Stadionsuz qalan sənaye şəhəri - REPORTAJ

Şirvan şəhərində 12 il əvvəl tikintisinə başlanan və 10 minə qədər tamaşaçı tutumu olan futbol stadionu, mini və qış idman meydançaları kimi nəzərdə tutulan böyük idman kompleksinin inşası yarımçıq qalıb.
 
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, adı çəkilən bu idman infrastrukturuna milyonlarla manat xərc çəkilsə də, işlərin yarımçıq saxlanılması nəticəsində obyekt fiziki aşınmaya məruz qalıb. Əlaqədar qurumlar isə yaranmış mənzərəyə laqeyd qalmaqda davam edirlər.
 
Stadionun olmaması Şirvan şəhərinin “Energetik” futbol komandasının yenidən bərpasına da mane olur. Əvvəllər mövcud olmuş stadion həm də bu klubun bazası kimi fəaliyyət göstərirdi. Futbol ənənəsi olan şəhərin yeniyetmələri 1978 və 1985-ci illərdə SSRİ çempionu adını, eləcə də “Dəri Top” kubokunu qazanıb. Amma bu gün Şirvanın futbol komandası yoxdur. 1980-ci ildə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olan "Energetik" adı ilə tanınan futbol komandası da indi mövcud deyil.
 
2004-cü ildə Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi tərəfindən tikintisinə başlanan Şirvan şəhər stadionunda işlər 2008-ci ilin sentyabr ayından dayandırılıb və  bunun səbəbləri məlum deyil. Stadionun tərkibinə daxil olan 2 mərtəbəli mehmanxana isə demək olar ki, hazırdır.
 
Şirvan Şəhər İcra Hakimiyyəti bildirir ki, məsələnin həlli üçün tikintini həyata keçirən  Dövlət Neft Şirkətinə bir neçə dəfə yazılı müraciət edilsə də, verilən cavablarda konkret səbəb göstərilməyib. Bu barədə Gənclər və İdman Nazirliyinə də müraciət edilib.
 
Kadrlarda gördüyünüz bu obyekt yarımçıq qalmış Şirvan şəhər stadionudur. Tikintisi başa çatsa, əzəmətli futbol stadionu kimi fəaliyyət göstərəcək. Pis-yaxşı köhnə var idi və orada futbol da oynayırdılar. Köhnəni sökdülər, yenisini isə tamamlamadılar. Məhəllə səviyyəsində oynanılan futbol professional səviyyəyə qalxa bilmir. Çünki yaşıl örtüklü stadion və klub üçün baza yoxdur.
 
Uzun müddət “Energetik” futbol klubunda oynayan və klubun baş məşqçisi kimi çalışan əməkdar məşqçi Ramiz Hacıyev yaranmış vəziyyət haqqında ürək ağrısı ilə danışıb.
 
Qeyd edək ki, stadionun tikintisini başa çatdırmaq üçün yerli qurumların maliyyə imkanları məhduddur.

LENT

23 May 2017

Digər xəbərlər >>>