Sizin link burada

Rusiyada yaşayan ata müraciət etdi, Lent.az 6 yaşlı qızını tapdı - HEKAYƏT

O, indi uşağının ümumiyyətlə harada olmasından belə xəbərsizdir

“Mən balamı axtarıram, yeganə qızımı. Onu tapmaqda mənə kömək edin, lütfən”. Bu gün Lent.az-ın elektron poçtuna gələn bu məktubun sahibi Qusar rayonu Piral kənd sakini Babaxayev Cavad Salaməddin oğludur. Cavad Rusiyanın Novorossiysk şəhərində yaşayır. Rusiyada tikintilərdə fəhləlik edir. İllər öncə Qusar rayonu Düztahir kənd sakini, hazırda 27 yaşı olan Gülnazla ailə həyatı qurub. Cütlüyün Dinara adlı qızları dünyaya gəlib. Amma uşaq körpəykən onlar ayrılıblar. Gülnaz Düztahir kəndinə qayıdıb. Uşağı anasına verərək… gedib. Neçə ildir qızıyla əlaqə yarada bilməyib Cavad. Uşağı ondan gizlədiblər. İndi uşağının ümumiyyətlə harada olmasından belə xəbərsizdir.

 

C.Babaxayev bildirib ki, qızını sonuncu dəfə 5 il əvvəl görüb. 2 il öncə isə bir qohumu vasitəsilə onunla telefonla danışa bilib.

 

Lent.az-ın əməkdaşı Qusar rayonun Düztahir kəndiylə əlaqə saxlayıb. Kənd icra nümayəndəsi Rövşən Seyidov əməkdaşımızla söhbətində bildirib ki, 6 yaşlı Dinara bu kənddə, nənəsinin yanında qalır: “Dinara hazırda Düztahir kənd orta məktəbinin 2-ci sinif şagirdidir. O, nənəsi Tamillanın yanında qalır. Anası Gülnaz isə kənddə yaşamır”.

 

Bəs atasının onu axtarmasından Dinaranın xəbəri varmı? Dinaranın nənəsi Tamilla xanım Lent.az-ın əməkdaşıyla söhbətində bildirib ki, nəvəsinə 3 ildir o, özü baxır.


“Qızım Bakıda işləyir. Bir əli də uşağının üstündədir. Nə qazanır, bizə göndərir. Atası isə Dinarayla heç maraqlanmayıb. Rusiyada evlənib, orada iki uşağı var. İndi də deyir ki, qızımı axtarıram. Necə axtarır ki, tapa bilmir?! Kəndi tanımır, ya evimizi? Yalan danışır. Uşağa mən baxıram, nəvəmdi, ölənəcən də baxacam. O adam yalan deyir, qızımdan rəsmən boşanmayıb. Boşasaydı, yazıq heç olmasa ərə gedərdi, nə yaşı var ki?!”

 

Bu məqamdan sonra biz yenidən Cavadla əlaqə saxladıq. O, uşağının Düztahirdə olmasına, tapılmasına sevindiyini bildirdi. Onu da etiraf etdi ki, həqiqətən də Rusiyada qeyri-rəsmi nikaha girib və iki uşağı var: “Amma mən balamı da saxlamaq iqtidarındayam. Bəzi problemlərim vardı, Bakıya gələ bilmirdim. Amma qızımın martda ad günüdür. Mütləq gələcəyəm. Və onu özümlə aparmaq istəyirəm. O ki qaldı Gülnazla nikahımıza, biz boşanmışıq”.

 

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>