Sizin link burada

2016-cı ildə Azərbaycanda neçə ton qan tədarük edilib? - RƏSMİ

 

Ötən il ərzində ölkə ərazisində 36 367 litr qan tədarük edilib.

 

Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Qan Bankının müavini Namirə Abbasova bu gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilmiş  hesabat xarakterli tədbirdə deyib.

 

 

N.Abbasovanın sözlərinə görə, ötən il ərzində Aşura günü 4 141 nəfər qan verib, tədarük edilən qanın miqdarı isə 1863,8 litr olub.

 

2016-cı ildə Mərkəzi Qan Bankı üzrə 44 393 nəfərin qan verərək donorluq etdiyini deyən N.Abbasova vurğulayıb ki, bu qanlardan 17 952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7 324 vahid eritrosit kütləsi və 4 062 vahid TDP isə Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan xəstələrə buraxılıb: “2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6% artaraq 75 184 nəfər olub ki, bu rəqəmin də təxminən 54,5%-i bankın donorlarının payına düşür. Yəni 40 972 nəfər donor MQB-na qan verib”.

 

2016-cı ildə respublika üzrə 11 ay ərzində 76 692 nəfərin donorluq etdiyini deyən N.Abbasova deyib ki, donor sayının artması ilə bağlı tədarük olunan qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım edilib: “Respublika üzrə 2010-cu ildə 21 ton 131 lit tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 73,2% artaraq 36 ton 598 litrə kimi yüksəlib”.

 

N.Abbasova qeyd edib ki,  ölkə əhalisinin sağlamlığının və xəstəliklərinin regional xüsusiyyətləri, monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi istiqamətində  2 problem üzrə elmi-tədqiqat işləri aparılıb: “Bunlara Azərbaycanda hemoblastozlar və hemoqlobinopatiyalar (epidemiologiya, diaqnostika, müalicə və profilaktikası) və Azərbaycanda əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsi daxildir”.

 

Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunduğnu qeyd edən Qan Bankının əməkdaşının dediyinə görə, xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin edilib: “  Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanıb. Görülən tədbirlər talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına gətirib çıxarıb”. 

 

LENT

18 Oktyabr 2017

Digər xəbərlər >>>