Sizin link burada

Şaxta Baba və Qar Qız Bakı metrosunda - REPORTAJ

Yox, bu, adi Şaxta Baba və Qar Qız deyil, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev və qurumun marketinq şöbəsinin rəisi Lalə Babayevadır.
 
APA TV-nin xəbərinə görə, hər il olduğu kimi, bu ildə ənənələrinə sadiq qalan Bakı Metropoliteni balacaları sevindirib. Belə ki, metroya daxil olan uşaqlar sürprizlə qarşılaşıb. Onlara yeni il hədiyyələri təqdim olunub.
 
Daha sonra metronun "28 May" stansiyasından "Gənclik" istiqamətinə yol alan Şaxta Baba və Qar Qız böyüklər tərəfindən də maraqla qarşılanıb: "Çox sevindim, bir anlıq öz uşaqlığımı xatırladım. Çox sevindirici haldır ki, metroda Şaxta Baba və Qar Qızla rastlaşdıq. Çox gözəl xatirələr oyandı məndə. Təşkil edən hər kəsə təşəkkür edirik. İki balaca körpə övladım var. Bu hədiyyələri onlara verəcəyəm".
 
Şaxta Baba metropolitendə çalışan xanımları da yaddan çıxarmır, onlara hədiyyələr təqdim edir.
 
Metroda görənləri təəccübləndirən Şaxta Baba və Qar Qız onlarla şəkil çəkdirmək istəyənlərə də yox demirlər.
 
Nəsimi Paşayevin sözlərinə görə, bu sosial layihə metroda artıq ənənə halını alıb: "Ötən il Şaxta Baba və Qar Qız Yeni il bayramında metro stansiyalarını gəzdi, balaca sərnişinlərimizi təbrik etdi, onlarla müxtəlif əyləncələr təşkil etdi, şeirlər oxutdurdu və hədiyyələr payladı. Bu il də qərara gəldik ki, ənənəni pozmayaq. Bu gün və sabah Şaxta Baba və Qar Qız metronun stansiyalarını gəzəcək, bizim balaca sərnişinlərimizi sevindirəcək. Yeni ildə daha çox balacalar bu bayramı xüsusi qeyd edir. Biz də çalışırıq bu bayramda balacaları sevindirək, onlara öz hədiyyələrimiz təqdim edək".
 
Mətbuat katibi keçən il bu layihəni həyata keçirəndə bir az həyəcanlı olduğunu bildirsə də, bu il həyəcanının olmadığını deyir: "Keçən il bizim belə bir fikrimiz də var idi ki, mən şəxsən özüm stansiyaları gəzim, eyni zamanda sərnişinlərdə hər hansı bir təklif irad varsa, onu bildirək. Bir çox iradlar oldu, təkliflər oldu, bunlar hamısı rəhbərliyə çatdırıldı. Hətta sizə qeyd edim ki, bir nəfər xanım yaxınlaşdı, övladının işi ilə bağlı müraciət etdi, onun oğlu elə metropoliten ixtisası üzrə bitirmişdi. Həmin şəxsi bizə dəvət etdik, imtahana cəlb etdik, imtahandan uğurla keçdi və hazırda bizdə işləyir".
 
Təki yeni il hamımız üçün düşərli olsun. Bayramınız mübarək!

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>