“Bayrağımız Şuşada, Xankəndində də dalğalanacaq” – İlham Əliyev

 

“Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib”.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev bu gün ümumxalq  Novruz şənliyində çıxışı zamanı deyib.

 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan  bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir: “Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir.

 

"Xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni, mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu, onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk.

Biz öz səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik”.

 

Aprel hadisələrinə də toxunan dövlət başçısı deyib ki, aprel hadisələri Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxarıb: “ Ermənistan isə xarici yardımsız yaşaya bilmir. Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.

 

Dövlət başçısı əlavə edib ki, son illərin beynəlxalq münasibətləri göstərir ki, əfsuslar olsun, beynəlxalq təşkilatlar artıq o qədər də ciddi təsirə malik deyillər: "Böyük dövlətlər isə öz maraqlarını güdürlər, beynəlxalq hüququ istədikləri kimi təhrif edirlər. Belə olan halda güc əsas amildir və biz bunu bilirik". 

 

 

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>