Məşum qəza, 29 illik əmək və ... qolsuz qələbə - REPORTAJ

 

Hər iki qolunu itirdiyi bədbəxt hadisə baş verəndə onun cəmi 28 yaşı vardı. Toyuna hazırlaşırdı. Neftçala Yod-Brom Zavodunda mühəndis-elektrik işləyən Nazimi “tok” vurması xəbəri Əliyevlər ailəsinin bayramını qaraya bürüyür.

 

Nazim Əliqulu oğlu Əliyev 1955-ci il iyulun 3-də Neftçalanın Həsənabad qəsəbəsində dünyaya gəlib. 1973-cü ildə indiki Neft Akademiyasına qəbul olub. Ordan məzun olan N. Əliyev təyinatla Tatarıstan Muxtar Respublikasına göndərilir. 3 il orda işlədikdən sonra Neftçalaya qayıdır və Neftçala Yod-Brom Zavodunda mühəndis-elektrik işləməyə başlayır. Ta 1983-cü il, martın 2-nə qədər.  

 

 

- Qəza nəticəsində sağ qolum dirsəkdən aşağı, sol qolum isə dirsəkdən yuxarı kəsilib. Bakıda yuxarı ətraf protezlərinin hazırlanması sıfır vəziyyətində idi. Bizim zavod Minvod Yod Brom Zavoduna baxırdı. Mən “tok”a düşən vaxt Minvod Yod Brom Zavodundan  nümayəndələr vardı. Onlar mənim düşdüyüm yerə baxdılar və belə qərara gəldilər ki, hansı ölkədə olursa-olsun, mənə ən yaxşı protezi düzəltdirsinlər. Məni göndərdilər Leninqrada (indiki Sankt-Peterburq). Leninqraddakı bu mərkəz 15 sovet respublikası  arasında yuxarı ətraf protezlərini hazırlayan baş institut idi. Orda bir müddət müalicə aldım. Amputasiya səviyyəm yaxşı vəziyyətdə deyildi. Onları düzəltdilər. 8-9 ay keçdi. O müddətdə protez düzəldənlərin yanına gedib-gəlirdim. Elə oldu ki, Leninqradda bir az da qalası oldum. Ali təhsilliydim, rus dilini də bilirdim deyə, qavramaq daha asan oldu. İşin incəliklərini öyrənmək üçün.

 

 

Öyrənir də. 1988-ci il, mayın 19-da indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) işə başlayır. Protez-ortopedik məmulatların mexaniki kimi. Yuxarı ətrafların protez-ortezlərini hazırlayır.

 

 

POBM əlillərə protez-ortopedik bərpa xidməti göstərən tibbi-sosial yönümlü istehsalat müəssisəsidir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzin mürəkkəb protezləşdirmə stasionarında əlillərin amputasiya olunmuş aşağı və yuxarı ətraflarının ilkin və atipik protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlillərin protezə adaptasiyası, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə bərpa-müalicəsi həyata keçirilir.

 

 

Usta deyir, amputasiyadan 4-5 ay sonra protez qoyulmalıdır. Bu müddətin uzanması insanın xeyrinə deyil.

 

 

- Çünki zaman öz işini görür. Nə qədər tez qoyulsa, o qədər məqsədəuyğundur. İnsanda şərti refleks korlanmır. İnsan qəlbən hiss eləmir ki, əli yoxdu. Zaman ötdükcə, qəbul edir. Qollarım amputasiya olduqdan 10-15 gün keçmişdi. Qardaşım yemək yedizdirirdi. Qolum sarğıda idi. Deyirdim, qaşığı bintin arasına qoy, yeməyi özüm yeyim.

 

Şəkidən bir uşaq vardı. Protez düzəltdim, yola saldım. Səhəri gün əlində alma yeyə-yeyə gəlmişdi. Onda balaca uşaq idi. İndi yekə kişidi. 20-25 yaşlı adamlara nisbətən uşaqlar protezə daha tez öyrəşir. İnsan tanıyıram, 8 aydı qolu amputasiya olub, siqaretini arvadı yandırıb qoyur ağzına. Deyirəm, nolub? Adam bir yol tapıb öz işini özü görməlidir. Adam var, 10 ildi protez taxır. Soruşuram, üzünü özün qırxırsan? Deyir, yox, yoldaşım. Deyirəm, niyə özün etmirsən? Deyir, bəs arvadı nə üçün almışam?! Başa salıram ki, söhbət arvad almaqdan getmir. Kişisənsə, arvada niyə əziyyət verəsən ki?! Üzqırxan al gətir, mən sənə başa salım, özün qırx. İnsan gərək mübariz ola. İnanmıram ki, Azərbaycanda kimsə mənim qədər əməliyyat oluna. Düz 12 dəfə bıçaq altına girmişəm.

 

 

Keçirdiyi bu qədər əməliyyat və qəzaya rəğmən qarşımda güclü, həyatından razı, pozitiv insan əyləşib.

 

 

- 28 yaşımda evlənəcəkdim, 34 yaşımda evləndim. O zaman evləndim ki, ailəmi tam saxlaya bildim. Kimsəyə möhtac olmadan. Nə qardaşa, nə dövlətə. Qızım Qafqaz Universitetini bitirib, oğlum Kooperasiya Universitetini. İki nəvəm var. Biri 5 yaşında, digəri 11 aylıqdı. Çox şükür, həyatımdan narazı deyiləm! Alnıma nə yazılıbsa, o da olub. Həyat mübarizəni sevir. Çalışıb aciz olmayasan. Vuruşqan olasan. Adam var, şalvarını dizə qədər çırmayıb, yolda dilənir. Gələn ilin mayında burda əmək fəaliyyətimin 29 ili tamam olacaq. Bizim hazırladığımız protezlər başqa ölkələrdə hazırlanan protezlərdən üstündür. Hansı xəstəyə nə düzələcək, necə düzələcək, onu yaxşı bilirəm. Bizə müraciət edən heç bir xəstəni geri qaytarmamışıq ki, sənə protez düzəldə bilmərik. Əlini, ya ayağını itirən adam həddindən artıq stress keçirir. Həyatla barışmaq istəmir. Özünə qapanır, evdən bayıra çıxmaq istəmir. Gəlib burda mənim protezlərlə necə cəld davrandığımı görəndən sonra 180 dərəcə dəyişirlər.

 

 

Və əlinə qələm alıb, başlayır yazmağa. Hərfləri muncuq kimi ard-arda düzür. Sonra bir göz qırpımında işlək protezlərini çıxarıb, iş protezlərini taxır.

 

 

- Protez öz-özünə işləmir. Protezi sən işlətməlisən. Ətraf insanların düşüncəsi məni narahat eləmir. Kollektivdə toy da olur, yas da. Hamının toyunda oynayıram. Çünki mənim də toyumda oynayıblar. İctimai nəqliyyatda mənə yer verəndə deyirəm, otur, qalxma. Əgər mən özümü tuta bilirəmsə, niyə kimdənsə kömək qəbul etməliyəm?! İnsanların əlillərə yazıq kimi baxmaları mənə çatmır. Bizimkilər ayaq protezi geyinəndə üstünü “qubka”ladırlar ki, protez olduğu bilinməsin. Amma Rusiyada, ya başqa ölkələrdə belə deyil. Ayaq protezini geyinib, eləcə də gəzirlər. Heç kim də baxmır.

 

 

Protezlər qəliz hazırlanma prosesi keçir.

 

- Aya 10-12 protez hazırlayıram. Bu iş məni qane edir. İnsanların sevinci mənə bəs edir. Bütün yaranmışlar bir gün ölür. Onu bilirəm ki, mən öləndən sonra protezlərini düzəltdiyim insanlar 10 il mənə rəhmət oxuyacaqlar.

 

 

Hazırda müasir texnologiya əsasında əlillər üçün protez-ortopedik məmulatlar istehsal olunur. Bundan başqa mərkəzdə ortez, korset, ortopedik ayaqqabı və s. reabilitasiya məmulatları da istehsal olunur. Mərkəzin direktoru Asif Məcidovun sözlərinə görə, bu ilin son 11 ayı ərzində mərkəzə 14 minə yaxın müraciət daxil olub. Onlardan 891 nəfəri aşağı ətraf protezi, 1178 nəfəri aşağı ətraf ortezi, 703 nəfəri bel nahiyəsi korseti, 14 nəfəri boyun nahiyəsi korseti, 320 nəfəri süd vəzi protezi, 110 nəfəri yuxarı ətraf ortezi, 174 nəfəri yuxarı ətraf protezi, 3111 nəfər isə protez ayaqqabı üçün müraciət edib. Mərkəzdə həmçinin, ortopedik ayaqqabılar da istehsal olunur. 11 ay ərzində 4600 nəfər ortopedik ayaqqabı üçün müraciət edib.

 

 

- Qadınlar kişilərə nisbətən kaprizlidir. Tutaq ki, qadının barmağı nazik və uzundu, ancaq aldığımız yarımfabrikat elə deyil. Standart ölçülərdədi. Ya tələb edirlər protezin üzünün dərisi eyni ilə öz əlinki kimi olsun. Elə olmur axı...

 

 

Sonra protezlərini qabağa uzadıb, deyir:

 

 

- Baxın, əlimin biri ağdı, digəri qara. Qadınlarla bu problemi yaşayırıq. Yəqin ki, yaşayacağıq da (gülür).

 

 

Artıq  mərkəzdə silikon içliklə aşağı ətraf protezləri də hazırlanır. Eyni zamanda müasir tələblərə cavab verən yuxarı ətraf myo protezlərin hazırlanması istiqamətində də işlər görülür. Müasir texnologiyaların mərkəzin istehsalat sahəsinə tətbiq edilməsi məqsədi ilə xarici dövlətlərdən mütəmadi olaraq mütəxəssislər dəvət olunur. Bud protezlərinin qiyməti təqribən 1500-2000 manat, baldır protezlərinin qiyməti isə 900-1200 manat arasında dəyişir. Hər bir protez  fərdi qaydada hazırlanır. Protezlərə adaptasiya olunması insanın özündən asılıdır. Gənclər daha tez adaptasiya olunurlar. Yaşlı insanlarda bu proses bir az ləng gedir.

LENT

25 Sentyabr 2017

Digər xəbərlər >>>