"Araşdırma aparan şəxslər heç vurma cədvəlini bilmirlər" - Məleykə Abbaszadə

 

Dövlət Qulluğuna qəbul imtahanlarının ödənişləri hələ dəqiqləşdirilməyib. 
 
 
Lent.az-ın məlumatına görə, DİM sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib ki,  dövlət qulluğuna dair bəzi qaydalar təsdiqlənsə də, müsahibə ilə əlaqədar qaydalar təsdiqlənməyib: “ Hazırda müsahibə ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Qaydalar təsdiqləndikdən sonra imtahanların qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək”.
 
 
M. Abbaszadə mətbuatda ekspertlərin arayışına əsasən DİM-in imtahanlardan əldə etdiyi gəlirlərin hesablanaraq ictimaiyyətə təqdim olunması xəbərinə münasibət bildirib. 
 
 
DİM sədrinin sözlərinə görə, yazıdan məlum olur ki, araşdırma aparan şəxslər heç vurma cədvəlini bilmir, adi riyazi əməliyyatı aparmağı bacarmırlar: “ Hətta özlərinin yazdığı hesablamarda belə "5+2" əməlinin cavabını 9 kimi qeyd edirlər. Maraqlıdır ki, daxil olan və xərclənmə məbləği nəyə istinadən verilib? Ümumiyyətlə, daxil olan məbləğin hamısı gəlir ola bilməz”. 
 
M.Abbaszadə vurğulayıb ki, bu il ilk dəfə olaraq imtahanlar ödənişli keçiriləcəyindən DİM-in hesabında müəyyən maliyyə vəsaiti olmalıdır: “ Bu vəsait  DİM-in hesabında əvvəlcədən olmalıdır ki, imtahan təşkil olunsun. Biz müəyyən məbləği hökumətdən gözləyirik. Bu məbləğlə əlaqədar prezidentin müvafiq sərəncamı ilə dövlət hesabına qəbul imtahanlarında pulsuz iştirak edəcək abituriyentlərin sayını bildikdən sonra  hökumətə  müraciət edə bilərik.  Bundan sonra müraciət edərək deyə bilərik ki, bu sayda abituriyentin pulunu DİM-ə ödəməlisiniz”.
 
 
M.Abbaszadə qeyd edib ki, imtahanların yeni qaydalarla keçirilməsi keyfiyyətə heç bir təsir etməyəcək: “İmtahanın keyfiyyəti dəyişməyəcək. İmtahan yenə də həmişəki keyfiyyətlə, bəlkə də daha yaxşı keçiriləcək. Amma gələn il pulun bizə necə və nə qədər daxil olduğunu bildikdə imtahanın aparılma şəraitini, keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə onu nəzərdə tuturam ki, hər bir stolun arxasında bir abituriyent otursun. Təbii ki, bu daha çox vəsait və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacağıq. Hələlik bu məsələdə qeyri-müəyyənlik var.  Çünki kimlərin sənəd verəcəyini, eləcə də onların neçə faizinin məhz dövlət və ya öz hesabına müsabiqədə iştirak edəcəyini bilmirik”. 
 
 
“Qəbul imtahanlarının qiymətləri ilə bağlı Tarif Şurasına bir neçə layihə təqdim etmişdik. Qəbul imtahanlarının Tarif Şurası tərəfindən təsdiqlənən qiymətləri də DİM-in verdiyi layihələr sırasında var idi” –deyə, M.Abbaszadə əlavə edib.
 

LENT

25 Mart 2017
24 Mart 2017

Digər xəbərlər >>>