Sizin link burada

Gömrük Komitəsinin bəzi əməkdaşlarının maaşı artırıldı - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıab:

 

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 92; 2016, № 2 (II kitab), maddə 274) 1-ci hissəsində “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

4. Bu Fərman 2017-ci il fevralın 1-dən qüvvəyə minir.

 

 

Qeyd edək ki, fərmanın qüvvəyə minməsi ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə ediləcək. 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>