Sevişməyə pis baxan nazirlik

 

Bu saat camaatın isti qucaq axtaran vaxtıdı. Havaların soyuyan vaxtı, vallah, hərəyə bir isti qucaq lazımdı ki, girib qızışsın. Nə qaz pulu xərci var, nə işıq pulu. İsti qucaq – bu saatı havayı “otoplenie”di.

 

Di gəl, Mədəniyyət və Turizm Nazirliyi imkan vermir. Dirəşiblər ki, yox e, sən isti qucaqda havayı qızına bilməzsən, işıq pulu, qaz pulu ödəməlisən hökmən. Necə? İzah edim.

 

Dünən isti qucağa sahib bir dostumuz yazıb ki, onun başqa bir dostu Fransadan olan başqa iki dostuna Bakıdakı otellərdən birində nömrə sifariş edib. Oteldən zəng edib soruşublar ki, bəs, həmin fransız qonaqlar otaqda qucaqlaşacaqlar? Dayan açıq yazım e: oteldən zəng edib soruşublar ki, bəs, həmin fransız qonaqlar otaqda sevişəcəklər? Sevişəcəklərsə, bizim qayda-qanunumuz var.

 

Oxuyandan sonra ha fikirləşdim ki, bizdə sevişməklə bağlı oteldə nə qayda-qanunu var? Fikirləşdim ki, yəqin, otel rəhbərliyinin tapşırığı ilə şam tutulacaq. Ki otelin işıq pul-qaz pulu çox yazmasın. Başqa da ağlıma heç nə gəlmədi.

 

Bu şam işi bir qırağa, ancaq Bakının mərkəzində, a kişi, Bakının mərkəzi deyirəm e, sənə, Qafqazın paytaxtı, parlayan ulduzu, son 20 ildə ən inkişaf edən şəhər olan Bakının mərkəzində yerləşən oteldə yaradılış etibarilə sevişmək və qucaqlaşmaq kimi təbii reflekslərə sahib olan insanlara bu şeyləri qadağan edirlər. “Bizim qayda-qanunumuz var”. Gözünə girsin əlindəki şam.

 

Allah heç qoymasa, bu böhranlı, qarlı-boranlı, ucuz neftli, bahalı qazlı illərdə ölkəmizi turizm mərkəzinə çevirmək arzumuz var. O otel sahibinin əlindəki şamla?

 

Dövlət Turizmin İnkişafı ilə bağlı xüsusi proqram hazırlayır. Bakının mərkəzində isə turistləri sevişməyə qoymurlar. Məni keç e, mən onsuz da zülm çəkirəm. Heç olmasa, imkan ver, turistlər sevişsin də.

 

Ay Mədəniyyət və Turizm Nazirliyi, huuuyyyyy!!! Eşidirsiniz? İmkan verin, şərait yaradın, ölkədə heç olmasa, turistlər sevişə bilsin. O şamları tullayın. Başqa yerdə yandırın. Yengəlik peşəsinin təmsilçilərinə otel açmağa icazə verməyin. Ay nazirlik, huuuyyy!!!

 

Belə problem şəhərin tanınmış, brend hesab olunan otellərində yoxdur. Ancaq hansısa hacı bir bina tikib başına otel yazdırır, sonra gələn turistə deyir, kəbin kağızı ver. Ay hacı, o fransızın 10 ildi vətəndaş nikahında çıxmadığı oyun qalmayıb e, sən niyə imkan vermirsən, camaat isti qucağa girsin?!

 

Bakının mərkəzində yerləşən 1,2,3,4 ulduzlu otellərin əksəriyyətində bu “qayda-qanun” dedikləri biabırçılıq var. Elə bil, bura Tehrandı, bunlar da əxlaq polisləri. Otelə yanında qadın girən hamıdan nikah şəhadətnaməsi istəyirlər. Mollabaşlar az qala, desinlər ki, otelə gələn hər cütlük yanında da bir molla gətirsin, elə orda siğə elətdirsinlər. Ya da elə yaxşı ideyadı. Bu mollabaşların ağlına batar. Otelin girişində bir molla oturtsunlar. O molla da xarici turistləri (elə yerliləri də) siğə etdirəndən sonra buraxsın otağa.

 

İndi siz təsəvvür edin, ölkənin ən inkişaf etmiş şəhərinin mərkəzindəki otellərin bəzilərində vəziyyət belədirsə, bölgələrdə fəaliyyət göstərən kiçik otellərdə necədir?! Cütlüksən? Evlisən? Deyilsənsə, zəhmət çək, bir az döz, evinə gedəndə sevişərsən. Bura sevişməyə gəlmisən, yoxsa gəzməyə? Azərbaycan səninçün nədi, bəyəm? Bizim öz qayda-qanunumuz var.

 

İşin başqa tərəfi də var ki, Bakıya gələn turistlər arasında ayrı-seçkilik edilir. Sənədli-sübutlu 4 arvadla otelə gələn ərəb qucaqlaşdıqca-qucaqlaşır, ancaq bir fağır fransız gənci adi bir fransız öpüşünə həsrət qalır. Dünya birliyi isə susur.

 

Bir daha rəsmilərə: Mədəniyyət və Turizm Nazirliyinin hörmətli səlahiyyətli şəxsləri, Bakıda otellərdə əlində şam turist gözləyən bu mollabaşlara, yengələrə mane olun. Ölkəni turistlərin üzünə açmaq istəyirsinizsə, imkan verin, kim kimlə, harda, necə istəyirsə, sevişsin.

 

Turistin gözünə qatıb, xalqımızın libidosu kəllə-çarxa vurmuş gənclərini də nəzərə alın. İmkan verin, gənclər, orta yaşlılar, qocalar istədiyi yerdə, istədiyi kimi zina eləsin. Gənclərin zina eləməsindən, vallah, yer üzündə heç kimə ziyan gəlməyib, sizə də gəlməz, ay nazirlik rəsmiləri.

 

Sloqanımız isə belədir: Yar yarını qucaqlasın, vur çatlasın, çal oynasın.

 

LENT

24 Fevral 2017

Digər xəbərlər >>>