“Yeni mövsümdə daha iddialı olacam” - Milad Beiqi Harçeqani

Azərbaycan millisinin taekvondoçusu Milad Beiqi Harçeqaninin (80 kq) apasport.az saytına müsahibəsi

 

- Daha bir il tarixin yaddaşına qovuşdu. 2016-ci ilə boylansaz, nəticələrinizi necə qiymətləndirərdiz?

- 2016-cı il mənim üçün uğurlu alındı. İştirak etdiyim yarışlarda nəticələrim yaxşı oldu. Bütün turnirlərdən qızıl medal götürdüm. Bu siyahıda yalnız Rio-de-Janeyro Olimpiadası istisna təşkil etdi ki, həmin yarışda da 3-cü yeri tutdum. Ümid edirəm ki, yeni mövsümdə daha iddialı olacam.

 

- Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov “apasport”a müsahibəsində bildirmişdi ki, Harçeqani səviyyəsindən asılı olmayaraq bütün yarışlarda çempionluğa köklənir. Sizin üçün beynəlxalq turnirlə dünya çempionatı eynidi?

- Bəli. Mən hər bir yarış üçün əziyyət çəkib, hazırlaşıram. Bu səbəbdən də nəticə istəyirəm. Səviyyəsindən asılı olmayaraq, hər bir turnirə medal üçün yollanıram.

 

- Bəs arxada qalan ili taekvondoçularımız üçün necə qiymətləndirərdiz? Bu qələbələrində baş məşqçi Reza Mehmandostun rolu barədə nə deyə bilərsiz?

- İl komandamız üçün da uğurla başa çatdı. Olimpiadada, komandalararası dünya çempionatında gözəl nəticələr qazandıq. Təbii ki, bu uğurlarda Reza Mehmandostun payı böyükdü. O, ən yaxşı məşqçidi və bizə çox kömək edir. Bu səbəbdən də nəticələrimiz də yaxşı olur. Olimpiadadan sonra bir qədər yorğunluq var. İlin sonunda Bakıda keçirilən Qran-pridə də bu özünü göstərdi. Məşqçimiz hər bir idmançıdan nəticə gəzləyirdi. Yalnız mən qızıl medal götürdüm. Bu yorğunluq bütün komandalarda olur.

 

- Bəlkə hansısa çəkilərdə dəyişikliyə ehtiyac var?

- Yığmada bütün çəkilərdə güclü idmançılar var. İnşallah, bir qədər vaxt keçdikdən hər biri lazımı təcrübə toplayıb, öz sözünü deyəcək.

 

- Yanvarın 20-21-də Azərbaycan çempionatı keçiriləcək. Maraqlıdı, bu yarışda çəki dərəcənizdə sizlə döyüşməyə hazır olan rəqib görürsüzmü?

- Bəli. Amma adlarını dəqiq deyə bilməyəcəm.

 

- Yəqin ki, bu çempionatda olmayacaqsız. Çünki Olimpiya mükafatçılarına yarış öncəsi istirahət veriləcəyi bildirilirdi...

- Əgər Reza Mehmandost məsləhət bilsə, çıxıb döyüşərəm. Bunda hansısa problem görmürəm. Hər şey müəllimimin istəyindən asılıdı.

 

- Yeni ildən gözləntiləriniz nədi?

- Əvvəlcədən nəsə deməyi xoşlamıram. Deyə bilərəm ki, ən yaxşı nəticələri göstərməyə çalışacağıq. 

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>