Hələbdə atılan güllənin biri

 

Son vaxtlar   dünyada  tez-tez, özü də qəflətən, ağıla gəlməyən yerdən güllələr açılır, güllər açılır. Belə  güllənin  biri də  ötən  gün Ankara da açıldı, güllələr  dəyən kimi Rusiya səfirinin sinəsində güllər açıldı, özü də lalə rəngində.

 

Səfir sərgiyə baxırdı, həmin vaxt onun faciəli ölümünün  tablosu yeni bir sərgi salonu  yaratdı. Adətən  rəsmlər divardan asılır, səfirin tablosu isə yerə çəkildi, tamaşaçısı  isə bütün dünya oldu.

 

Bu tablonun müəllifi kimdi, hələ araşdırılacaq. Qatilin əlinə güllə fırçasını verən hansı kimdir, bilinəcək. Bu, öz yerində.

 

Mənə elə gəlir ki, sərgidə heç vaxt  güllə açılmazdı. Burada ancaq güllə tablolarda ola bilər, o da divardan asılar, adamlar da ona kənardan  baxar. Amma Rusiyanın  səfirinə  tabloların gözü qarşısında güllə açılırsa, deməli onda, hardasa, nədəsə   ciddi bir səhv olub.  Vəhşilik  ətrafı bürüyüb. Nizam-tərəzi pozulub. Sərgi salonunda insan öldürərlərmi? Tablolar niyə divardan sökülüb yerə tökülmədi görəsən? Canlı insan tablosuna baxıb niyə utanıb qızarmadılar heç?

 

Belə güllələr son vaxtlar tez-tez açılır, özü də ağla gəlməyən yerdən. Elə bir yerdən ki, xüsusi xidmət orqanları tüfəng lüləsi boyda açılmış  o boşluğu  görmür, görə bilmir və ya görmək istəmir. Həmin o boşluqdan  güllə  uçaraq asanlıqla  hədəfə dəyir.

 

 

Terrorizmə qarşı  dünyanının birgə səyi həmin boşluğu heç vaxt bağlaya bilmir. Bəzən güclü və kəsgin  mübarizə əzmi o boşluğu bağlayır,  amma  başqa bir yerdən ayrı bir boşluq açılır. Bu da xəbərimiz olmadan həyatın, dünyanın yaşam tərzi. Ölüm üçün də yer saxlamaq anlayışı.

 

Güllələr açılır, bəzən aşkar, bəzən gizli.  Bəzən səssiz, bəzən səsli. Hər halda ikisinin da  sonunda insan ölür.

 

Güllələr açılır, Suriyada, Qarabağda, Türkiyədə, Xəzərdə... Xəzərdə açılan güllənin səsi yox. Səhlənkarlıq da, hətta unutmağın özü də bir terrordur. O günü bir yanlışlıq, bir səhv, bir unutqanlıq Xəzərdə  gözlə görə bilmədiyimiz bir şırım açdı  və həmin  boşluqdan 10 nəfər neftçimiz Xəzərin soyuq  sularına qərq oldu.

 

Hələbdə yaralı  körpələri  həkimlər narkozsuz əməliyyat edirlər. Çünki  vaxt yoxdur. Yaralı çox, dərman yox, ölüm körpələrin alnına çöküb. Körpələr əməliyyat altında quran oxuyub Allahdan ağrılarının kəsməyini istəyirlər.  Dünya bu mənzərəyə necə tap gətirir, ilahi?!

 

Körpələrə dəyən güllələr hansı boşluqdan əsirdi, o boşluğu kim açmışdı,  bilən də var, bilən də yox. Bu müharibə ticarətinin yolu olan boşluğu  dünya bağlaya bilmir hələ də. Çünki  bu boşluğu  bir əl bağlayırsa,  başqa bir əl də ancaq onu açmaqla  məşğuldur. Çünki bu gün dünyada  müharibə qədər qazanc gətirən ikinci bir biznes yoxdur.

 

İnsanın hər tərəfində  ölüm gizlənir. Biz nə qədər onun qarşısını almağa çalışsaq da, o, özü üçün daha bir münasib yer seçir. Ağlımız gəlməyən  yerdən üstümüzə ayaq açır.

 

İnsan öldürməklə heç vaxt  qalib gəlmək olmaz.  Yalnız  mədəniyyətlə, incəsənətlə, sərgi salonloru ilə insan  qalib gələ bilər. Bəlkə də, Rusiyanın səfiri  elə bunu deməyə getmişdi.

O hardan biləydi ki, Hələbdə atılan güllənin biri bu saat sərgi salonuna girə bilər.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>