Sibir qızının şəkərburası, Ənvər dayının xəyalları, sonunu yaşayan “birinci”... - REPORTAJ

 

Qərar yeni olduğundan sakinlərin əksəriyyəti təzə xəbər tutmuşdu. Bəziləri “ilk dəfə məndən eşitdiyini” deyir.

 

Fotoqrafımız Nicat Əlili ilə Bakının 1 mikrorayonundayıq. Baş nazir Artur Rasi-zadənin qərarı ilə sökülməsi nəzərdə tutulan “Xruşşovka” binaların arasında gəzinirik.

 

1968-ci ildə salınmış mikrorayonun əsas sakinləri neftçilər olub. Ənvər Kərimovun əmisi kimi.

 

Kərimov mikrorayonun ilk sakinlərindəndi. Bura 62-ci ildə əmisi ilə birgə köçüb.

 

-1961-ci ildə Gürcüstanın Marneuli rayonundan Bakıya oxumağa gəlmişdim. Bu evi əmimə vermişdilər. Politexnik İnstitutunda oxuyurdum.

 

 

Deyir, onda burada cəmi 3 bina varmış.

 

- Ayrı heç nə yox idi. Nə dükan, nə məktəb. Heç yol da tam çəkilməmişdi. Ətraf hər yer yaşıllıq idi. Sonra yavaş-yavaş tikdilər. 1968-ci ildə birinci mikrorayon salındı. Gəldiyiniz o yolu da 68-də çəkiblər.

 

72 illik ömrünün 5 ilini bu mikrorayonda, 3 otaqlı evində keçirmiş Ənvər dayı əski bayramlar üçün darıxır.

 

 

- O vaxtın bayramları ayrı cür olardı. Həyətdə böyük tonqal qalayardıq. Çox gözəl keçərdi. Hər şey vardı. Yemək-içmək, deyib-gülmək... O vaxtın qonşuluq münasibəti də fərqli idi.

 

İşarə barmağı ilə yuxarını göstərir.

 

- Üçüncü mərtəbədə Şamxalgil olurdular. Şamxal neftçi idi, həyat yoldaşı Mahirə institutda fizika müəllimi işləyirdi. Gediş-gəliş edərdik. Allah rəhmət eləsin, Şamxal bu yaxınlarda rəhmətə getdi. Mahirə də bir az nasazdı. O gün bizə gəlmişdi. Daha burda olmur. İki ay olar evi kirayə veriblər. İndi qonşuluq münasibətləri saxlayan yoxdu. 10-15 il olar köçüblər, qonşumu tanımıram. Keçəndə salam da vermir.

 

Sonra nəsə yadına düşür və...

 

- Çox gözəl günlərimiz olub. Arzuladığım hər şeyi yaşamışam. Təhsil almışam, əsgərliyə getmişəm, ailə qurmuşam, övladlarım olub, işim-gücüm... Heç nədə gözüm qalmayıb. Qızı da Tümendən gətirmişəm.

 

 

Ənvər dayı əsgərlikdə olanda Valentina xanımla tanış olub, evləniblər. Gələn il onların evliliyinin 50 ili tamam olacaq.

 

- Valya ilə 1968-ci ildə evlənmişik. İnstituta qəbul oldum, getdim əsgərliyə. Qızı da götürüb, qayıtdım Bakıya. Evdəkilər bir az o yan-bu yan elədilər, sonra qəbul etdilər. 49 ildi bir damın altda yaşayırıq. Valya çox gözəl insandı. Cavanlıqda mən çox hövsələsiz olmuşam. O mənə dözüb. Bakıya gələndən 22 il sonra Tümenə gedə bilmişik. Əvvəl uşaqlar körpə oldu, sonra işə-gücə başımız qarışdı, 22 il sonra gedib çıxa bildik.

 

 

- Milli adət-ənənələrimizi mənimsəyib?

 

- Hamısını. Bizim yeməkləri əla bişirir.

 

Masadakı şirniyyat boşqabını göstərib:

 

- Hamısını özü bişirib.

 

- Şəkərbura çox böyükdü.

 

-(Gülür) Sibir şəkərburasıdı. “Sibiryaçka” bişirib. Özünəməxsus hazırlayıb. Amma dadına söz ola bilməz.

 

Ənvər dayı uzun illər Kənd Təsərrüfatı Nazirliyində işləyib. Hazırda təqaüddədir.

 

-24 il, qızım! Mühəndislikdən ta rəisliyə qədər qalxmışam.

 

Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikiləcək. 

 

 

- Sizin binanın vəziyyəti necədi?

 

- Bu binada təhlükə yoxdu. Başqa binalarda vardı, uçurtdular.

 

- Amma sökəcəklər.

 

- Ona mənim ömrüm çatmaz. Sökülməsi 10 il çəkəcək. Birdən-birə olmaz. Söksünlər. Çox yaxşı! Yeni binalar olacaq. Di gəl, yaxşı tikələr. Başdansovdu yox. Bunun kimi zəlzələyə davamlı olsun. Bakıda 7.5 bal gücündə zəlzələ olanda bizim binanın burnu da qanamadı. 9 bala qədər davamlı olub. İndi deyə bilmərəm, xeyli vaxt keçib.

 

- Söküləcəyi ilə bağlı sakinlərə məlumat verilib?

 

- Hələlik yox. Qərar təzə çıxıb, yəqin deyəcəklər.

 

Ənvər dayının xəyalları bu “xruşovka”lı mikrorayonla bağlı olsa da, arzu və ümidləri yeni tikiləcək binaların həm çölünün, həm içinin gözəlliyi, orada yaşayacaq insanların mehribanlığı ilə bağlıdır. Odur ki, “olsun” deyir.

 

Olacaq. Yaxın gələcəkdə Bakının ilk mikrorayonu da məşhur “Sovetski” məhəlləsi kimi tarixə qarışacaq...

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>