Aqşin Yeniseydən şok sözlər: "Səməd Vurğun pulu xanımının ayağı altına səpirdi"

 

Türkiyədə yaşayan tanınmış azərbaycanlı şair Aqşin Yeniseyin sosial şəbəkədə paylaşdığı son status böyük marağa səbəb olub.

 

Lent.az xəbər verir ki, Aqşin Yenisey Sovet dövründə yaşayan yazıçıların dövlətdən pul aldığını deyib və konkret olaraq Səməd Vurğunun adını çəkib: “Son yüz ildə Azərbaycanda ədəbiyyat ictimai-siyasi imtiyazlar mühitində yaradılıb. İmtiyazlar mühiti nə deməkdir? Loru dildə yazacağam; məsələn, o vaxt hər rayon katibinin qarşısına, ən azı, ayda bir dəfə bir şairi çağırıb kolxozçularla görüşünü keçirmək öhdəliyi qoyulmuşdu. Səməd Vurğun Cəlilabadın Səfərəliyev kolxozunda görüşə dəvət olunurdu və o dövrün katibi Qurbanov yoldaşın vəzifə borcu idi ki, şairi geri qayıdanda əli və cibidolu yola salsın. Şair də evə qayıdıb pulları otağa səpirdi və xanımını o pulların üstündə yeridirdi. Bunu mənə şairin öz oğlu rəhmətlik Vaqif Səmədoğlu danışıb. Kolxozdan əlidolu qayıdan şair bu “ənamla” aylarla məişət azadlığı içində yaşayırdı. Bu, əlbəttə, doğru yol deyildi. Sadəcə, sovet hökuməti sənət adamlarına azad rəqabət və azad yaradıcılıq mühitini qapadığı üçün onları öz himayəsinə götürmüşdü. Bu gün gənc yazarları tüfeyli həyat sürməkdə tənqid edirlər. Sual verirəm, bu gün imzası tanınan hansı tüfeyli gənc yazar ictimai imtiyazlar mühitində yetişmiş rəhmətlik Qabildən, Cabir Novruzdan, Nəbi Xəzridən istedadsızdır? Yalnız istedad hesabına ədəbiyyat yarada bilən bircə şair və yazıçı adı çəkin sovet ədəbiyyatında? Bu və ya digər işinə görə hökumətə yaltaqlanmayan və rahat yazıb-yaradan bircə dənə sovet şair və yazıçısının adını çəkin. Bu gün tüfeyli gənc yazarın yaltaqlığı ancaq odur ki, dil açıb iş istəyir. Bu gün tüfeyli gənc yazara harda azad yaradıcılıq və rəqabət mühiti yaradılıb ki, o, bu mühiti buraxıb gedib araq içir? Hansı sovet yazıçısı, şairi arağa pul vermirdi, öz cibinin puluna ədəbiyyat jurnalı, məsələn, “Alatoran”, “Yazı” çıxarırdı? Sovet yazıçısı özünə mənzil, avtomobil (avtomobil e, a kişi!) ad, titul almaq üçün hökumətin dediyini yazırdı, bu günün gənc yazarı bunu etməmək üçün tüfeyli həyata məhkumdur. Nəhayət, o qədər imtiyazların qarşılığında hansı sovet yazıçısı, şairi Azərbaycan ədəbiyyatını dünyaya çıxardı ki, siz indi tüfeyli gənc yazardan dünya ədəbiyyatına çıxmasını tələb edirsiniz? İnsafınız yoxdursa, bunu, heç olmasa, ört-basdır edin”.

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>