"Sovetski"nin daha iki küçəsi asfaltanır

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələr çərçivəsində Balababa Məcidov və Abdulla Şaiq küçəsinin bir hissəsində artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən  məlumata görə, yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri də inşa edilib.

 

Sözügedən küçəyə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtük döşənir. Artıq bu işlər yekunlaşmaq üzrədir. Belə ki, örtüyün 5 sm qalınlığında olan son aşınma qatı döşənir. Bundan başqa layihə çərçivəsində yeni kommunikasiya xətləri və yağış suları üçün 1300 p/m drenaj xətti qurulub, işıqlandırma dirəkləri quraşdırılıb, səkilərə tamet daşlar düzülüb.

 

Bildirək ki, tikinti işlərinin aparıldığı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7 – 15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndirilib.

 

Burada da asfaltlanma işlərinə başlanılıb. Artıq küçənin 700 metrlik Əbilov və Füzuli küçələri arasında yerləşən hissəsinə asfalt-beton örtüyünün ilk layı vurulub. Hazırda sözügedən ərazidə piyada səkilərinin tikintisi və səki daşlarının düzülməsi işləri aparılır.

 

Layihə çərçivəsində digər küçələrdə isə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi və bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri aparılır.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

 

 Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

  

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscidi ətrafındakı yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.         

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>