Suriyalı tələbə: "Azərbaycan deyəndə ağıla sakitçilik gəlir"

 

 

Azərbaycanda onu ən çox əsəbiləşdirən xanım sürücülərdir. Şikayət edir ki, qadınlar maşını yolun ortasında saxlayıb, telefonla oynayırlar. Azərbaycan təbiətinə isə heyran qalıb, tərifləməkdən yorulmur.

 

Müsahibim 23 yaşlı suriyalı tələbə Same Al Yaseendir. Suriyanın Deyrozzor şəhərində dünyaya gəlib. Həmsöhbətimiz Azərbaycan Texniki Universitetində Kompüter mühəndisliyi fakültəsinin II kurs tələbəsidir. Artıq 6 ildir ki, burada bacısı ilə yaşayır. Bacısı Sara Al Yaseenin 20 yaşı var. O da eyni fakültənin I kursunda təhsil alır. Sara və Same suriyalı olsalar da, uşaqlıqda, 2004-cü ildə ailələri ilə birlikdə Səudiyyə Ərəbistanına köçüblər. O zaman Samenin 11 yaşı varmış. Hazırda valideynləri paytaxt Ər-Riyad şəhərində yaşayır.

 

Samenin dediyinə görə, orta məktəbi bitirdikdən sonra ali təhsil almaqda çətinliklə qarşılaşıb. Atasının dostunun təkidi ilə Azərbaycanda təhsil almaq qərarına gəlib:

 

- Məktəbi bitirdikdən sonra universitetə qəbul olmalı idim. Suriyada müharibə şəraiti olduğuna görə, yenidən ora qayıda bilməzdim. Səudiyyə Ərəbistanında isə əcnəbi tələbəni dövlət universitetinə qəbul etmirlər. Atamın dostu Azərbaycanda vəziyyətin yaxşı olduğunu dedi və burda oxumağı məsləhət gördü.  Həm Suriya vətəndaşı olduğum üçün qarşımda seçim imkanlarım da az idi. Avropa ölkələrinə getmək üçün suriyalı vətəndaşlara qadağa var. Seçimlər sırasında Misir, İordaniya və başqa Ərəb ölkələrinin adları var idi. Mən də valideynlərimin razılığı ilə Azərbaycanı seçdim. Atam həkim olmağımı istədiyi üçün əvvəlcə Tibb Universitetinə qəbul oldum. 3 il oxuduqdan sonra başa düşdüm ki, mən həkim olmaq istəmirəm və sənədlərimi Texniki Universitetə verdim”.

 

Bura gəlməmişdən əvvəl Azərbaycan haqqında heç bir məlumatı olmayıb. Bakını Avropa şəhərlərindən biri kimi təsəvvür edirmiş. Görəndən sonra da çox sevib.

- Ölkəniz haqqında heç bir məlumatım yox idi.  Məlumat əldə etmək üçün internetdə axtarış verirdim, heç nə çıxmırdı. Sən demə, ərəb dilində yazdığıma görə belə olurmuş.

Bura gələndə həqiqətən bəyəndim. Bakını çox sevirəm, burdan çıxmaq istəmirəm. Buranı o qədər çox bəyənirəm ki, təhsilimi bitirəndən sonra da burda qalıb ixtisasım üzrə işləmək istəyirəm. 

 

“Dva nəfər çıx...”

 

Hər əcnəbi kimi Same də ölkəmizdə dili bilmədiyi üçün çətinlik çəkib. 

- Bura təzə gələndə dili bilmədiyim üçün çox çətinliklər yaşadım. Mağazalarda satıcılara nə istədiyimi izah edə bilmirdim. Hətta bir dəfə satıcı onu başa düşmədiyimi görüb məndən çox pul almışdı. 

Başıma gələn ən maraqlı hadisələr marşrutda olub. Hətta bir dəfə 20 yanvarda “28 Mall” axtarmışam.  Bir dəfə avtobusdan düşəndə sürücüyə pulu uzatdım və “ dva nəfər çıx”  dedim. Sürücü də qarışıq avtobusda hamı mənə güldü. Nə bilim, elə bildim hər iki söz eyni dildədir. Çaşdım. ( gülür)

Bundan sonra Azərbaycan dilini öyrənməyi qarşıma məqsəd qoydum. Bir il idi ki, Azərbaycanda idim. Avtobusda azərbaycanlı qızla tanış oldum. Qızla razılaşdıq ki, mən ona ingilis dilini, o da mənə Azərbaycan dilini öyrətsin. Təxminən 6 ay ünsiyyətimiz oldu. O mənə sıfırdan Azərbaycan dilini öyrətsə də, mən ona ingilis dilini öyrədə bilmədim. O qıza minnətdaram.  Öyrənəndən sonra asan oldu. Sizin də dildə ərəb mənşəli sözlər çoxdur.

 

Same burada olduğu müddətdə Azərbaycanı qarış-qarış gəzib. Demək olar ki, bütün bölgələrdə olub. Bir-bir sadalayır...

 

- Həftəsonları dostlarla gəzməyə çıxırıq. Gedəcəyim rayonları, şəhərləri xəritədə seçirəm. Lerik, Masallı, Astara, Biləsuvar, Qəbələ, Oğuz, Şəki, Qax, Quba, Xaçmaz, Nabranda olmuşam. Ən çox xoşuma gələn isə Qubadır. Qubanın havası tam fərqlidir. Ümumiyyətlə Azərbaycanda ən çox heyran qaldığım Allahın yaratdığı möhtəşəm təbiətdir. Suriyada da belə gözəlliklər var idi, indi yəqin ki qalmaz. Getdiyim bölgələrdə insanlar da mehribandır. Suriyanın kəndlərində də adamlar sizinkilər kimi qonaqpərvər, mehribandırlar, amma onlar heç tanımadıqları adamla çox ünsiyyət qurmazlar. Sizinkilər isə tez ünsiyyət yaradır, adama can yandırırlar.  Ən çox sevdiyim isə ləzgilərdir. Onlar mənim ürəyimə yaxındır.

 

“Tələbənin yediyi ancaq dönər olar”



Same Azərbaycan yeməklərini çox sevir. Ən sevdiyi isə kabab və dolmadır.

- Dadlı yeməkləriniz var. Kababı bizim ölkədə də bişirirlər. Amma sizdə dadlı və fərqli olur. Evdə bacım ancaq ərəb yeməkləri bişirir. Sizin yeməkləri ancaq restoranlara gedəndə dadıram. Ümumilikdə isə tələbənin yediyi ancaq dönərdir. Mən də elə baş qatıram.

 

Same 6 ildə dolanışıqda çətinlik yaşamadığını, dar günün olmadığını deyir.

- Burada xarici vətəndaş kimi işləmək hüququ almamışam. Allah atamın canını sağ eləsin. Pul göndərirlər. Burda kirayə ev tutmuşuq. Öz maşınım da var. Şükür bu günə. Atam ürək həkimi, anam isə ərəb dili müəllimidir.   

 

“Sizin bəzi qaqaşlar adamı əsəbiləşdirir”

 

Same deyir ki,  Azərbaycanda bəzi “qaqaş”larla tez-tez mübahisəsi düşür.

- İndiyə qədər azərbaycanlı oğlanlarla mübahisəm düşüb. Sizin bəzi gənc oğlanlar adamı əsəbiləşdirir. Yolla gedirəm, görürlər ki, xariciyəm, başqa dildə danışıram, başlayırlar lağ etməyə. Yaxınlaşıb Azərbaycan dilində soruşuram ki, “Sən niyə gülürsən ki?”.  Azərbaycan dilində danışdığımı görüb şoka düşürlər və “Heç nə, qaqaş, sənlə deyiləm” deyirlər.

 

“Bizdə oğlanın qızın aldığı evdə yaşaması ayıb sayılır”

 

Same deyir ki Suriyada qızla oğlan sevgili ola bilməz. Suriyalı gənclər sərbəst deyillər.

- Sizin gənclər daha sərbəstdirlər Suriyada qızla oğlan çöldə rahat gəzə bilməz. Xüsusilə qızlar çox qapalı olur. Sərbəst deyillər.

Toy adətlərimizdə də fərqlər var.  Bizdə toyda cehizləri gəlin yox, bəy özü alır. Hələ qızın ailəsi oğlan evindən 15 min dollarlıq başlıq da istəyir. Ona görə bizdə evlənmək bir az çətindir. Bizim adət-ənənəyə görə, oğlanın qızın ailəsinin aldığı evdə yaşaması ayıb sayılır. Sizdə isə bu normaldır. Bizim adətlərə görə qız öz sevdiyi oğlana gedə bilməz. Oğlan qızı görür, bəyənir və gedir birinci qızın ailəsi ilə danışır. Ailənin razılığından sonra bir az danışırlar, nişanlanırlar və bir-birinə sevməyə başlayırlar. Bizim adətlərə görə qız öz sevdiyinə getməz. Yəni sizdəki kimi qızın seçimi sərbəst olmur. Qız ancaq nişanlı olandan sonra oğlanla münasibətini artırır.

Bizdə sizdən fərqli olaraq Fəhlələr günü, Ağac günü də qeyd olunur. Azərbaycanda bütün bayramları xoşlayıram. Bayramlarda burdakı dostlarım bizə də pay verir.

 

Qəribədir ki, Same özü azərbaycanlı xanımla evlənmək istəsə də, bacısının azərbaycanlı oğlanla ailə qurmasına qəti razı deyil

- Azərbaycanlı qızla ailə quraram. Xasiyyətləri haqda nə isə deyə bilmərəm, çünki qız dostlarım azdır. Ümumiyyətlə, hər qızın xarakteri fərqli olur. Sizin qızlar görünüşcə xoşuma gəlirlər. Bacımın isə azərbaycanlı ilə evlənməyinə razı deyiləm. Olmaz!

Sizin  oğlanlar hicablı xanımlara daha çox hörmət edirlər. Bacım da hicablı olduğu üçün bunu nəzərə alıb söz atmırlar, qəribə hərəkətlər etmirlər. Bacımın rəfiqələri var, amma gəzməyə getməyi sevmir. Elə bilirlər ki, mən qoymuram harasa getməyə. Amma elə deyil. Deyirəm, get gəz, əylən, amma özü istəmir.

 

- Məni ən çox əsəbiləşdirən sizin qadın sürücülərdir. Bir dəfə məhlədən çıxmışam, döngəyə dönmək istədim. Qarşıda bir maşın dayanmışdı. Mən özüm yolda çox sakitəm, söymürəm, qışqırmıram. Sakitcə gözləyirəm. Amma sizin sürücülər söyür, qışqırır.  Birdə gördüm arxamda 11-12 maşın dayanıb siqnallayır. Mən də düşdüm maşından, yaxınlaşdım qadın sürücüyə. Şüşəni döydüm. Qadın məni görüb, tez telefonu atdı kənara ki, “Bağışlayın, yolun ortasında olduğumu unutmuşam”.  Dedim, xanım, çək qırağa, zəhmət olmasa.

 

Müsahibimiz deyir ki, azərbaycanlılar, xüsusilə də təhsil aldığı universitetin müəllimləri əcnəbilərə qarşı çox səbrlidirlər: “Universitetdə dərslərimiz asan deyil. Müəllimlər çox tələbkardır, amma bir o qədər də səbrlidirlər. Kəsirlərim də var. Müəllimlərin canı sağ olsun, mənə kömək edirlər”.

 

Same deyir ki, Suriya deyəndə adamın ağlına müharibə, dağıntı gəlirsə, Azərbaycan deyəndə ilk ağıla gələn sakitçilikdir .

- Azərbaycanın yaxşı tərəfləri çoxdur. Deyə bilərəm ki, hələ Suriyadakı hadisələr başlamazdan əvvəl orda da belə vəziyyət idi. Valideynlərim də burda olduğumuz üçün çox arxayındırlar. Azərbaycan vətənim kimi əzizdir”.

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>