QMİ rəsmiləri İran səfirliyini ziyarət ediblər

Yanvarın 10-da Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib. Lent.az QMİ-nin saytına istinadən xəbər verir ki, rəsmilər İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı diplomatik korpusun əməkdaşlarına başsağlığı veriblər.

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə başsağlığı ziyarəti üçün QMİ rəsmilərinə minnətdarlığını bildirib. Səfir mərhum Rəfsancaninin prezidentliyi dövründə iki qonşu və qardaş ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, sabiq prezident Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi, regionda sabitliyin bərpası üçün daim səy göstərib.

İranlı diplomat Heydər Əliyevlə Əlin Əkbər Haşimi Rəfsancani arasındakı dostluq münasibətlərini xatırladıb, bildirib ki, məhz bu iki müdrik dövlət xadiminin birgə səyləri nəticəsində Naxçıvan Muxtar Respublikasına maddi və mənəvi yardım göstərilib.

QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri başda olmaqla Azərbaycan müsəlmanlarının başsağlığını mərhumun ailəsinə, yaxınlarına və bütün İran xalqına  çatdırmağı səfirdən xahiş edib. Müfti Salman Musayev İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsancanini müdrik dövlət və din xadimi kimi səciyyələndirib, ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərini yüksək dəyərləndirib. QMİ rəsmisi mərhumun dövlət rəhbəri kimi Azərbaycana səfərini, Təzəpir məscidini ziyarəti zamanı dindarlarla görüşünü xatırladıb.

Sonda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev səfirlikdə Rəfsancaninin vəfati ilə bağlı açılan “Xatirə kitabı”ı imzalayıb.

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>