Sizin link burada

Serialların başıma açdığı oyunlar

 

Evdə televizor da durub üzümə. Hamı  gözlərini əl kimi qoyub mənasız serialların üstünə. Əgər mənim gəlişimi bilib, bir anlıq gözlərini çəksələr, hamı duracaq üzümə. Azərbaycan  seriallarının mənasız və zəif  olduğunu  sübut  eləmək məsələsində  gücsüzəm. Ona görə də yaxşısı budur, səssiz keçim içəri. Ayaqqabılarımın taqqıltısını dəhlizin ağzına salınmış köhnə yun xalça ilə söndürürəm. Heç nəvələr də bilmir gələn mənəm. Çünki onları  seriala görə artıq çoxdan  yatırdıblar. Səsləri qab-qacaq kimi yığışdırılıb evdən. Evin bir güncündə  əyləşirəm. ATV-də göstərilən mənasız, məzmunsuz bir serial. Elə bil, toy kamerası ilə çəkilib. Köhnə hadisələr, primitiv qısqanclıqlar, küçələrin  böyür- başı, tinlər, bayağı qaçışlar, qovmalar, qışqırmalar və ağlamalar...  Dili  qüsurlu, dialoqları baş-ayaq. Bir sözlə, adamın ətini tökən orta məktəb şagirdinin inşasından da zəif bir ssenarinin gülməli səhnə görüntüsü mənimlə davaya qalxır. Köhnəlik, primitivlik lap mənimlə dirəşib. Üzümə qabarır hər yerdə. Heç olmasa, bu serialın dilinə fikir verəydilər, dilini fikir vermirlər, türk seriallarında oğurladıqları personajlara fikir verəydilər. Ona da fikir vermirlər,  barı heç olmasa, kameraları əllərində düz tutaydılar, adamların  başı çox vaxt bütöv görünmür, adamı alnına qədər çəkirlər.

 

Əlac yoxdur, mən susmalıyam. Lap bu saat gedib evimi rəngləmək üçün boya alsam belə, yoldaşımın  diqqətində olmayacaq. Evimizi  rəngləmək onun arzusudur. Kül boya şirkətinin başına ki, gör hansı serialın altına reklam verib.

 

Deyəsən, bərk nəfəs alıram.  Nəfəsim evdəkiləri serialdan ayıra bilər. Bir dəfə belə oldu. Girdim içəri, ucadan nəvəmin birini səslədim, uşaqlar yuxudan oyandılar, cumdular üstümə. ATV-nin serialı oldu yalan, mən oldum gerçək. İradın ən böyüyü belə idi: hanı sənin serialın? Hanı sənin mahnıların? Adını şair qoymusan, heç nəyin yox. Nəyimizə lazımdı Belçıkada fransız dilində, Tehranda fars dilində, Hollandiyada  ingilis və holland, Moskvada rus dilində çıxan  kitabların? Heç nə deyə bilmərəm. Əlac susmaqdır. Burda bir az mən cəsarətlənə bilərəm. Kanalı dəyişərəm. Elə də edirəm. Ümidim var ki, yəqin, o biri kanalda ciddi bir şair haqqında veriliş gedər, fakt kimi qoyaram, deyərəm, baxın mən belələrindənəm.

 

Vay, mən neylədim?! Burda da Mikayıl şousu tüğyan eləyir. Evdə səs daha da ucalır. “Heç səni sayıb Mikayılın verilişinə çağırmırlar”. Yox, mən kanalı dəyişməliyəm. Özümü tapmalıyam. Cəhdlərim uğursuzdur. Mən heç harda yoxam. Elə mən evin aşağı hissəsində səssiz dayanmağa layiqəm. Amma nə vaxtacan belə? Mən işdən gələndə seriala görə nəvələrim  nə vaxtacan yuxuda olacaqlar? Hələ kəndimizdən gələn zənglər. Niyə televiziyaya  çıxmırsan? Nə edim axı?! Necə deyim ki, məni televiziyaya  seriallar qoymur. Xətirlərinə dəyə bilər.

 

Evim sükut içindədir. Evimi başına götürən yalnız gizli  bir serialın mənasız görüntüləridir. Serialın  azərbaycanca gücü odur ki,  gərək obraz qışqırsın, obraz hirsli danışsın. Qaynana zülmkar olsun, gəlin qorxaq olsun, amma xəyanət eləsin, bu xəyanəti də bir nəfər bilsin. O bir nəfər də hər an  bu xəyanəti açmaq zorunda qalsın. O da 5-6 bölüm bu sirri  açmasın. Evdə yağ daşsın, yemək yansın...

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>