“Fred, dur, Alını öldürürlər” - İki milli qəhrəman haqqında bir əhvalat

 

1991-ci ilin soyuq aylarının biri idi. Dağlıq Qarabağ ətrafında vəziyyət gün-gündən pisləşirdi. Ağdamda mərkəzi meydanda hər gün qızğın polemikalar, mübahisələr gedir və bəzən də müxtəlif qərarlar verilirdi. Üzdə görünən iki əsas qüvvə vardı -  Azərbaycan Xalq Cəbhəsi Ağdam rayon şöbəsinin və Haqq Cəbhəsinin könüllüləri.  

 

Ağdamın və Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi ilə bağlı qızğın müzakirələrin birinə Xalq Cəbhəsi könüllülərinin əsas liderlərindən Alı (Milli qəhrəman Allahverdi Bağırov) və Haqq Cəbhəsində toplaşanların lideri Fred Asif (Milli qəhrəman Asif Məhərrəmov) da qoşulmuşdu. Sözsüz ki, hər iki liderin sözü tərəfdarları üçün mühüm istinad nöqtəsi idi.

 

Allahverdi Bağırov müzakirələrə çox qoşulmurdu. Əsasən öz tərəfdarlarının fikirlərinə dəstək vermək üçün meydana gəlmişdi. Asif Məhərrəmov da müzakirəni kənardan izləyirdi. Əsəblərin tarıma çəkildiyi anda Asif Məhərrəmov müdaxilə elədi və qarşı tərəfə etirazını bildirdi.

 

Müzakirə davam etsə də Allahverdi Bağırov Asif Məhərrəmovun arqumentindən sonra fikir bildirmədi. Bir az sonra müzakirə davam etsə də, hər iki lider meydanı tərk elədi. Bu, heç bir qərar verilməyəcəyinə bir işarə idi.

 

Bütün zamanlarda ipə-sapa yatmayan, heç kimin qarşısında geri çəkilməyən Allahverdi Bağırovun Asif Məhərrəmovun fikirlərinə heç bir şərh vermədən müzakirəni dayandırması mənə təəccüblü göründü. Və bunun mütləq bir niyəsi olduğunu düşündüm. Əslində Alının Fredin sözünü çevirmədiyini çoxları bilirdi. Amma heç kimin, heç nəyin qarşısında sözünü, fikrini dəyişməyən Allahverdi Bağırovun Asif Məhərrəmova bu münasibətinin nəsə bir kökü olmalıydı.

 

Bunu öyrənmək istəyi ilə əvvəlcə Xalq Cəbhəsi fəallarının toplaşdığı restorana yollandım. Alı yox idi. Fredin “İmarət”də ola biləcəyini təxmin edirdim. Yanılmamışdım. “İmarət”dəki çayxanada cavanlarla söhbətləşən Fredin oturduğu masaya yaxınlaşdım.

 

Həmişə maraqlı söhbət edən Asif Məhərrəmov yenə başına gələnlərdən danışırdı. Söhbətin arasında nəfəs dərmək istəyən Fredə sualımı ünvanlanıram: “Asif, nə yaxşı bayaq Alıya etiraz eləmədiz?”

 

Asif Məhərrəmov üzümə baxdı. Hiss olunurdu ki, danışmaq istəmir. Amma hamı Fredin nə deyəcəyini maraqla gözləyirdi. Bu məni ürəkləndirdi və sualı başqa formada yenidən təkrar elədim.


Hər saat üzü gülməyən Asifin yüngülcə dodağı qaçdı: “Köhnə söhbətdi”.

 

Kənardan kiminsə “sən Allah, nə söhbətdi?” deyə müraciətindən sonra Fred illər əvvəl baş verən hadisəni danışdı.

 

“Orenburqda komendaturada idik. Mən də, Alı da. (Hər iki milli qəhrəman 70-ci illərin sonunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunaraq islah işləri cəzasını Orenburq vilayətinin Novotsarst rayonunda çəkib –A.Q.)

 

Gecə idi, yatmışdım. Bir də gördüm, bir rus balası qışqıra-qışqıra məni oyadır: “Fred, Fred, nə yatmısan, dur! Alını öldürürlər!”  Ta soruşmadım kim öldürür, niyə öldürür. Gəldim ki, 5-6 nəfər əli bıçaqlı, “montirovka”lı, Alını salıblar “kruq”a. Hamı qorxusundan çıxıb aradan. Fətvası verilib. Ölməlidi.

 

(Kriminal aləm barədə məlumatı olanlar bilir ki, Orenburq keçmiş SSRİ-də ən qəddar, ipə-sapa yatmayan “zek”lərin  toplaşdığı məkan kimi ad çıxarmışdı. Amma Allahverdi Bağırov kriminal aləmin yazılmayan qanunları qarşısında da sözünü, fikrini dəyişən deyildi – A.Q.)

 

Yaxınlaşanda dedilər, sən qarışma. Mən nətər qarışmaya bilərdim? Sadəcə, məni başa salmaq istəyirdilər ki, fətva verilib. Amma mən qarışmaya bilməzdim axı. Girdim ortaya dedim, “bərk dur”. O bərk dur, bu bərk dur... İkimiz də əli yalın. Mən "uspet" eləyib heç nə götürə bilməmişdim... Amma salamat çıxdıq də...

 

Alı heç vaxt, heç kimin qabağında sözünü geri götürməyib. Amma bu hadisədən sonra mənim sözümə heç vaxt "otkaz" eləməyib. Mən də ona nahaq söz demərəm axı...”

 

Vəssalam.

 

Fredin dedikləri bu qədər oldu...

 

Asif Məhərrəmov bu söhbəti edəndə onlar heç biri milli qəhrəman deyildi. Onun danışdığı bu əhvalat baş verəndə ermənilərin Qarabağ iddiaları baş qaldırmamışdı...

 

İllər öncə uzaq Orenburqda baş verən bu hadisədə Fred sadəcə Alını, öz həmyerlisini, dostunu xilas etmirdi, sonradan yüzlərlə insanın xilaskarı olacaq, Xocalı boyda faciə yaşayan bir millətin ümid yerinə çevriləcək bir milli qəhrəmana arxa-dayaq olurdu. Bəli, onlar hər ikisi bu millətin ümid yerinə çevrildi və yüzlərlə insanı öz arxalarınca apara bildilər...

 

Mənsə illər öncə şahidi olduğum və Azərbaycanın milli qəhrəmanları Allahverdi Bağırov və Asif Məhərrəmovun həyatının mühüm bir məqamını sizlərlə bölüşdüm...

 

LENT

28 May 2017
27 May 2017

Digər xəbərlər >>>