Sizin link burada

Biz niyə ölmədik?... axı belə danışmamışdıq...

 

“Kişinin qorxusunu itirməsi

qadının bəkarətini itirməsindən

qat-qat ciddi hadisədir”

Dino Bussati

Məncə ilk dəfə onda diksinib utanmışdıq. Birinci sinifdəydik. 20 Yanvar xalqqırımının anım günü idi. Müəllim, üzünü sinfə tutub pedantcasına söylədiyi “İlqar və Larisa öləndə sizin yaşınızdaydılar” cümləsini sanki, “Axı siz niyə yaşayırsınız?!”, - deyə bitirəcəkdi. Hər il bu “ayıb”ımızın israrla təkrarlanmasından doğan bezginlik yox, sanki ölümə hər gün bir az daha gecikməyimiz idi bizi utandıran...

Sonralar familiyarcasına üzümüzə vurulan daha bir qeyri-səmimi nağıl isə Şah İsmayılın 14 yaşında dövlət başçısı olub ölkələr fəth etməsi idi... biz isə o yaşımızda məftildən hazırladığımız üzüklə yalnız parta yoldaşımız bir “Səadət”in ürəyini fəth edə bildiyimizə sevinirdik... sevgiylə yenicə tanış olurduq ki...

Sinif rəhbərimiz Xocalıdan idi... Sinfimiz Xocalı... Sanki Qarabağın intiqamını almaq üçün özəl yetişdirilirdik... və şəhid şəkillərinə uzun-uzun baxmaq bizim üçün ən maraqlı şakərə çevrilmişdi... öyrəşmişdik şəkildəki şəhidi xəyalımızda diriltməyə... alınırdı da... əlimiz də alışmışdı rəsm dəftərinə qan damlaları haşiyəsində sinəsini güllə deşmiş şəhid rəsmləri çəkməyə... xırda uşaq ovuclarımız da batmışdı rəsmdəki şəhidin qan boyasına...

Qarabağın qara bağlı günlərinə özəl olaraq hazırlanan məktəb səhnəciklərində dəfələrlə keçmişdik ölüm məşqlərindən... sinfimizin qızları üzərimizdə ağı deyib ağlayan ana rolunu ifa edirdilər və tədbirin sonunda o ən yaxşı ölən “şəhid”in gündəliyinə “üstəgəlli”, “ulduzlu”, “güllü” beş qiyməti yazılırdı... “ölüm”ü qiymətləndirilməyən sinif yoldaşımız isə ağlaya-ağlaya, növbəti tədbirdə daha yaxşı öləcəyinə söz verirdi.

“Vətən üçün necə yaşaya bilərik”, - deyə düşünürdük, amma sanki bütün fikir qapıları ölümə açılırdı. Əslində bilirdik intiqama yox, ölümə hazırlandığımızı – şəkillərinə baxıb xəyalımızda diriltdiyimiz o şəhidlər kimi ölməyə!... Narazı olmağa əlimizdə heç bir əsasımız yox idi və sanki dini ayin, bir ibadətmiş kimi patriarxal mehriban bir ahəngdarlıqla sevmişdik ölümü. Hətta şəklimizi qara bığlı, göy beretli bir şəhid əminin şəklinin yanında təsəvvür edib sevinirdik.

Gözləyirdik ki, gözlənilən Qarabağ günü yetişəcək və biz görəvə yollanacağıq...

Gözləyirdik ki, öldürəcəyik... yaralanacağıq... öləcəyik!...

Düşünürdük ki, bizdən xatirə, sinəsini güllə deşmiş əsgər mundirimizin cibindən çıxan içində 3 dənə siqaret qalmış əzik “Astra” qutusu və bir də bir “Səadət”in şəkli qalacaq...

Elə bilirdik ki, ondan sonra şəklimiz bir məktəbin uçuq-sökük divarına vurulacaq və yaşadıqları üçün qarşımızda utanıb-ölüb-yerə girən, bizi təsəvvürlərində dirildən, rəsm dəftərlərindən qan damlayan, ölümə təşnə yeni ölüm yolçuları yetişəcək.

Tilsim qırıldı! Gözümüz ölümün yolunda qaldı.

Niyə?

Axı biz utanmışdıq ölmədiyimizə görə...

Axı Qarabağ qarşısında dayandığımız o bir dəqiqəlik sayğı duruşlarında heç qımıldanmamışdıq da...

Axı öləcəyimizə sanki söz verilmişdi...

Əgər ölməyəcəkdiksə danışdığımız kimi, bəs onda niyə yaşamadıq?

Əgər əsas məsələ əsaslı öyrənilmiş həqiqətlər deyildisə, bəs bizlər nə üçün fenomenal itaətkarlığa tabe edildik?

Bəlkə heç Qarabağ yoxdur?... bəlkə Qarabağ bizik?...

Bəlkə elə ibtidai sinifdən yaşamla utandırılıb, ölümlə müjdələnərək, elə o vaxtdan uduzulmuş, öldürülmüş, itirilmişik?!...

 

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>