Mağar novellası

 

Ötən ilin dekabr ayının sonları idi, kefimiz kök, damağımız çağ, deyib gülə-gülə “28 may” metrostansiyasından çıxırdıq. Havada şaxta vardı. Soyuq iliyimizə işləyirdi. Buna baxmayaraq, dediyimiz şeirlər,   danışdığımız lətifələr əməlli-başlı  canımızı qızdırırdı. Metrodan çıxan kimi, elə bil, bizi “tok” vurdu. Lətifə-zad  yaddan çıxdı. Soyuq iti dişləri ilə  əl-ayağımızı dişlədi. “28 may” metrosunun qarşısında çadır qurulmuşdu. Çox təssüfləndik. Kimsə rəhmətə gedib – deyə düşündük.

 

Dostumun  biri dedi, yazıq kimdisə, yeni ili görməmiş, dünyaya əlvida deyib.  İki gün  artıq yaşasaydı, yeni ili görə bilərdi. Əgər nişanlı idisə, sevgilisi ilə  yeni ili qeyd edərdi. Evli idisə, arvadı ilə gəzməyə çıxardı, ucuz restoranların birində oturub  yüngülvari bayramı qeyd edərdilər. Əgər uşaqları vardısa,  şəhərə gəzməyə çıxardılar. Uşaqları şaxta baba ilə şəkil çəkdirərdi. Atası onlara partlayıcı alardı ki, yeni il axşamı küçədə partlatsınlar.

 

Biz eləcə metronun çıxışında dayanıb dostumun matəm  nitqinə qulaq asırdıq. Bayaqkı lətifələrin yerini qorxu və kədər hissi tutmaqda idi. Mən heç nə deyə bilmirdim. Elə bil, dilim lal olmuşdu.

O biri dostum əlbəəl sözə başladı.

 

- Yox, nə danışırsınız. Bu, toy mağarına oxşayır. Sevən cütlüklərin biri  artıq park və xiyabanlardan azalacaq. Onların sevgi ərazisi  ancaq bir otağı  dolduracaq.

 

- Bəs mağarı məhz  “28 may” metrosunun qarşısında  niyə tiksinlər ki? O qədər şadlıq saraylarımız var. Niyə orada toy etməsinlər? – Dostumun biri dedi.

 

- Adam daha şadlıq saraylarından bezib. Heç bir  sarayın səs akustikası düzgün qurulmayıb. Heyf deyil mağar?! Musiqini canına çəkib sonra  effektli şəkildə qulaqlarımıza ərmağan edir. Sağ olsun bu qaqaş,  kimdirsə,  inqilab eləyib, ağıllı iş görüb. Küçədə toy vurdurur. Halal olsun.

 

O biri dostum yenə sualının üstündə möhkəm dururdu.

 

- Lap yaxşı eyy, məni başa salın görüm, bu qaqaş   bu mağarı “28 may” metrosunun qabağında niyə qurdurub, ayrı bir  küçə  tapa bilməzdi?

 

- Qardaş, sən bunu dərk edə bilməzsən– o biri  dostum dedi -  bu qaqaş ağıllı, çox uzaq  görən  cahıllardandı. Ona görə mağarı burda qurdurub ki, “Vağzalı” sədaları metromuza  yaraşıq versin.  Metronun içində də vağzalı, çölündə də. Bunun nəyin pisdi? Həm də gəlib-gedəni çox olsun. Baxma da, “28 may” “xodovoy” yerdi.

 

Dostumun biri  bir az irəli mağara tərəf gedib  qulağını dinşədi.

 

- Qardaşlar,  burda toy vurduran  qaqaş elə bəlkə qızla bu yerdə  tanış olubmuş. Səyyar valyuta dəyişən imiş. Qız da  bir neçə dəfə gəlib  rus pulu dəyişib. Qaqaş da  hər dəfə ona atırmış. Qız da dinmirmiş. Qaqaş görür ki, qızın pulu çoxdu,  evlənib onunla. Qərara alıb ki, elə toyu burda  çaldırsın. Toy gecəsinə kmi yenə bir-iki “kruq” eləsin,  pul qazansın,  yeni il qabağıdır axı.

 

 Bu yas mağarıdır  - deyib duran dostum  başını mənim başıma söykədi.

 

- Başımız sağ olsun. Vallah bu, yas mağarıdı. Siz  bilirsiniz ki, ilin-günün  bu  vaxtında ölmək necə dəhşətlidir?  Soyuq məzarda üşüməyi heç ağlınıza gətirirsiniz? Adam lap donar ki... Allah bizə belə bir vaxtda  ölüm qismət eləməsin.  Yayın ortasında ölməyə nə var.  Çöl isti, məzar sərin. Amma şaxtada ölmək it əzabıdır.

 

Birdən qəfil içimdən gözlərimə doğru dərin bir kövrəklik gəldi. Ayağımı yerə vurub bərk  qışqırdım.

 

- Bəsdirin də, ağlınıza gələni danışırsınız. Heç bilirsiniz, mən necə kövrəlmişəm. Bu mağarı  burada nədən ötrü tikiblər  xəbəriniz var?

 

- Yox, bilmirik.

 

- Bilsəniz, sevinc yaşları, minnətdarlıq hissləri  sizi boğar. Bu mağarı burada ya  hökümət qurdurub, ya da alicanab hacılardan biri.  Lap onlar qurmayıblarsa, iş adamlarımızdan bir qurdurub. Deyib ki, bu iş lap mənim Həcc ziyarətinə getməyimə  bərabər bir iş olsun.

 

Dostlarım bir ağızdan dedilər, Allah  ziyarətini  qəbul eləsin.

 

Sonra soruşdular ki, bu cadırı nəyə görə  burda qurdurub?

 

- Ayə, siz nə qanmaz adamsınız?! Küçələrimizdə üşüyən kimsəsiz adamları, qocaları gətirib yığacaqlar  bu çadıra.  Qoymacaqlar  ki, onlar keçən ilki kimi küçədə donub ölsünlər. İçində “peç” quracaqlar.  Çadıra gətirdikləri   adamlara  isti çay, yemək-zad verəcəklər. Onlar  qış qurtarana kimi burda qalacaqlar.  Sən mənim insanlarımın ürəyinə bax, ay allah, gör nə qədər mehribançılıqdı.

 

Dostlarımın hamısı  bir ağızdan dedi ki, Allah bu çadırı quranın köməyi olsun. Nə məqsədlə qurubsa, Allah  arzu-diləyinə çatdırsın.

Çadırın yanına gəldik ki, görək içəridə nə qədər kimsəsiz qoca  var?

Gördük  içəridə  polka (piştaxta)  üstə  bərk dava  gedir.

Kişinin biri polisə deyir:

- Sən öl, bu polkanı bura qoymaq üçün 500 manat pul vermişəm.

O birisi deyir:

- Mən 780 manat vermişəm.

Çadırın içində  təxminən 40-dan çox polka vardı. Yer üstündə dava idi.

Soruşdum ki, siz burda nə satırsınız?

 

Dedi: Yeni il üçün  partladan, tapança, maska, zər - belə şeylər satırıq - sonra xeyli  fikrə gedib əlavə etdi - Çadırın bura qoyulmasına 10  min  manata kimi  yer haqqı vermişik.

Allah Həcc ziyarətini qəbul eləsin, hacı - dostlarımın biri pıçıldayır.

Sürətlə adına mağar dediyimiz  alış-veriş mərkəzindən   uzaqlaşırıq.

LENT

25 Mart 2017
24 Mart 2017

Digər xəbərlər >>>