Slavyan Universitetindən Milli Qəhrəmanla bağlı məsələyə MÜNASİBƏT - YENİLƏNİB

Bakı Slavyan Universiteti Milli Qəhrəman Məhəmməd Həsənovun tədris binasına buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Universitetdən Lent.az-a bildirilib ki, M.Həsənov universitetə gələrkən ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edilib. Lakin Milli Qəhrəmanın üzərində hər hansı sənəd olmayıb: "Biz ona universitetdən tanıdığı bir şəxslə əlaqə saxlamasını və həmin şəxslə birgə binaya daxil olmasını xahiş etdik. Bu mümkün olmadıqda isə öz əməkdaşlarımızdan birinin M.Həsənovu müşayət etməsini təklif etdik. Lakin o, bizim təklifləri qəıbul etmədi və getdi".

 

*****

 

10:41

 

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.  

 

Lent.az-ın Modern.az saytına istinadən xəbərinə görə, bu barədə Məhəmməd Həsənov özü məlumat  verib. 

 

O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş. 

 

“Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.

 

”Qəbul etməyin, çıxıb  getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam,  mənimlə  insafsızcasına rəftar etdilər”. 

 

Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini istisna etməyib.

 

“Bir neçə il bundan qabaq universitet tərəfindən bir kitab nəşr olunmuşdu. Kitabın bir hissəsi  mənim Milli Qəhrəmanlığımdan bəhs edir. O kitabı gətirib özlərinə qaytaracam. Bir universitet ki, öz Milli Qəhrəmanına bu cür hörmət edir, ona nə deyə bilərəm ki!.  Amma bu məsələni bu cür də qoymayacam. Dəfələrlə təhsil naziri Mikayıl Cabbarovla görüşümüz olub. Məhz bu cür kobud münasibətə görə universitetlə bağlı  Mikayıl Cabbarova şikayət edəcəm”.

 

LENT

23 İyun 2017

Digər xəbərlər >>>