Yatağa girən texnologiya

 

 

Ağayev İlham Əli oğlu tərəfindən köşə.

 

Surəti Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, İnsan Haqları üzrə Ombudsmana və əlaqədar təşkilatlara.

 

Yox, deyəsən bir az ağır alındı. Ancaq vallah, yox, ağır zad deyil. Dünən yaşadığımı Allah heç kimə yaşatmasın. Təsəvvür eləyin, telefonunun ad siyahısında, dədəm də daxil, uzağı, 10-15 adamın nömrəsi olan anamın adı başqa birisinin telefonundan çıxır... Yazıq anam, mənim kimi 30 manatlıq düyməli telefonu var. Ancaq nə olsun, dədəm bilsə, kəsər!

 

Nə isə, çox uzatmadan keçirəm mətləbə. Deməli, indiki sensor telefonlara bir proqram yazırlar, sonra ağlına gələn telefon nömrəsi yaz, həmin an nömrə sahibinin adı telefonun ekranında görünür. Təsəvvür eləyirsiniz? Mən dünən dostumun sensor telefonunda (yeri gəlmişkən, reklam olmasın deyə, telefonun markasını yazmıram) dədəmin, qardaşımın, anamın nömrəsini yazdırdım, adları ekranda göründü. Axı, onların heç birinin nömrəsi dostumun telefonunda yox idi, necə olur bu? Təsəvvür eləyin, dədəmin adı mənim telefonumda “dədə”, anamın adı “ana” kimi qeyd olunub. Ancaq məsələn, dədəmin adı, ekranda belə göründü: “Eli kishi”. Dəli oldum. Bir az da qabağa gedib, qadasın aldığım, hələ də nömrəsini silmədiyim və silməyəcəyim şəhid dostum Raquf Orucovun nömrəsini dedim. Məndə “Raquf qaqa” kimi qeyd olunan nömrə, ekranda “Komutan Raquf” kimi göründü. Sonra ağlımıza gələn “qiymətli” və “zerkalnı” nömrələri yazdıqca, inanın, ölkənin nazirlərinin adı da ekranda göründü. Bax, belə!

 

Qardaş, bu adlar hansı sistemdən, hansı mənbədən götürülür? Mənim dədəmi telefonuna “Əli kişi”, Raqufu “komutan Raquf” kimi qeyd eləyənlər kimdi? Bu məsələnin təhlükəsizlik dozası nə qədərdi? Bu işlər kimə, nə üçün lazımdı?.. Suallr çoxdu və düşünürəm, mütləq araşdırılmalıdı.

 

Yazının əvvəlində əlaqədar təşkilatlar məsələsini əbəs yerə yazmadım. Mən dəli, siz ağıllı, bu məsələdə şəxsi həyatın toxunulmazlığına xələl gəlmirmi?

 

Dostların biri dedi ki, İlham Tumas, bəlkə yazınla bu məsələni reklam eləyəcəksən? Ancaq bir şeyi unuduruq ki, onsuz da bu proqram yayılıb və bundan sonra da yayılacaq. Mən yazdım nə olasıdı, yazmadım nə olacaq?

 

...Qədim Misir papiruslarının birində “Narahat adamın ruhu ilə söhbəti” deyilən biur mətn var. Qəhrəman şikayətlənir: “Mən bu cəmiyyətin səs-küyündən hara gedim? İnsanlar yatağıma qədər gəlib girirlər”. Bu məsələ eradan əvvəl olub, indisə 21-ci əsrdi. Təsəvvür eləyin, nə gündəyik. Belə getsə, mobil telefonun daşını atacam. Bu qədər!

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>