İlham Əliyev: “Bakı daxmalardan, “naxolstroy”lardan təmizlənəcək”

“Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. İndi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq”.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə,   Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

Dövlət başçısı tikinti materialları sektorunun canlanacağını qeyd edib: “Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olub. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək”.

 

“Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq”, - deyə prezident qeyd edib.

 

Dövlət başçısı digər inşaat layihələrinə toxunaraq,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsinin başa çatdırıldığını qeyd edib: “O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.

 

Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək”.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>