Sizin link burada

Vəhşilərin oylağı, Azərbaycanın “Robinzon”u, bir adanın 36 illik sirri... – Səbuhi Məmmədli elə bir yerdən yazır ki...

 

- Bu yolu tut, düz get, heç hara dönmə ha. Yol özü səni aparıb çıxaracaq düz Kurkosaya. Hər ehtimala qarşı, "26"-larda, əgər yolda adam tapsan, yenə soruş. Amma Kurkosa lap o yandadı, uzaqda. Ondan qabaq Jarski var hələ. "Şlyopka" tapmasan, gedəmməyəcəksən, onu da biləsən.

 

Qaramanlıda, yolun kənarında durmuş çoban deyir bunu, çomağını irəli uzada-uzada. Şəhərin mərkəzinə girmirik. Çünki oralıq bir işimiz yox. Dediyi kimi, heç hara burulmadan irəliləyirik. Amma vur-tut 3 kilometrdən sonra yol qurtarır. Üzərinə "Neftçala" yazılmış yol işarəsindən az sonra. Bundan sonrası isə... Hə, bundan sonrası əsil məşəqqətdir. Çünki yol deyilən şey yoxdur faktiki.

 

"26"-lar deyilən yerə birtəhər çatırıq. Yarıuçuq bir tikilidir, üstünə "Yeməkxana" yazılıb. İçəridən biri çıxır.

 

- Kurkosaya düz gedirik?

 

Və dərhal da sonu bədbinlik gətirən izahat:

 

- Hə, heç hara burulmayın, yol sizi aparacaq. Amma siz Kurkosaya gedəmməyəcəksiz axı. Uzağı Sahil qəsəbəsinə kimi. Ondan sonra 6-7 kilometr, ümumiyyətlə, maşın getmir. Gərək traktor tapasız. Tutaq ki, traktor tapdız, ondan sonra "şlyopka" tapmalısız. Yəni kater, lodka. Kater tapsaz belə, onun benzini olmaya bilər, qabaqda isə "zapravka" yoxdur. Gərək geriyə, Neftçalaya qayıdıb bir kanistr benzin alasız. Benzin alıb katerə vursaz belə, yenə də icazəniz olmalıdır. Çünki Kurkosaya buraxılış vərəqi ilə getmək mümkündür.

 

Əcəb işə düşdük. Sürücümüz mızıldanır. Bu əzablı yollarla geriyə, Neftçalaya qayıtmağı heç mən özüm də istəmirəm.

 

- Getdik...

 

***

 

Hə, bayaqdan Kurkosa deyib durmuşuq. Haradı, nədi axı bu Kurkosa? Və biz ora niyə gedirik? Kurkosanın nə olduğunu deyəcəm indi sizlərə. Amma hələlik qısaca...

 

Əslində buranın rəsmi adı "Kür dili"dir. Əski sovetlər dönəmində isə ora "Kurskaya kosa", yəni "Kür əyrisi" adını veriblər. "Kurskaya kosa" isə yerli əhalinin dilində "Kurkosaya" çevrilib.

 

Əvvəl yarımada olan Kurkosa indi adaya çevrilib və Xəzərin Azərbaycan akvatoriyasında yerləşir.

 

Azərbaycanda adaların sahəsinə görə sıralamasında birinci yeri tutur. Uzunluğu 13, eni isə 6 kilometrdir. Və bu adada indi 1000-ə yaxın vəhşi at, mindən çox vəhşi inək, minlərlə dovşan, turac, qırqovul, eşşək, yüzlərlə çaqqal və qaban yaşayır. Və... Və bir nəfər də İNSAN! Vitali Pronin. Əsil Robinzon Kruzo kimi... Təm-tək, vəhşi heyvanların arasında. Və özü də Cüməsiz...

 

Biz Vitalidən də yazacağıq, bu rus balasının bu adada tək-tənha yaşamasından, nə işlə məşğul olmasından da. Bütün bunlar sabahkı sayımızda olacaq. Bizim Azərbaycanın, 21-ci əsrin Robinzon Kruzosunu lap yaxından tanıyacaqsınız.

 

Hələlik Neftçaladan danışacam sizlərə. İnanın ki, çox maraqlıdr. Elə Vitalikin də buralara necə gəlib çıxdığı sizlə məlum olacaq.

 

***

 

Hələ 20-ci əsrin əvvəllərində Çar Rusiyası bu əraziyə xeyli kazak və molokan köçürüb. 1911-ci ildə isə indiki Kurkosa dediyimiz ərazidə ruslar ilk mayakı istifadəyə veriblər. Yeri gəlmişkən, gəmilərə yol göstərən bu mayak 70-ci illərə qədər fəaliyyət göstərib.

 

İndiləri demirəm, buralarda kimlər olmayıb hələ 150 il əvvələ qədər? Nobel, Bekkendorf, Putilov... Hamı neft dalınca gəlib. Yəqin çox az adam bilir ki, ilk neft quyusu Neftçalada 1872-ci ildə qazılmışdı. Deyilənlərə görə, 1923-cü ildə böyük kimyaçı alim Qubkin Neftçala ərazisində geoloji kəşfiyyat işləri apararkən, o vaxt boş, şoran torpaqları göstərmiş və "ayaq basdığınız bu yerlərin hər qarışının altı qızıldır, böyük sərvətdir" demişdi. O vaxt aparılan kəşfiyyat işləri nəticəsində az dərinlikdən belə neft yataqları tapılmışdı. Məhz rusların bura yerləşdirilməsin nəticəsidir ki, Neftçalada xeyli yaşayış məntəqəsinin adı hələ də ruscadır. "Trest", "Jarski", "Pyatitısyaçnı", "Banka", "Xıllı-Boji Promısel", "Provalnı"... Bu adların özünün də maraqlı tarixçəsi var. "Trest" deyilən ərazidə hansısa trest olub. Jarski isə Neftçalanın ən isti yeri imiş. Hə, o ki qaldı "Pyatitisyaçni"yə, burada 5 min voltluq transformator yerləşdirilibmiş. Bax beləcə...

 

Və daha bir neçə maraqlı fakt. Çox az adam bilir, Azərbaycanda ilk aptek 1850-ci ildə indiki Neftçala ərazində Bankə balıq vətəgəsi xəstəxanasının nəzdində təşkil olunub. 1920-ci ildə Azərbaycanın yeni rəhbəri Nəriman Nərimanov isə ölkəyə ilk səfərini məhz Bankədən başlamışdı. Hə, lap yaddan çıxmamış, elə həmin Bankə qəsəbəsində Azərbaycanda ilk Qadınlar klubu belə yaradılmışdı.

 

Bəlkə onu da bilmirdiniz ki, Neftçala Azərbaycanda yeganə rayondur ki, hər il ora milyonlara qonaq gəlir. Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan. Hə, qaz, ördək, durna, qaşqaldaq, qutan və başqa quşlar qışlamağa gəlirlər buralara.

 

Sovet dönəmində bu rayonda maraqlı kolxoz adları olub. Hətta Beriyanın belə adına.

 

Və daha bir maraqlı fakt. 1927-ci ildə Neftçalada hələ indiyədək hamının "nöyütxana" dediyi ərazidə 5 saylı quyudan 50 metr dərinlikdən neftlə birlikdə duzlu su da fontan vurub. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar olunub. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlanıb. Sonradan burada tikilən yod zavodu SSRİ-nin ən böyük zavodu olub.

 

Həmsöhbətimiz Əli dayı deyir ki, sovet vaxtı yayda günəşin qovurduğu Neftçalada buz anbarı olub. Bu buz anbarında isə min tonlarla buz külçələri saxlanırmış. Həm balıq saxlamağa, həm də yod zavodunun ehtiyacları üçün.

 

"Zavod yerin təkindəydi. İçəri əsil soyuducunu xatırladırdı. Hərəsi azı 500-600 kilo olan bu buz kubiklərin haradan və necə gətirilməsini bilməzdik. Amma həmin anbarlarda tonlarla nərə də saxlanılırdı".

 

Əli day deyir ki, Allah bu yerlərə hər şey verib. "Mən özüm coğrafiya müəllimiyəm. Təsəvvür edin, hər dəfə xəzri əsəndə biz dəniz qırağına qaçardıq. Bilirdik ki, dəniz payımızı göndərib. Yüzlərlə balıq çıxardı üzə. Nərəsindən tutmuş, kefalına qədər. Bir də taxta, ağac. Balığı yığardıq, taxta və ağaclar isə aparıb evdə qurudardıq ki, sonra yandıraq. Hə, sənin görmədiyin, mənim isə yaşadığım o Kurkosada. Ora bilirsən necə yerdir? Maldiv adaları nədirsə, Kurkosa ondan da gözəl yerdir. Əsil cənnət".

 

Əslində 1982-ci ilədək Neftçala rаyonunun Şirvanlı ərazi inzibati dairəsinə daxil olan Kurkosayla əlaqə 1981-ci ildə kəsilib. Balıqçı Raci Səlimov Lent.az-ın əməkdaşına deyir ki, həmin ilin sentyabrında Xəzərdə suyun qalxması nəticəsində yarımada adaya çevrildi. "Sovet hökuməti hamımızı çıxardı oradan. Nəinki Neftçalanın, Azərbaycanını ən varlı kolxozuydu ora. Adaya çevriləndən sonra Kurkosada bir neçə ailə qaldı. Sonradan isə ümumiyyətlə, orada bir kimsə qalmadı. Yox, yalan deyirəm, bircə Vitalik qalıb. 66 yaşı var, amma oranı tərk etmək istəmir. Deyir, bura mənim torpağımdır, burada da öləcəm. Anası Antonina xalayla qalmışdı bir qədər əvvələdək. Onu da itirdikdən sonra təkcədir. Neyləyir orada? Balıq tutur, turac ovlayır. İnək kəsib yeyir. Dolanır özüyçün. Sakit, quşların cəh-cəhi, dənizin gətirdiyi rahatlıq, həm də ətrafında bir insan yox. Bacıları Tolyattidə yaşayır, bir qardaşı da Moskvada. Dəfələrlə arxasınca gəliblər ki, dur gedək, nə var bu kimsəsiz adada. Deyir heç hara getmirəm. Ölənə kimi buranı tərk etməyəcəm deyir. Hər şey var o adada. Bir çörəkdi, qənddi, çaydı, onu da alıb aparır balıqçılar ona. Balıq da maşallah, nə qədər desən".

 

...

 

- Bu adada 23 ev qalıb, bir insan...

 

- İllərdi televizora baxmır, lampa işığında oturur, amma dünyanın hər yerindən xəbəri var...

 

- Burada atlar dəniz suyu içir, inək balalarını isə çaqqallar aparır...

 

- Vəhşi atların, qabanların sayı-hesabı yoxdur, hərdən tutub sahilə aparırıq;

 

- Hər yer üzüm bağı, narlıqdır, bitməyən meyvə yoxdur buralarda, amma...

 

 

Lent.az- izləyin, bunları heç yerdə oxumamısız...

 

(Davamı olacaq)

 

 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>