Anasını döyən qardaşını öldürdü - 20 İL HƏBS TƏLƏBİ

 

 

Şamaxıda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatlna görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında A.Rəşidzadənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra təqsirləndirilən şəxsin vəkili Günay Hacıyeva müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu, dövlət ittihamçısının istədiyi cəza ilə razı olmadığını bildirib. Vəkil məhkəmədən ədalətli cəza təyin edilməsini istəyib.

 

Məhkəmənin növbəti prosesi yanvarın 19-na təyin edilib.

 

İttiham aktına əsasən, Şamaxı rayon sakini, 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı, 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.

 

Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə qadının qolunu yaralayıb.

 

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

 

Qardaşını öldürən şəxs ilkin ifadəsində bildirib ki, hadisə olan gün o, Rusiyaya gedəcəkmiş. Bu zaman onun anası qarşısını kəsib bildirib: “Sən gedəndən sonra Azər və gəlinim məni döyüb, söyəcək”.

 

Bundan sonra Azad Rəşizadə qardaşı ilə mübahisə edib. Nəticədə qətl törədilib.

 


LENT

18 Yanvar 2017

Digər xəbərlər >>>