” üslubunda inşa olunub. 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında, ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 40 il əvvəl, 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü imiş. Yeri gəlmişkən, elə indi də ən böyüyüdür.

 

 

40 il müddətində vağzal sözün həqiqi mənasında istismar və baxımsızlıq üzündən görkəmini itirmişdi. Nəhayət, qərara alındı ki, bina mütləq təmirə dayanmalıdı. 3 il əvvəl isə binanın əsaslı yenidənqurmasına başlanıldı.



 

***

 

Tofiq dayı deyir ki, bu illər ərzində Bakı vağzalı sadəcə üz qarası idi.



 

- Şəhərin düz mərkəzində, miskin görkəmli bir bina idi. İçəridə siçovulllar belə rahat gəzə bilirdilər. Kassaların qabağında küləkdən durmaq mümkün deyildi. Natəmizlik isə baş alıb gedirdi. Tualetlərə belə yaxın durmaq mümkün deyildi. Sadəcə utanc yeri. Amma indi…



 

Amma indi vəziyyət tamam fərqlidi. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb.

 

 

Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edirlər. Ən əsası, vağzala giriş və çıxış da rahatlaşıb. İnd sərnişinlər üçün dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb. Hər tərəfdə də müşahidə kameraları. Bir sözlə, ətraf tam nəzarətdə.

 

Vağzalla eyni zamanda onun 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb.



 

Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb. Bundan əlavə ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə verilib.

 

 

Bir sözlə, tam Avropa standartlarına uyğun bir dəmiryolu vağzalıdır.


 

***

 

Amma çatışmamazlıqlardan da fani deyil. Kafelərdə qiymətlər od tutub yanır. Biz dəmiryolu vağzalında axşam olduq. Əksər qatarların hərəkət vaxtı. Yenə də platformalarda adi suyun 1 manata satıldığını müşahidə etdik. Mənşəyi bilinməyən ətdən hazırlanımış dönər və lülə kababların 3 manata müştəriyə sırındığını gördük. Şıdırğı alverin isə nəinki qarşısını alan, heç ona nəzarət edən belə yoxdur. Kafelərdə isə sanki müştərinin qəsdinə durublar. Yeməklər keyfiyyətsiz və bahadır. Yeni vağzalın tualetləri isə pulludur. Dünyanın heç bir dəmiryolu və ya aeroportlarında tualetlər pulu deyil. Görünur, bunu da nəzərə almaq gərək olacaq.

 

***

 

Bu neqativ qeydlərdən sonra “insaf da yaxşı şeydir” məntiqini mütləq qeyd eləmək lazımdır. Hə, təmirdən sonra Bakının gözəl bir vağzalı var. 40 ildən sonra müasir bir giriş qapımıza çevrilib. Sözün həqiqi mənasında göz oxşayır. Bu vağzalı icə qoruyub saxlamaq lazımdır.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>