Sizin link burada

QHT Şurasında aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda çıxış edən Şura sədri, deputat Azay Quliyev ölkə prezidenti İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını deyib. A. Quliyev Ermənistanla atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altında olan torpaqlarımızın bir qisminin məhz aprel şəhidlərinin şücaəti sayəsində düşməndən azad olunduğunu bildirib: “Sizin övladlarınız aprel döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız siz deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur”.

Görüşdə çıxış edən Şura üzvü, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışıb və Şuranın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Görüşdə çıxış edən aprel şəhidlərinin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər. Onlar həmçinin övladlarının adlarının əbədiləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikirlərini çatdırıblar.

Şura sədri A.Quliyev hər zaman şəhid ailələrinə diqqət göstərilməsinin vəzifə borcları olduğunu deyib və görüşdə səsləndirilən təkliflərin araşdırılması və aidiyyatı qurumlara təqdim olunması üçün müvafiq addımların atılacağını bildirib.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>