Sizin link burada

Forum iştirakçılarının şərəfinə ziyafət verildi

Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

 

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ziyafətdə iştirak ediblər.

 

Ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, eləcə də bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

 

Ziyafətdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa yüksək səviyyədə qonaqpərvərliyə görə nümayəndələr adından minnətdarlığını bildirib, Azərbaycana hər səfərlərində daha böyük tərəqqi və uğurların şahidi olduqlarını vurğulayıb. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasında Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirib.

 

Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini qeyd edən Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə rolunun get-gedə artdığını bildirib.   

 

Vayra Vike-Freyberqa bildirib ki, hər bir ölkə öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun surətdə bərpa etmək hüququna malikdir. Bütün Avropa İttifaqı ölkələri, o cümlədən Latviya belə bir ideyanı güclü surətdə dəstəkləyirlər.

 

Latviyanın sabiq prezidenti  Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu prezident İlham Əliyevə təqdim edib.

 

Azərbaycan prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin təmsil etdiyi qurumun fəaliyyətinə hərtərəfli dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı ilə ölkəmizlə Misir arasında mədəniyyət sahəsinə dair məsələləri müzakirə etdiklərini xatırladıb, belə görüşlərin davam edəcəyinə ümidvar olduğunu söyləyib. İsmail Serageldin növbəti Qlobal Bakı Forumunun daha möhtəşəm olacağına əminliyini vurğulayıb.

 

Pezident İlham Əliyev Azərbaycan tarixinin istər sovet dövründə, istərsə də ölkəmizin müstəqilliyinin bərpa olunması və dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini xüsusi vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycanın nüfuzlu dövlətlərdən birinə çevrildiyini, çoxlu dostlarının olduğunu və gələcəyə nikbinliklə baxdığını deyib.

 

Dövlət başçısı qeyd etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mötəbər quruma çevrilib və bu da dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin daha geniş təbliğinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Beşinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. 

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>